Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 138-cı ildönümü münasibətilə jurnalistlərin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov qarşıdan gələn 22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.YAP-ın Sədr müavini Əli Əhmədov bildirib ki, bu gün kütləvi informasiya vasitələri cəmiyyətin həyatında xüsusi yer tutur. Mətbuatın cəmiyyətin informasiya ehtiyacının ödənilməsi baxımından vacib rol oynadığını vurğulayan YAP sədrinin müavini qeyd edib ki, KİV cəmiyyətin səmərəli fəaliyyət göstərməsində də əhəmiyyətli funksiyaya malikdir.Son illər Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir: "Bu gün Azərbaycan sürətlə yeniləşir, müasirləşir. Prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasətin uğurları ölkəmizin bütün guşələrində müşahidə olunmaqdadır. Azərbaycanın dinamik inkişafı hər bir vətəndaşın həyatında hiss edilir. Dövlətimizin başlıca məqsədlərindən biri də budur ki, Azərbaycanın hər bir vətəndaşı daha yaxşı yaşasın, sosial rifahı daha da yüksəlsin. Təbii ki, bütün bunlar Azərbaycan reallıqlarıdır və mətbuatımız bu reallıqları obyektiv, qərəzsiz şəkildə ictimaiyyətə çatdırmalıdır".Azərbaycan dövlətinin mətbuatın inkişafına da xüsusi diqqət göstərdiyini vurğulayan Əli Əhmədovun sözlərinə görə, bu, bir tərəfdən həmin sahəyə qayğının göstəricisidirsə, digər tərəfdən də demokratik dəyərlərin cəmiyyətimizdə daha da dərinləşməsi istiqamətində atılan addımdır. Yeni Azərbaycan Partiyası kütləvi informasiya vasitələri ilə əlaqələrə böyük önəm verir: "YAP ölkəmizin ən aparıcı siyasi qüvvəsidir və böyük ictimai dəstəyə malikdir. YAP-ın qazandığı uğurların çoxsaylı səbəblərindən biri də onun fəaliyyətinin kütləvi informasiya vasitələri tərəfindən geniş ictimaiyyətə çatdırılmasıdır. Biz mətbuatla əlaqələrimizə xüsusi diqqət yetiririk. Milli Mətbuat Günü ilə bağlı keçirdiyimiz görüşlər isə artıq ənənəyə çevrilib".Oktyabr ayında keçiriləcək prezident seçkilərinə də toxunan YAP-ın Sədr müavini qeyd edib ki, hakim partiya V Qurultayında öz namizədini müəyyənləşdirib: "Bu gün Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir və onu növbəti dəfə prezident kimi görmək istəyir. İnsanların sosial rifahının, iqtisadiyyatın həcminin bir neçə dəfə artması məhz İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Bütün bunlar da bu və ya digər formada xalqın həyat rifahının yaxşılaşmasına təsir edib və xalq növbəti beş ildə də İlham Əliyevi prezident görmək istəyir".Daha sonra YAP sədrinin müavini Əli Əhmədov KİV nümayəndələrinə mükafatlar təqdim edib.
sia.az