İLHAM ƏLİYEV: "...BİZİM ÜÇÜN ƏN BÖYÜK SƏRVƏT, ƏN BÖYÜK DƏYƏR AZƏRBAYCAN VƏTƏNDAŞIDIR"
Azərbaycanda gedən davamlı inkişaf və tərəqqi bu gün özündə bütün sahələri əhatə etməkdədir. Əlbəttə ki, bütün bu uğurlar bilavasitə ölkədə aparılan məqsədyönlü siyasətin bariz nümunəsidir. Eyni zamanda, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən istiqamətləndirilməsi Onun mütərəqqi idarəçilik bazasına malik olduğunu göstərir. Əbəs yerə deyil ki, iyulun 19-da ölkə başçısı İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin müşavirəsində bütün bu uğurlar barədə geniş dəyərləndirilmələr aparıldı. Belə ki, dövlət başçısı İlham Əliyev xüsusilə vurğuladı ki, cari ilin altı ayı çox müsbət keçib, göstəricilər çox müsbətdir: "Hesab edirəm ki, Azərbaycanda iqtisadi artım bu il də dünya miqyasında nümunə ola bilər. Ümumi daxili məhsul 5 faiz artmışdır və ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz təxminən 11 faiz artmışdır. Bu, son illər ərzində Azərbaycanda görülmüş işlərin, düzgün aparılan iqtisadi islahatların nəticəsidir".
Qeyri-neft sektoru 11 faiz artmışdır
Bu ilin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bunun təxminən 7 milyard dolları daxili, 5 milyard dolları isə xarici sərmayədir: "Uzun illərdir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. Son altı ayda iqtisadiyyatımıza yatırılan 5 milyard dollar xarici sərmayə bunu bir daha təsdiqləyir. Hər bir ölkə üçün xarici investisiyalar önəmli rol oynayır . Özümüzün də kifayət qədər böyük maddi imkanlarımızın olmasına baxmayaraq, xarici investorların Azərbaycana olan inamı və xarici investisiyaların qoyuluşu ölkənin ümumi inkişafını əks etdirir".
Azərbaycanda özəl sektorun da investisiya imkanlarının artırdığını bildirən dövlət başçısı deyib: "Şübhə etmirəm ki, vaxt gələcək Azərbaycan iqtisadiyyatına yatırılan daxili investisiyaların böyük hissəsi özəl qurumlar tərəfindən qoyulacaqdır. Buna nail olmaq üçün, əlbəttə ki, özəl qurumlar daha da fəal işləməlidir, daha da böyük güc toplamalıdırlar. Dövlət isə öz tərəfindən onlara bütün lazımi dəstəyi göstərir".
Azərbaycanın həm də başqa ölkələrin iqtisadiyyatına sərmayə qoymağa başladığını bildirən Prezident bunun mühüm üstünlük olduğunu da vurğulayıb: "Son bir neçə il ərzində dünyanı, xüsusilə, Avropanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində xarici iqtisadiyyatlara qoyulan vəsait onu göstərir ki, biz doğrudan da, böyük imkanlara malikik. Biz özümüzü çox rahat hiss edirik. Əlbəttə ki, bizim iqtisadi imkanlarımız və siyasi addımlarımız bir-biri ilə bağlıdır və biz gələcəkdə xarici bazarlara nə qədər çox investisiya qoysaq, bölgədə və dünyada siyasi çəkimiz də o qədər artacaq".
Uğurlu islahatlar, müsbəi nəticələr
Ölkə Prezidenti İlham Əliyev çıxışı zamanı Azərbaycanda həyata keçirilən islahatlara toxunub: "Azərbaycanda aparılan islahatlar bir çox ölkələr üçün nümunə olmalıdır və deyə bilərəm ki, bir çox ölkələrdə Azərbaycanın təcrübəsi öyrənilir. Biz öz yolumuzla gedirik. İqtisadi və sosial inkişaf məsələlərini bir paketdə həll edirik. Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Əgər belə olmasaydı, əhalinin gəlirləri artmazdı. Əsaslı iqtisadi islahatlar bir sıra hallarda insanlara çox baha başa gəlir. İnsanlar əziyyət çəkirlər. Biz indi müxtəlif yerlərdə iqtisadiyyatı dirçəltmək, iqtisadi böhrandan çıxmaq üçün daha çox əhali hesabına atılan addımları görürük. İş yerləri ixtisar edilir, maaşlar kəsilir, iş günü uzadılır, pensiya həddi uzadılır. Yəni, bəzi hökumətlər öz iqtisadi vəziyyətini insanların hesabına sağlamlaşdırmaq istəyirlər. Bizdə isə iqtisadi islahatlar köklü xarakter daşıyırdı. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid yoluna qədəm qoymuşduq. Bu islahatlar güclü sosial siyasətlə də tamamlanır, dəstəklənir. Belə olan halda təsadüfi, deyil ki, hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artıb".
Dövlət başçısı, həmçinin, sosial məsələlərə də toxunaraq, altı ayda maaşların artdığını bildirib: "Bu gün Azərbaycanda orta əməkhaqqı 520 dollar səviyyəsindədir. Orta pensiya 200 dollar səviyyəsindədir. Gələn illərdə bu rəqəmlər artacaqdır. Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artırılacaqdır. Gələn illərdə də eyni siyasət aparılacaqdır. Bir daha demək istəyirəm ki, iqtisadi islahatlar çox güclü sosial siyasətlə dəstəklənməlidir. Hesab edirəm ki, ölkəmizin bu sahədə əldə etdiyi uğurlar nümunə ola bilər".
"Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gözəl səmərəsini verir"
Prezident İlham Əliyev müşavirədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizdən danışıb. Dövlət başçısı korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gözəl səmərə verdiyini bildirib: "Bunu həm ölkə əhalisi hiss edir, eyni zamanda, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bu yaxınlarda beynəlxalq təşkilatlar tərəfindən aparılan sorğu da onu göstərir ki, Azərbaycan əhalisi korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı atılan addımları alqışlayır".
Dövlət başçısı vurğulayıb ki, əhalinin təxminən 70 faizinin Azərbaycanda bu istiqamətdə çox ciddi və səmərəli mübarizə aparıldığını qəbul edir: "Deyə bilərəm ki, dünya miqyasında bu göstərici təxminən 20 faiz səviyyəsindədir. Azərbaycanda isə 70 faiz səviyyəsindədir. Yəni, budur göstərici və budur gördüyümüz işlərin əsas nəticəsi. Ona görə mən çox şadam ki, bu mübarizə öz səmərəsini verməkdədir. Hesab edirəm ki, biz daha da fəal olmalıyıq. Korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. Bir daha demək istəyirəm ki, cəza tədbirləri tətbiq olunur və tətbiq olunacaqdır. Eyni zamanda, inzibati tədbirlər və sistem xarakterli addımlar atılır və atılacaqdır. Onların içində, əlbəttə ki, elektron hökumət, elektron xidmətlər xüsusi yer tutur. "Asan xidmət"in fəaliyyətini mən xüsusi vurğulamaq istəyirəm. Qısa müddət ərzində əhali arasında böyük rəğbət qazanan bu xidmət öz fəaliyyətini genişləndirir. Mənim göstərişimlə orada göstərilən xidmətlərin sayı da artır. Gələcəkdə biz baxmalıyıq ki, orada qısa müddət ərzində toplanan təcrübəni biz başqa sahələrdə də necə tətbiq edə bilək. Biz bunu edəcəyik, bu, bizim seçdiyimiz yoldur. Eyni zamanda, əlbəttə ki, dövlət məmurlarının məsuliyyəti də bu məsələdə öz rolunu oynayır, oynamalıdır".
Dövlət başçısı qeyd edib ki, dövlət məmurlarının məsuliyyəti də bu məsələdə öz rolunu oynayır və oynamalıdır: "Hər bir dövlət məmuru korrupsiyaya qarşı çox ciddi mübarizə aparmalıdır. Hər idarə rəhbəri bu prinsipləri əsas tutmalıdır. Çünki Azərbaycanın sürətli inkişafı reallıqdır. Gələcəyimiz çox parlaqdır. Azərbaycan, bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir, mütləq bu, olacaqdır. Ona görə də biz bütün xoşagəlməz halları aradan götürməliyik və elə etməliyik ki, bu göstəriciyə görə də Azərbaycan dünyada qabaqcıl yerlərdə olsun".
"Son hərbi parad Azərbaycan Ordusunun qüdrətini bir daha göstərdi"
Prezident İlham Əliyev Azərbaycanda keçirilmiş hərbi paradla bağlı fikirlərini söylədi. Dövlət başçısı billdirdi ki, bu parad Azərbaycan Ordusunun gücünü göstərdi: "Paradda nümayiş etdirilən silah-sursat və texnika ən son modellərdir, ən güclü texnikadır. İstər helikopterlər, istər tanklar, zirehli maşınlar, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular, digər texnikalar bir daha göstərir ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Eyni zamanda, bu hərbi parad son illər ərzində ordu quruculuğu işində görülmüş işlərin hesabatı idi".
Prezident İlham Əliyev bildirdi ki, bu parad Ermənistanda böyük narahatlığa səbəb oldu: "Bu da təbiidir, çünki düşmən Azərbaycanın qüdrətini öz gözü ilə gördü və bir daha bildi ki, biz istənilən varianta hazırıq. Biz əldə etdiyimiz texnika ilə düşmənin istənilən nöqtəsini məhv etməyə qadirik. Paradda dediyim kimi, düşmənlə istənilən dildə danışa bilərik. Bütün siyasi və diplomatik səylərlə yanaşı, bizim hərbi gücümüz Dağlıq Qarabağ məsələsinin həllində həlledici rol oynayacaqdır.
Biz bundan sonra da hərbi qüdrətimizi artıracağıq, bundan sonra da ən müasir texnikanı alacağıq. Bildiyiniz kimi, bu texnikanın alınması ilə heç bir problem yoxdur. Biz müxtəlif ölkələrdən texnika alırıq, eyni zamanda, Azərbaycanda istehsal edirik. Bizimlə hərbi sahədə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır".
Dövlət başçısı onu da vurğuladı ki, keçirilən bu paraddan Ermənistan xalqı öz rəhbərliyindən qorxmalıdır: "Onların fəaliyyətindən qorxmalıdır. Qaniçən, gözü doymayan, korrupsiyaya uğramış, kriminal hakimiyyətdən qorxmalıdır ki, bu hakimiyyət onları bu vəziyyətə salıb. Bu hakimiyyətin fəaliyyəti nəticəsində hər il 100 minə qədər erməni öz ölkəsini həmişəlik tərk edir. Belə getsə, 5-6 ildən sonra orada 1 milyondan az əhali qalacaqdır. Bu günah bilavasitə Ermənistanın rəhbərliyi üzərinə düşür. Çünki onların işğalçı və yırtıcı siyasəti, onların qaniçən, gözü doymayan mahiyyəti Ermənistanı bax bu fəlakətə gətirib çıxarıbdır. Biz isə inamla qabağa gedirik. Biz güclü dövlətik. Bizim gücümüz getdikcə artacaqdır. Bu gücü daha da möhkəm etmək üçün biz daha da fəal işləməliyik".
RƏFİQƏ KAMALQIZI