"Bu gün cənab prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının yaranmasının 138-ci ildönümündə 156 nəfər jurnalisti yeni mənzillə təmin etməsi, dövlət başçısının binanın açılışında iştirakı və bundan əvvəl isə jurnalistlər qarşısında çıxış etməsi mətbuat tariximizin mühüm hadisələrindən biridir". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı ölkə başçısı İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğıdan danışarkən deyib.
Parlament üzvünün sözlərinə görə, Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunmuş yaşayış binasındakı mənzillərin açılış mərasimində ölkə başçısının iştirakı zamanı söylədiyi nitqdə Azərbaycanda söz, mətbuat azadlığından, senzuranın ləğvindən, jurnalistlərə göstərilən diqqət və qayğıdan danışılıb: "Eyni zamanda prezident İlham Əliyev burada Azərbaycan jurnalistikası ilə bağlı perspektivləri müəyyənləşdirdi. Hesab edirəm ki, jurnalistlərə mənzil verilməsi, həm də eyni vaxtda bu işin gerçəkləşdirilməsi, qürurverici hadisədir. Bu sevincli anda mən də iştirak etdim. Belə ki, orada yeni mənzillə təmin olunan jurnalistlərin özləri heç gözlərinə belə inanmırdı. Onları sevincdən qəhər boğmuşdu. Hətta orada yaşlı bir jurnalist söylədi ki, bundan sonra da dörd ömür yaşasaydı, heç vaxt mənzil ala bilməyəcəkdi. Bu mənzil alanlar içərisində müxalifət, iqtidaryönümlü bitərəf jurnalistlər də var. Bu onu göstərir ki, Azərbaycanda hər bir mətbuat orqanına eyni münasibət bəslənilir və burada heç bir ayrıseçkilik yoxdur".
M.Qasımlı deyib ki, bu gün Azərbaycan mətbuat tarixində həmçinin daha bir yeni hadisə də baş verib: "Belə ki, cənab prezident İlham Əliyev tərəfindən jurnalistlər üçün yeni bir binanın təməli qoyuldu: "Bu onu göstərdi ki, jurnalistlərə dövlət qayğısı bundan sonra da davam edəcək. Mən bu qədər geniş ürəyə, səxavətə, Azərbaycan mətbuatına qayğısına görə, dövlət başçısının əməyini yüksək qiymətləndirirəm".
sia.az