İyulun 22-də Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) Azərbaycan milli mətbuatının yaranmasının 138 illiyi münasibətilə tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən SMPDK-nın sədri Ramiz Həsənov azad mətbuatın formalaşmasının, inkişafının Azərbaycan dövlətinin siyasətinin tərkib hissəsi olduğunu demişdir. Bildirmişdir ki, vətəndaş cəmiyyəti quruculuğunda nailiyyətlər qazanmış ölkəmizdə medianın sərbəst fəaliyyətinin təmin edilməsi istiqamətində xeyli işlər görülmüşdür. Komitə sədri dövlət qurumları ilə medianın sıx əməkdaşlığının vacib məsələ olduğunu qeyd etmişdir.
Vurğulanmışdır ki, azad mətbuatın yaranması və inkişafı ulu öndər Heydər Əliyevin tarixi xidmətidir. 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya uyğun olaraq vətəndaşların qanuni yolla informasiya toplamaq, almaq, hazırlamaq, yayımlamaq hüququ dövlət təminatına əsaslanmışdır. Prezident İlham Əliyevin söz və mətbuat azadlığına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hazırda ölkəmizdə yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri fəaliyyət göstərir. Prezidentin sərəncamları ilə qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik yardım göstərilmiş, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan dondurulmuş borcları dövlət hesabına ödənilmişdir. "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanaraq təsdiq edilmiş, Azərbaycan Respublikasının Prezidenti yayında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır.
Həmçinin media nümayəndələrinin sosial təminatının gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yaşayış binası tikilib istifadəyə verilmişdir.
Sonda 22 iyul-Milli Mətbuat Günü münasibətilə bir sıra media qurumlarına diplomlar və hədiyyələr təqdim olunmuşdur.
Mükafatçılar sırasında Azərbaycan Dövlət Teleqraf Agentliyi -AzərTAc da vardır.
AzərTAc