Prezident İlham Əliyev: "Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır"
Məlum olduğu kimi iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Yuxarıda Cənab Prezidentin sitat olaraq verdiyimiz ifadəsi-"Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır"-həqiqətən də Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasəti əks etdirən tezislərdəndir. Müasir dövrdə inkişaf etmiş ölkələrdə və onların iqtisadi siyasət proqramlarında sosial siyasət strategiyası çox əhəmiyyətli yer tutur. Belə ki, inkişaf etmiş ölkələrdə sosial ədalət anlayışı çox şaxəli mahiyyət daşıyır. Bu sosial ədalət anlayışına istinad edən iqtisadi siyasət cəmiyyətin bütün təbəqələrinə şamil olunur. Məşhur amerikalı alim Con Roulsun "ədalət nəzəriyyəsi" əsərində cəmiyyəti piramidaya bənzədərək, iqtisadi gəlirlərin cəmiyyətin bütün təbəqələri arasında ədalətlə bölüşdürülməsinin vacibliyini arqumentlər ilə təqdim edir. Bu kontekstdə qeyd etməliyəm ki, Cənab Prezident İlham Əliyevin sosial ədalət anlayışına istinad edərək, Azərbaycanda çox şaxəli iqtisadi siyasət həyata keçirməsi uğurlu strateji xəttin nəticəsidir: "Biz öz yolumuzla gedirik. İqtisadi və sosial inkişaf məsələlərini bir paketdə həll edirik. Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Əgər belə olmasaydı, əhalinin gəlirləri artmazdı. Əsaslı iqtisadi islahatlar bir sıra hallarda insanlara çox baha başa gəlir. İnsanlar əziyyət çəkirlər. Biz indi müxtəlif yerlərdə iqtisadiyyatı dirçəltmək, iqtisadi böhrandan çıxmaq üçün daha çox əhali hesabına atılan addımları görürük. İş yerləri ixtisar edilir, maaşlar kəsilir, iş günü uzadılır, pensiya həddi uzadılır. Yəni, bəzi hökumətlər öz iqtisadi vəziyyətini insanların hesabına sağlamlaşdırmaq istəyirlər. Bizdə isə iqtisadi islahatlar köklü xarakter daşıyırdı. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid yoluna qədəm qoymuşduq. Bu islahatlar güclü sosial siyasətlə də tamamlanır, dəstəklənir. Belə olan halda təsadüfi deyil ki, hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artmışdır."
Uğurlu xarici siyasətin iqtisadi əsasları
Azərbaycan daxildə olduğu kimi artıq xaricdə də uğurlu iqtisadi siyasət həyat keçirən ölkə olaraq tanınmaqdadır. Belə ki, Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi Bakıda Davos İqtisadi Forumunun keçirilməsi və Azərbaycanın bu iqtisadi forumda uğurlu iştirakı əlamətdar hadisələrdəndir. Haqlı olaraq Cənab Prezident bu forumun eyni zamanda iqtisadi olduğu kimi siyasi mahiyyət daşıdığını da ifadə etməsi tətbiq olunan iqtisadi siyasətin mahiyyətini də açıqlayır.
Digər tətəfdən Cənab Prezident cox şaxəlilik prinsipini öz islahatlarında həyata keçirərək Azərbaycanda son dövrlərdə baş verən mötəbər beynəlxalq konfransların da əhəmiyyətini vurğulamaqdadır. Belə ki, bu beynəlxalq konfransların, eyni zamanda, ölkəmiz üçün iqtisadi önəmi də danılmazıdır: "Eyni zamanda, keçən rübdə Bakıda İkinci Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir ki, bu da Azərbaycanın humanitar sahədə, yəni, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün bir mərkəz kimi formalaşmasına öz xidmətini göstərmişdir. Bu, ikinci forumdur. Onu deməyə əsas verir ki, bu, artıq ənənəvi xarakter daşıyacaqdır. Azərbaycanda bu səpkidən olan tədbirlər vaxtaşırı keçirilir. Dünya Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, digər tədbirlər, dünya dinlərinin liderlərinin zirvə görüşləri keçirilmişdir. Yəni, ölkəmiz siyasi, iqtisadi və humanitar mərkəzə çevrilibdir. Dünyanın ən sürətli iqtisadiyyatı Azərbaycan iqtisadiyyatıdır. Dünyada ən dinamik inkişaf edən ölkə Azərbaycandır. Bu, reallıqdır və bu reallığı artıq bölgə ilə məşğul olan bütün qurumlar qəbul edir. Ancaq eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzu da böyük əhəmiyyətə malikdir. Biz bu nüfuzu qazanmışıq və bu nüfuzun nə qədər yüksək səviyyədə olmasının göstəricisi bizim hazırda BMT Təhlükəsizlik Şurasında üzvlüyümüzdür. Bu, dünya tərəfindən Azərbaycana verilən qiymətdir. Eyni zamanda, Azərbaycanda keçirilən yüksək səviyyəli, mötəbər beynəlxalq tədbirlər bizim beynəlxalq nüfuzumuzu daha da artırır. Beləliklə, hesab edirəm ki, keçən rübdə, bütövlükdə, son altı ayda bu məsələlərlə bağlı çox ciddi addımlar atılmışdır."
Təsadüfi deyil ki, iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən də İslam ölkələri arasında iqtisadi və siyasi əlaqələrin inkişafının gücləndirilməsindən bəhs etmişdir. Məhz Cənab Prezident Azərbaycanın bu sahədə də öz töhfələrini verdiyini vurğulamışdır: "Bütün bu məsələlər bizi daha da birləşdirir və İslam aləmində qarşılıqlı anlaşmanı gücləndirir. Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox sıx əlaqələri vardır. Ölkələrimiz dost, qardaş ölkələrdir. Mən çox şadam ki, müsəlman ölkələrinin səfirliklərinin sayı Azərbaycanda artır. Biz də öz növbəmizdə diplomatik nümayəndəliklərimizi də müsəlman ölkələrində artırırıq. Siyasi əlaqələr çox yüksək səviyyədədir. İqtisadi sahədə də inkişaf vardır. Ancaq hesab edirəm ki, gələcək illərdə iqtisadi sahədə əməkdaşlığa daha da böyük diqqət verilməlidir. Eyni zamanda, bizim ölkələrimiz beynəlxalq təşkilatlarda da uğurla fəaliyyət göstərirlər, bir-birinə dəstək olurlar. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı çərçivəsində bir-birini daim dəstəkləyibdir. İki il bundan əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsində də müsəlman ölkələrinin səyi çox əhəmiyyətli idi. Biz bu dəstəyə görə minnətdarıq" .
Nəticədə Cənab Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasət strategiyası Azərbaycanda bütün təbəqələrin tələblərinə cavab verir və davamlı olaraq inkişaf tempinə müvafiqliyi ilə seçilir. Məhz bu amil Prezident İlham Əliyevin sosial ədalət və siosial inkişafa istinad edən uğurlu siyasətinin nəticəsindədir.
Rəşad İlyasov,
fəlsəfə doktoru