Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etmişdir. Əvvəlcə dövlətimizin başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxdı. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısına məlumat verdi ki, 2 blokdan və 17 mərtəbədən ibarət binanın ümumi yaşayış sahəsi 17 min 600 kvadratmetrdir. Qeyd edildi ki, bina qısa müddətə və yüksək keyfiyyətlə inşa olunmuşdur. Ümumi sahəsi 22 min kvadratmetrə yaxın olan binanın həyətində geniş abadlıq-quruculuq işləri görülmüşdür. Həyətdə uşaq meydançası quraşdırılmış, müxtəlif attraksionlar qoyulmuşdur. Binanın 354 nömrəli elektron ATS-i, iki su anbarı vardır. Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi. Prezident öz nitqində bildirib ki, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir. Ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi: "Bu məqsədlə və eyni zamanda, öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda çalışmış jurnalistləri mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs ən məqbul yol idi. Mətbuat işçiləri ilə görüşlərimin birində jurnalistlər tərəfindən irəli sürülmüş bu təşəbbüsə dərhal dəstək verildi və qısa müddət ərzində belə gözəl, yaraşıqlı bina tikilmişdir. Əminəm ki, bu binanın ətrafında gələcəkdə böyük bir kompleks yaranacaqdır. Çünki binanın yerləşməsi də çox gözəldir, buradan Dövlət Bayrağına gözəl mənzərə açılır, bütün bu sahələr abadlaşacaq və burada yeni infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur. Bakı Art City, yəni, incəsənət şəhərciyi yaradılacaqdır. Böyük Su İdmanı Sarayı tikilir. Yəni, bu zonada bu binadan sonra tikinti-quruculuq işləri sürətlə gedəcək və əminəm ki, biz gələcəkdə belə mərasimlərdə sizinlə yenə görüşəcəyik. Bildiyiniz kimi, bu evdə mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar vardır. Bu da təbiidir və bu təşəbbüs, burada aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir və yol verilməməlidir. Məhz buna görə hesab edirəm ki, cəmiyyətdə çox sağlam mühit, sağlam ab-hava vardır. Əlbəttə ki, jurnalistlərin peşəkarlığı, onların ictimai rəydəki fəaliyyəti bu sağlam ab-havanı daha da sağlam edəcəkdir. Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilibdir. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Çünki senzura olan bir ölkədə azad mətbuatdan söhbət gedə bilməzdi. Hesab edirəm ki, məhz o gündən başlayaraq Azərbaycanda azad mətbuatın tam formalaşması başlamışdır və bu gün Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilir. Yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir, əlbəttə ki, senzuradan söhbət gedə bilməz. Azərbaycan, eyni zamanda, müasir texnologiyaların tətbiqində də öz sözünü deyir. Bildiyiniz kimi, bu gün internet jurnalistikası da çox sürətlə inkişaf edir, o cümlədən Azərbaycanda. Azərbaycanda internet tam azaddır.
İnternetin yayılması sürətlə gedir, dövlət proqramları icra edilir, o cümlədən Dövlət Neft Fondu tərəfindən genişzolaqlı internet xətlərinin hər bir şəhərə gətirilib çıxarılması layihəsi də icra ediləcəkdir. İnternet istifadəçilərinin sayı 70 faizdən çoxdur.
Belə olan halda əlbəttə, biz tam əminliklə deyə bilərik ki, Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin edilir. Bu, belə də olmalıdır. Çünki biz müasir dövlət qururuq, biz inkişaf etmiş ölkəyə çevrilməliyik və belə olan halda bütün meyarlar Azərbaycanda yüksək səviyyədə olmalıdır. İqtisadi, sosial və eyni zamanda, ictimai proseslərin gedişatı da mütərəqqi meyarlar üzərində qurulmalıdır. Azərbaycanda azad jurnalistikanın rolu çox böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcəkdir. Azərbaycanda demokratiyanın inkişafında böyük addımlar atılır, bütün azadlıqlar vardır - söz azadlığı, sərbəst toplaşmaq azadlığı. Bax bu yaxınlarda icazəli mitinqlərin keçirilməsi üçün yer nəzərdə tutulubdur və gələcəkdə jurnalistlərin bu mitinqləri işıqlandırması üçün böyük problem olmaz, balkondan müşahidə etmək olar. Azərbaycanda bütün digər azadlıqlar - vicdan azadlığı, din azadlığı tam təmin edilibdir. Beynəlxalq təşkilatlar Azərbaycanda bu sahədəki işlərə yüksək qiymət verirlər. Yəni, müasir dövlət prinsipləri elə olmalıdır ki, biz hər bir sahədə qabağa gedək, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edək və ölkəmizi inkişaf etdirək. Bu gün müstəqil Azərbaycan dövləti, sözün əsl mənasında hərtərəfli inkişaf edir və ictimai proseslərin müsbət istiqamətdə getməsi əlbəttə ki, bizim gücümüzü artırır.
Jurnalistlərin məsuliyyəti də əlbəttə ki, daim müzakirə mövzusudur. Xüsusilə azad mətbuat olan halda jurnalistlərin məsuliyyəti ön plana çıxır. Mən şadam ki, son illər ərzində bu istiqamətdə də müsbətə doğru irəliləyiş vardır, jurnalistlər öz məsuliyyətini daha da dolğun şəkildə dərk edirlər, mətbuatda gedən, həqiqəti əks etdirməyən təhqiramiz yazılara da az-az rast gəlmək olur. Bu da jurnalistlərin məsuliyyətindən xəbər verən amillərdir. Eyni zamanda, müasir cəmiyyətdə, internet dövründə hər hansı bir yalan məlumatın ömrü uzun ola bilməz. Ona görə, jurnalistlərin məsuliyyəti hesab edirəm ki, gələcəkdə də daim diqqət mərkəzində olmalıdır. Bilirəm ki, jurnalist ictimaiyyəti, Mətbuat Şurası bu məsələləri daim diqqət mərkəzində saxlayır. Necə ki, hər bir insan qanun qarşısında, cəmiyyət qarşısında məsuliyyət daşıyır, əlbəttə, jurnalistlər də bu məsuliyyəti daşımalıdırlar və eyni zamanda, onların məsuliyyəti bəlkə də daha da böyük olmalıdır.
Mən jurnalistlərin peşəkarlığı ilə bağlı heç bir şey demək istəmirəm. Bilirəm ki, siz özünüz bu məsələlərlə bağlı vaxtaşırı danışırsınız, yeni təkliflər irəli sürülür. Hesab edirəm ki, dövlət də bu istiqamətdə öz dəstəyini verə bilər. Əgər dövlət tərəfindən hansısa bir əlavə tədbir görülməlidirsə, biz bunu görəcəyik ki, peşəkarlıq artsın. Azərbaycanda gənc peşəkar jurnalist kadrların hazırlanması daha da sürətlə getsin. Əlbəttə ki, jurnalistlərin vətənpərvər olmaları da hesab edirəm ki, çox vacib məsələdir. Bütövlükdə Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyinə bağlıdır. Siyasi baxışlardan asılı olmayaraq, əksər hallarda dövlətin maraqları üstünlük təşkil edir. Ancaq elə hallar var ki, şəxsi maraqlar, yaxud da, partiya maraqları, korporativ maraqlar ön plana çıxır. Buna əlbəttə ki, yol vermək olmaz. Xüsusilə gənc müstəqil dövlətlərdə vətənpərvərlik hissləri daha da güclü olmalıdır və daim mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirirəm. Bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq bir şüar, bir söz deyil, bu, zərurətdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda böyüməlidir, tərbiyə almalıdır və jurnalistikanın bu sahədə çox böyük rolu vardır.
Çünki biz cəmi 22 ilə yaxındır ki, müstəqil dövlətdə yaşayırıq, azad xalq kimi yaşayırıq. Bu, bizim böyük xoşbəxtliyimizdir, böyük dəyərimizdir. Bu vəziyyəti cəmiyyətimiz təqdir etməlidir və qiymətləndirməlidir. Ona görə jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Dövlətçilik prinsipləri üstünlük təşkil etməlidir. İlk növbədə, dövlət maraqları müdafiə edilməlidir. Dövlətə zərər vura biləcək hər hansı bir addıma yol verilməməlidir. Eyni zamanda, cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində həllini tapmalıdır. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bu gün də demək istəyirəm, hər bir ölkənin öz inkişaf dinamikası, öz problemləri, nailiyyətləri var, o cümlədən Azərbaycanın da. Bütün problemlər ölkə daxilində həllini tapmalıdır. Çünki əgər biz müstəqil ölkə kimi 22 il yaşayırıqsa, hesab edirəm ki, bütün məsələləri özümüz həll etməliyik. Nəzərə alsaq ki, cəmiyyətdə ölkənin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Ölkənin strateji xətti - istər xarici siyasətlə, yaxud da ki, iqtisadi islahatlar ilə bağlı fikir ayrılığı demək olar ki, yoxdur. Belə olan halda əlbəttə ki, daxili problemlər daxildə müzakirə edilməlidir. Çünki müstəqilliyin əsas üstünlüyü məhz bundan ibarətdir. Çünki taleyimiz öz əlimizdədir, Azərbaycan xalqının əlindədir, ölkəmiz Azərbaycan xalqının iradəsi ilə idarə olunur.
Ona görə vətənpərvərlik mövzuları hesab edirəm ki, bizim mətbuatda daha da geniş yer almalıdır. Müstəqilliklə bağlı olan mövzulara daha da geniş yer verməliyik. Müstəqilliyin üstünlükləri nədən ibarətdir. Düzdür, bu mövzularla bağlı vaxtaşırı yazılara, materiallara rast gəlmək olar. Amma mən hesab etmirəm ki, bu, kifayətdir. Çünki bu mövzu daim gündəlikdə olmalıdır. Müstəqilliyin üstünlükləri, müstəqilliyin əlamətləri və gələcək həyatımızla bağlı fikirlər, mülahizələr, fikir mübadiləsi çox vacibdir. Çünki bir daha demək istəyirəm ki, bizim nəslimizin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Bizdən əvvəlki nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq. Müstəqillik, dediyim kimi, sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır.
Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xarici mətbuatda işıqlandırılması ilə bağlı daha da böyük işlər görülməlidir. Əlbəttə ki, daxildə bu problem kifayət qədər işıqlandırılır. Ancaq əsas məqsəd odur ki, biz bu mövzunu xarici mətbuata çıxaraq. Son illər ərzində dövlət və ictimai qurumlar tərəfindən bu istiqamətdə önəmli addımlar atılmışdır, qeyri-hökumət təşkilatları da bu sahədə fəaldır. Mətbuat işçiləri də artıq xarici mətbuat orqanlarına çıxırlar. Biz bu mövzunu daha da geniş şəkildə işıqlandırmalıyıq. Dövlət öz dəstəyini verməyə hazırdır. Hesab edirəm ki, biz müxtəlif layihələr, qrantlar əsasında bu istiqamətdə öz fəaliyyətimizi daha da geniş şəkildə aparmalıyıq. Xocalı soyqırımı ilə bağlı olan məlumatların xarici mətbuata çatdırılması böyük əhəmiyyətə malikdir. Son bir neçə il ərzində bir neçə ölkə artıq Xocalı soyqırımını soyqırımı kimi tanıyıbdır. Nəyin hesabına?! Ona görə ki, həm dövlət, həm ictimai qurumlar, ümumiyyətlə, cəmiyyət bu mövzunu daim diqqətdə saxlayır və bu, dünyada reallıqları əks etdirir.
Danışmağa da sözümüz vardır. Çünki Azərbaycan qısa müddət ərzində istənilən sahədə böyük, bir çox hallarda analoqu olmayan inkişafa imza atmışdır. Bu inkişaf indi beynəlxalq qurumlar tərəfindən daha da çox tanınır. Yəni, bunu inkar etmək olmaz. Bəzi antiazərbaycan qüvvələri buna nə qədər çalışsalar da, bunu inkar etmək, bunu görməmək mümkün deyildir. Biz Azərbaycan reallıqlarını dünya mətbuatına çıxarmalıyıq. Çünki siz jurnalistlər yaxşı bilirsiniz ki, çox aqressiv erməni lobbisi onların gücü olan ölkələrdə bizə qarşı təşkil edilmiş fəaliyyət aparır. Nə üçün?! Bir məqsədlə ki, sübut etsinlər və belə bir fikir yaratsınlar ki, ermənilər Azərbaycanın tərkibində yaşaya bilmirlər və bilməyəcəklər. Ona görə Azərbaycan haqqında iftiralar, uydurmalar, həqiqəti əks etdirməyən məlumatlar vaxtaşırı xarici mətbuata ötürülür. Onlar öz şəbəkələri hesabına buna nail olurlar.
Ona görə biz çalışmalıyıq ki, Azərbaycan reallıqlarını dolğun şəkildə xarici mətbuata çatdıraq. Bu gün bizim əlimizdə internet kimi universal bir vasitə vardır. Bundan daha geniş şəkildə istifadə etməliyik. Çünki Azərbaycanın reallıqları dünya birliyinin diqqətinə çatdırılmalıdır, istər ictimai sahədə, milli, dini dözümlülük sahəsində, istərsə də iqtisadi və xarici siyasət sahəsində. Əlbəttə ki, ölkədə həllini gözləyən problemlər, çatışmayan məsələlər vardır. Biz bunu bilirik və jurnalistlər də bu problemlərin aşkarlanmasında hökumətə dəstək olurlar. Ancaq bununla bərabər, nailiyyətlər də kifayət qədər çoxdur. Dövlət öz tərəfindən jurnalistlərin fəaliyyətinə dəstəyini əsirgəməyəcək, Azərbaycanda azad mətbuatın davam etməsinə öz səylərini göstərəcəkdir. Beləliklə, bu sahə Azərbaycanda ən yüksək zirvələrə çatacaqdır. Mən bir daha, əziz dostlar, sizi bu gözəl hadisə münasibətilə təbik etmək istəyirəm. Qeyd etmək istəyirəm, bəlkə də siz bunu bilirsiniz ki, burada yaşayacaq jurnalistlərin sayı kifayət qədərdir, 150-dən çoxdur. Ancaq dövlət tərəfindən mükafata layiq olan jurnalistlərin sayı hələ də vardır. Bunu nəzərə alaraq, yenə jurnalist ictimaiyyətindən təşəbbüs, yəni təklif irəli sürüldü ki, bu layihə davam etdirilsin. Mən də buna müsbət baxıram. Bu evdə mənzil ala bilməyən, ancaq buna layiq olan jurnalistlərin mənzillərlə təmin edilməsi üçün əlavə tədbirlər görüləcəkdir. İstisna etmirəm ki, gələcəkdə bu yerə "Jurnalistlər şəhərciyi" deyəcəklər. Sağ olun.
X X X
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək deyib ki, dövləti mediamızın inkişafındakı marağını ən müxtəlif tədbirlərlə konkret və prinsipial şəkildə ortaya qoyur: "Hörmətli cənab Prezident, Ölkəmizdə medianın inkişafı həmişə diqqət mərkəzində olub. 1998-ci ildə MDB məkanında ilk dəfə olaraq məhz Azərbaycanda kütləvi informasiya vasitələri üzərindən senzura tamamilə götürülüb. Bu tarixi addım ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Düz 10 il sonra - 2008-ci ildə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildi və Fond yaradıldı. Bununla da mediaya yardım ardıcıl, şəffaf bir sistemə çevrilib. Bu proses isə cənab Prezident, Sizin adınızla bağlıdır və mediamız üçün böyük tarixi xidmət nümunəsidir. Azərbaycan dövləti mediamızın inkişafındakı marağını ən müxtəlif tədbirlərlə konkret və prinsipial şəkildə ortaya qoyur. Mediamız dövlətimizin dəstəyini hər zaman hiss edir. Bu gün mən bu kürsüdən bir daha jurnalistlərimizin xüsusi təşəkkürünü və minnətdarlığını Sizə çatdırmaq istəyirəm. Düşünürəm ki, Sizin bu xeyirxah addımınız dövlətimizin, şəxsən, cənab Prezident, Sizin azad sözə, siyasi plüralizmə, jurnalist peşəsinə və əməyinə verdiyiniz böyük dəyərin bir nümunəsidir. Siz bu gün həm milli mətbuatımızın banisi, maarifçi alim Həsən Bəy Zərdabinin, həm də müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin ruhunu şad etdiniz. Hər şeyə görə bir daha təşəkkür edirik!"
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) bölmə müdiri Bətul Ayvazli çıxışında qeyd edib ki, Sizin mətbuat işçiləri ilə hər bir görüşünüz jurnalistlərə yeni ruh yüksəkliyi, yeni qüvvə verir, daha yaxşı işləmək əzmimizi artırır: "Bu gün milli mətbuatımızın bayramıdır. Amma sıradan olan bayram deyildir, ikiqat bayramdır. Çünki bu bayram mərasimində, cənab Prezident, Siz iştirak edirsiniz, jurnalistləri yeni mənzillərlə təbrik edirsiniz. Bu gün Sizin tərəfinizdən 156 jurnalistə bayram münasibətilə belə gözəl mənzillər hədiyyə olunur. Cənab Prezident, bu, dünyada analoqu olmayan bir nümunədir. Bu, gənc müstəqil Azərbaycanda Sizin həyata keçirdiyiniz siyasətin göstəricisidir. Müasir müstəqil Azərbaycanda əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət siyasəti Sizin tərəfinizdən uğurla davam etdirilir."
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxış edərək bildirib ki, Ümummilli Lider jurnalistlərin böyük dostu idi: "Ümummilli lider Heydər Əliyevin qurduğu, möhkəm əsaslarını yaratdığı dövlətdə xəyalların gerçəkləşməsi Sizə nəsib oldu. Siz mətbuat sahəsində böyük ilklərə imza atdınız. Həm 2005-ci ildə "Əməkdar jurnalist" adını bərpa etdiniz, Azərbaycanın çoxlu jurnalistlərinə fəxri adlar verdiniz. 2008-ci ildə Mətbuata Dövlət Dəstəyi Konsepsiyasını imzaladınız və daha sonra Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunu yaratdınız. Siyasi baxışlarına, dünyagörüşlərinə heç bir fərq qoymadan bütün KİV-lərə eyni şəkildə, eyni qaydada dövlət tərəfindən şəffaf maliyyələşmə prosesi başladı. Hər il Fond tərəfindən yüzlərlə jurnalist müxtəlif mövzularda məqalələrinə görə mükafatlandırılır. 2010-cu ildə Siz Mətbuat Şurasının binasının açılışına gəldiniz, müstəqil mətbuat barəsində dərin fikirlərinizi bildirdiniz. Yenə Azərbaycan mətbuatı tarixində möhtəşəm, unudulmaz bir hadisə olan jurnalistlərin mənzil, məişət şəraitinin yaxşılaşdırılması barədə Sərəncam imzaladınız. Bütün bunlarla Siz Azərbaycan mətbuat tarixinə öz adınızı böyük hərflərlə yazdınız." Sonra Prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsdi. Dövlətimizin başçısı binada "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin mənzilində oldu. Bildirildi ki, mənzillərin hamısı müasir tələblər səviyyəsində təmir edilmişdir. Binada 84 ikiotaqlı, 68 üçotaqlı, 4 dördotaqlı mənzil vardır. Ən kiçik mənzilin sahəsi 65, ən böyüyünün isə 120 kvadratmetrdir. Daha sonra Prezident İlham Əliyev AzərTAc-ın əməkdaşı Vüqar Seyidovun mənzilində yaradılan şəraitlə tanış oldu. Binadakı mənzillərin hamısı sürətli internet, İPTV və fərdi isitmə sistemləri ilə təchiz olunmuşdur. Sonra Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək növbəti binanın təməlqoyma mərasimində iştirak etdi. Bu bina 17 mərtəbəli və 3 bloklu olacaqdır. Burada 1, 2, 3 və 4 otaqlı mənzillər istifadəyə veriləcəkdir. Bina bütün zəruri infrastrukturla təmin ediləcəkdir. Sonda xatirə şəkli çəkdirildi. Qeyd edək ki, müstəqillik illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə milli mətbuatın beynəlxalq standartlara uyğun inkişafına başlanıldı. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanıldı. 2003-cü ildən bəri bu proses yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası əsasında silsilə və kompleks tədbirlər həyata keçirildi. 2010-cu ildə ölkə jurnalistlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində daha bir mühüm tədbir reallaşdırıldı. Mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrıldı. Ötən müddətdə həmin vəsait hesabına jurnalistlər üçün 156 mənzildən ibarət 17 mərtəbəli bina inşa olundu və bütün mənzillər yüksək səviyyədə təmir edildi. Ümumilikdə isə binanın tikintisinə və ətraf ərazidə abadlıq işlərinin aparılmasına 22 milyon manatdan artıq vəsait sərf olunmuşdur.