"Təəssüf ki, "reket jurnalistika"sı hələ də ölkə jurnalistikasının ciddi problemlərindən biri olaraq qalır". Bunu SİA-ya millət vəkili Qənirə Paşayeva Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümü ilə əlaqədar ölkə mətbuatının inkişafından danışarkən deyib.Millət vəkilinin sözlərinə görə, "Əkinçi" qəzeti ilə başlayan Azərbaycan milli mətbuatı çox böyük bir yol ( ağrılı-acılı keçməkeşli və s.) keçib: "Əgər biz tarixə nəzər salsaq görərik ki, "Əkinçi" qəzeti yalnız iki il fəaliyyətdə oldu. Milli mətbuatımız yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra özünün yüksəliş dövrünə qədəm qoyub. Təbii ki, bu dövr ərzində milli mətbuatımız çox böyük inkişaf yolu qət edib. Amma təbii ki, problemlərimiz də var. Belə ki, peşəkarların sayının artmasına daha çox ehtiyac var".Q.Paşayeva Azərbaycan jurnalistlərinin evlə təmin olunmasına görə, Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib: "Təbii ki, gələcəyə doğru da bu layihə davam edəcək. Çünki, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması önəmli məsələlərdən biridir. Azərbaycan jurnalistikası çox gözəl bir yol keçib. Mən jurnlalistlərimizin hamısını təbrik edirəm. Bu, asan deyil, əksinə çox çətin, eyni zamanda şərəfli bir peşədir. Çünki, jurnalistlərimiz xalqın səsi, onun təmsilçisidir".
sia.az