"Biz Azərbaycanda yaşayan ermənilərlə öz vətəndaşlarımız, azsaylı xalqın nümayəndələri kimi davranırıq, onların hüquqlarını təmin edirik. Ermənistan isə azad ölkə deyil, o başqalarından asılıdır". Bu fikirləri "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin üzvü, deputat Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, respublikanın müxtəlif yerlərində hazırda da ermənilərin yaşadığını qeyd edib: "Biz bu gün də Azərbaycanda yaşayan erməni millətindən olanların xətrinə dəymirik, onlarla Azərbaycan vətəndaşı, azsaylı xalqın nümayəndələri kimi davranırıq, hüquqlarını təmin edirik. Azərbaycanın demokratik ölkə olduğunu dünya görür. Azərbaycanın iqtisadiyyatı, Azərbaycanda aparılan quruculuq işləri, insanlarımızın yaşayışı göz qabağındadır. Azərbaycana gələn hər bir şəxs, o cümlədən ermənilər də bunu görürlər".
E.Məmmədov separatçılıqla, qeyri-qanuni, cinayət əməlləri ilə məşğul olanların məhkəmə qarşısında cavab verməli olduqlarını vurğulayıb: "Dağlıq Qarabağdakı sadə ermənilər isə Azərbaycanın şəxsiyyət vəsiqəsini almaqla, Azərbaycan Konstitusiyasına hörmət etməklə burada yaşaya bilərlər".
yap.org.az