"Zaman Azərbaycan" qəzetinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə "Azərbaycanı gələcəyə aparan lider Heydər Əliyev" adlı xüsusi nəşri çapdan çıxmışdır.
Xüsusi nəşrin ilk səhifəsində yazılmışdır ki, bu buraxılış tarixin Azərbaycan xalqına bəxş etdiyi ən böyük dahi şəxsiyyət – dünya şöhrətli siyasətçi, fenomen insan, böyük zəka sahibi, amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqa xidmət etmək olan, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin əziz və unudulmaz xatirəsinə ithaf olunur.
AzərTAc xəbər verir ki, nəfis tərtibatla, jurnal formasında hazırlanmış nəşrdə "Zaman Azərbaycan" qəzetinin baş redaktoru Süleyman Ünalın "Lider, özü kimi olandır" məqaləsi yer almışdır. Məqalədə bildirilir ki, Heydər Əliyev Azərbaycanı qarşısına çıxan bütün maneələrdən uğurla keçirmiş, inkişafı üçün əlindən gələni etmiş, gələcək nəsillərin qürur duyacağı bir dövlətə çevirmiş və sağlam təməllərlə özündən sonrakılara təhvil vermişdir. Diqqətə çatdırılmışdır ki, Ulu Öndər hakimiyyətə gələn kimi ilk olaraq Azərbaycanı bölməyə çalışan separatçı qüvvələri ləğv etmişdir.
Süleyman Ünal Ümummilli Liderin apardığı uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatının güclənməsi, neft sənayesində atılan strateji addımları da diqqətə çatdırmışdır. Vurğulamışdır ki, məhz Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi bir çox layihələr uğurla həyata keçmiş, əcnəbi iş adamları ölkəyə dəvət edilmiş, keçid dövrü yaşayan ölkədə iqtisadi dirçəlişə nail olunmuşdur.
Məqalə müəllifinin fikrincə, liderlik xüsusiyyətlərindən biri də liderin sahib olduğu məqsədə, hədəfə əvvəl ətrafını, daha sonra cəmiyyəti inandırmasıdır. Azərbaycanın keçmişi və bu gününə nəzər yetirdikdə ulu öndər Heydər Əliyevin bu ali məqsədə nail olduğunu görmək mümkündür.
Xüsusi nəşrdə yer almış "Heydər Əliyevin zirvəyə gedən həyat yolu", "Dövləti maraqların strategiyası", "Heydər Əliyev və insan hüquqları", "Milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi", "Dövlət siyasətinin prioritet istiqamətləri" məqalələrində Ulu Öndərin müvafiq sahələrdə əvəzolunmaz xidmətləri diqqətə çatdırılmışdır. Həmçinin "Heydər Əliyev-90: iqtisadi dinamizmin təməlləri", "Ölkəmizdə su təchizatında ən böyük işlər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmişdir", "Heydər Əliyev və təhsil", "Təhsilimizə "Çağ" əmanəti", "Ana dilimizə sədaqətlə" məqalələrində Ümummilli Liderin əsasını qoyduğu böyük işlərin əhəmiyyəti diqqətə çatdırılmışdır.
"Yüksək mədəniyyətə malik olan xalq həmişə inkişaf edəcək", "Azərbaycanlıların birliyinə nail olunması" məqalələrində isə dahi şəxsiyyət Heydər Əliyevin mədəniyyətə göstərdiyi böyük diqqət və qayğı, istər sovet, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda ölkə daxilində və xaricində yaşayan azərbaycanlılar arasında münasibətlərin yaranmasında və inkişaf etməsində atdığı mühüm addımlar konkret faktlarla diqqətə çatdırılmışdır.
Xüsusi nəşrdə yer almış "Dünya liderləri Heydər Əliyev haqqında" sərlövhəli yazıda Corc Buş, Vladimir Putin, Toni Bleyer, Jak Şirak, Əhməd Necdət Sezər, Nursultan Nazarbayev, Kraliça II Eliabet, Rəcəb Tayyib Ərdoğan, İslam Kərimov, Roma Papası II İohan Pavel kimi görkəmli şəxsiyyətlərin Ulu Öndər haqqında qiymətli fikirləri verilmişdir.
Xüsusi nəşrin maraqlı bir cəhəti də Ulu Öndərin mühüm fəaliyyətini əks etdirən xronoloji məlumatın səhifələrin aşağısında xüsusi olaraq yerləşdirilməsidir. Ümumilikdə 63 səhifədən ibarət olan nəşrin səhifələrində Ümummilli Liderin Azərbaycanın daxilində və xaricində fəaliyyətini, keçirdiyi mühüm görüşləri, iştirak etdiyi möhtəşəm konfransları əks etdirən fotoşəkillər də yer almışdır.
AzərTAc