Məlum olduğu kimi, son vaxtlarda Türkiyə ilə Suriya sərhədində qarşılıqlı atışmalar səngimir. Belə ki, Suriyanın şimalında Türkiyə ilə sərhəddə yerləşən bəzi kənd və qəsəbələrdə PYD adlandırılan (Demokratik Kürd İttifaqı Partiyası) təşkilat, bu bölgədə İraqın şimalında olduğu kimi muxtar dövlət qurmaq niyyətini açıq bildirir. Türkiyə isə öz növbəsində belə bir bəyanatın yol verilməz olduğunu və heç bir zaman bunu qəbul etməyəcəyini rəsmi şəkildə bəyan etdi.
Bəzi siyasi analitiklər Suriya hadisələri başlayanda Şimali İraqda olduğu kimi Türkiyənin Suriya ilə olan sərhədində də kürd probleminin meydana gələcəyini bildirmişdilər. Hal-hazırda Türkiyə PKK-PYD nəzarətində olan Şimali Suriyada məskunlaşan silahlı qruplar problemi ilə qarşı-qarşıyadır. Məhz Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Ceylanpınar qəsəbəsi qarşısında yerləşən Rəsulayn qəsəbəsinin terror təşkilatı olan PYD-nin nəzarətinə keçdiyini açıqladı. PKK-PYD ilə Əl-Qaidəyə bağlı olduğu bilinən Əl-Nusra silahlı birləşmələri arasındakı atışmalar sayəsində Türkiyə tərəfinə də raketlərin atıldığı və sərhəddəki Türkiyə silahlı qüvvələrinin də buna adekvat cavab verdiyi bildirildi. Hökumət də daha əvvəl qəbul olunmuş proqram çərçivəsində Türk ordusunun hər hansı silahlı hücuma dərhal cavab verəcəyini bəyan etmişdi.
Digər tərəfdən PKK silahlı qruplarının Türkiyə ərazisini tərk etməsi ilə başlayan təşəbbüslərdən sonra Türkiyənin qarşısına Şimali Suriya problemi çıxdı. İndi Ankaranın PKK-nın Suriyadakı qolu olan PYD məsələsini necə həll edəcəyi aktuallıq qazanmışdır. Bu mənada Türkiyə Suriyadakı PYD ilə mübarizə aparacaqmı? Yoxsa Suriyanın daxili işidir deyib kənara çəkiləcək?
Türkiyə üçün Bəşər Əsəd tez bir zamanda hakimiyyətdən getsəydi hər halda Suriyada vəziyyət bugünkü kimi kritik olmayacaqdı. Buna görə də Şimali Suriyada PYD bu xaotik şəraitdə öz hakimiyyətini qurma mübarizəsini davam etdirəcək və bu regionu ələ keçirməyə çalışan radikal islamçı Əl-Nusra qrupu və Azad Suriya Ordusu ilə vuruşmağa davam edəcəkdir. Bu hadisələr Ankaranı ciddi şəkildə düşünməyə və hərəkət etməyə vadar edir. Hökümət hazırda sərt xəbərdarlıqlarla və hərbi qüvvəsini nümayiş etdirməklə PYD-nin bu iddilarından əl çəkməsini tələb etməkdədir.
Türkiyənin qarşısında duran ən problemli sual budur ki, Ankara Suriya siyasətində kürdlərlə bərabər yoxsa onlara qarşı olacaqdır? Qeyd etməliyəm ki, PYD-nin sədri Türkiyədə OTDU universiteti məzunu olan Salih Müslümün ifadələri bu kontekstdə əhəmiyyət kəsb edir: "Biz Türkiyə ilə dost olmaq istəyirik. Sülh içində yaşamaq istəyirik. Demokratik muxtariyyət Suriyanın bütün etnik təbəqələri qəbul edərsə həyata keçə bilər. Yoxsa hər-hansı bir zorakılıq tərəfdarı deyilik".
ABŞ da öz növbəsində Suriyanın şimalındakı hadisələrlə bağlı PYD-nin Suriyada muxtar kürd dövləti elan etməsinə göz yummayacaqlarını açıqladı. Ancaq ABŞ-ın bu açıqlaması siyasi səmimiyyətdən uzaq durur. Belə ki, ABŞ vaxtilə də Şimali İraqda muxtar kürd dövlətinin yaranmasına sərt reaksiya vermiş olsa da, sonradan reallığı qəbul etdi.
Beləliklə, Türkiyə hökuməti Suriya ilə sərhəddə baş verən hadisələri Türkiyənin torpaq bütövlüyünə təcavüz olaraq qiymətləndirir və Türk ordusu vasitəsilə hər an adekvat cavab verəcəklərini ifadə edir. Suriyanın şimalında yeni muxtar kürd dövlətinin yaradılması Türkiyə üçün böyük risklər deməkdir. Bu həm daxildə, həm də Türkiyənin sərhədlərində ciddi təhlükəsizlik probleminin yaranacağına gətirib çıxaracaqdır.
sia.az