"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı uğurla həyata keçirilir
Bu gün Azərbaycan bütün gücü ilə inkişaf edən ölkədir. Qısa bir zamanda Azərbaycanın xarici mənzərəsini dəyişən tikintilər, günü-gündən güclənən milli ordu, möhkəm və etibarlı siyasət dövlətin gələcəyinə uğurla və inamla addım atmağa şərait yaradır. Bütün bunlarla yanaşı, Azərbaycanda gənclər siyasəti də dövlət tərəfindən uğurla həyata keçirilir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamları əsasında reallaşır. Bütün bunların müqabilində Azərbaycan gəncliyinin təşkilatlanması, milli maraq və mənafelərin təminatı baxımından gücünü və potensialını səfərbər etməsi prosesi son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak etdiyindən, onlar ölkədə demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyir, ölkəmizin zəngin irsinin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar.
İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini yüksək tutur. Dövlət başçısı İlham Əliyevin 2011-ci il 6 aprel tarixli "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında" Sərəncamı gənclər siyasətinin davamı kimi qiymətləndirilir. Sərəncamın əsasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin istehsalın müxtəlif sahələrində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi dayanır. Gənclik cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqə olduğundan dövlət tərəfindən gənclərin qabiliyyət və intellektual imkanlarının üzə çıxarılmasına geniş imkanlar açılır. Bu ənənənin əsası hələ sovet məkanında yaşadığımız illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, Ümummilli Lider Heydər Əliyevin ötən yüzilliyin 70-80-ci illərində qoyulmuş gənclər və idman siyasətinin məntiqi davamı müstəqillik dövründə daha yüksək səvyyədə özünü göstərdi. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək istiqamətində məqsədyönlü siyasətini həyata keçirirdi. Hələ 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. 2 fevral - Azərbaycan gəncləri günü elan edildi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Millətin yaşaması və inkişafı üçün, təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkkürü, düşünmə qabiliyyəti, milli ruhu əsas amillərdəndir. Odur ki, Azərbaycanda müstəqillik dövründə gənclər siyasətinə xüsusi önəm verildi, onların təşkilatlanmasına diqqət ayrıldı. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi- demokratik dövlət quruculuğu prosesində gənclərin rolunun müstəsnalığı nəzərə alınaraq vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini yaratdı. Belə ki, Heydər Əliyev müstəqillik dövründə sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etdi. 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan "Dövlət gənclər siyasəti haqqında" Fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilir. "Dövlət gənclər siyasəti haqqında" Fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir.
Müasir həyatımızda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti məhz Heydər Əliyev gənclər siyasətinin məntiqi davamıdır. Dövlət gənclər siyasəti - gənclərin potensialının effektli reallaşdırılması, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.
Gənclərin cəmiyyət həyatında fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər öz nəticəsini verir. Belə ki, cəmiyyətdə yüksək intellektə malik olan, geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gənclər nəsli formalaşıb. İstedadlı gənclər aşkar edilir, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün respublikada mövcud şərait yaradılıb. Gənclərin sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi məqsədi ilə ardıcıl olaraq tədbirlər həyata keçirilir. Sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərilir. Dövlət gənclər siyasətindən irəli gələrək, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlər təşkil olunur, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakına, gənclər üzrə təşkilatların formalaşması və inkişafına diqqət yetirilir. Bu da bir faktdır ki, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına köməklik göstərilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inam bəsləyir: "... Hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır". Hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər cəmiyyətdə inkişaf mövcuddursa, deməli, o cəmiyyətdə gənclərdə də inkişaf prosesi sürətlə gedir, intellektual, mənəvi və fiziki anlamda sağlam olacaqlar. Gənclik gələcəyin özü, ümidlər və sağlam düşüncə deməkdir.
Nəinki Azərbaycanda, hətta xaricdə belə bizim gənclərimizin həmrəyliyi göz önündədir. Hər bir əlamətdar gündə yaşadıqları ölkənin küçələrində Azərbaycan bayrağını ucaldırlar. Azərbaycan reallıqlarının dünyaya çatdıran, onun həqiqətlərinə göz yuman insanlara reallıqları təqdim edən məhz elə gənclərdir. Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gəncliyi öz yerini tapmaq, dövlətimizin inkişafına töhfəsini vermək istiqamətində ciddi uğurlar əldə edib. Bu gün gənclər kifayət qədər aktivdir. Onlar dövlət qurumlarında, ictimai təşkilatlarda, qeyri - hökumət təşkilatlarında və digər sahələrdə iştirak edirlər və yetərincə də mövqeləri güclüdür. Bu da ilk növbədə ölkə Prezidentinin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Son illər gənclərin qarşısına qoyulan bütün məsuliyyətli işlər gənclər tərəfindən yüksək səviyyədə həyata keçirilir. Qazanılan uğurlar bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi, məsuliyyəti dərk edir. Buna sübut olaraq gənc idmançılarımızın qələbələrini, gənc siyasətçilərimizin uğurlarını, gənc əsgərlərimizin qəhrəmancasına Vətən qarşısında xidmətlərini və digər sahələri nümunə gətirmək olar. Bir sıra müsabiqələrdə, yarışlarda Azərbaycan gənclərinin Avropa məkanını fəth etməsi, birinciliki qazanaraq, Azərbaycan bayrağını dalğalandırması Azərbaycan gəncliyinin sağlam düşüncəsinin məntiqi nəticəsidir. Bu, Azərbaycan gənclərinə yaradılan şəraitdir. Azərbaycan gəncliyi sürətli inkişafa meyillidir. Bu reallıqların əsasında dayanan dövlətin gənclər siyasəti, onlara maddi və mənəvi cəhətdən göstərdiyi qayğıdır. Azərbaycanın durmadan inkişafı, dünya dövlətlərinə inteqrasiya prosesinin sürətlənməsi, iqtisadi yüksəliş kimi nailiyyətlər gəncliyin qarşısında prespektivlər açmaqla yanaşı, onları stimullaşdırır.
"Gənclərinin qayğısına qalmayan dövlətin gələcəyi yoxdur". Həqiqətən də, bu, belədir. Gənclik dövlətin əsas qüvvəsidir. Azərbaycanda gənclərlə bağlı yürüdülən siyasət nəticəsində bugünkü gənclər ölkənin müxtəlif idarələrində, seçki orqanlarında uğurla fəaliyyətlərini davam etdirirlər. Hazırda bələdiyyə üzvləri və sədrləri, həmçinin millət vəkilləri arasında çoxlu gənc kadr görmək mümkündür.
Bu gün həyata keçirilən siyasət, uğurlu iqtisadi islahatlar, iqtisadiyyatın inkişaf tempi müasir gənclərin düşüncəsinin formalaşmasına birbaşa təsirini göstərir.
NƏZAKƏT