Almaniya parlamentinin (Bundestaq) deputatı Ermənistan hərbi birləşmələrinin Azərbaycan torpaqlarından çıxmasının vacib olduğunu bəyan etmişdir.
Bu barədə AzərTAc-a Avropa Azərbaycan Cəmiyyətindən (AAC) bildirmişlər. Məlumatda qeyd olunur ki, Bundestaqın xarici əlaqələr komitəsinin və Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı fraksiyasının üzvü, deputat Piter Qauvayler AAC-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavab vermişdir.
P.Qauvaylerin cavabında deyilir: "BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi məlum qətnamələr şübhə üçün heç bir əsas doğurmur. Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir. Onun işğalı beynəlxalq hüququn pozulmasıdır. Odur ki, Ermənistan qoşunları işğal altındakı Azərbaycan ərazilərindən çıxmalıdır. Münaqişənin həllinə nail olmağın yeganə yolu budur".
Bu prinsipin Almaniya üçün müzakirə mövzusu olmadığını vurğulayan deputatın cavabında daha sonra deyilir: "Məcburi köçkünlərə öz torpaqlarına təhlükəsiz qayıtmaq hüququ verilməlidir. Odur ki, Ermənistan qoşunları işğal etdikləri ərazilərdən dərhal geri çəkilməlidir. Almaniya və Azərbaycan yaxın tərəfdaşdırlar. Münaqişənin sülh yolu ilə həllinə nail olmaq cəhdləri bizim ikitərəfli münasibətlərimizə mənfi təsir göstərir. Azərbaycan Almaniyanın enerji təchizatı üçün cəlbedici ticarət tərəfdaşı olaraq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir".
Bundestaqın deputatının sorğuya cavabı bu sözlərlə tamamlanır: "Münaqişəyə cəlb olunmuş tərəflərin yenidən danışıqlar masası arxasında oturması ən ümdə məsələdir. Bu baxımdan məsələnin çoxtərəfli müstəvidə müzakirəsi ən vacib məqamlardan biridir. Almaniya var qüvvəsi ilə sülh prosesini dəstəkləyəcəkdir".
AzərTAc