Prezident İlham Əliyev: "Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir"
2013-cü ilin birinci yarısı Azərbaycan iqtisadiyyatında bir cox sahələrdə artımın baş verməsi ilə müşayiət olunub. İlk altı ay ərzində ümumi daxilin artımı 5 faiz təşkil edib, iqtisadi artım daha çox qeyri-neft sektorunun inkişafı hesabına baş verib. Ötən dövrdə qeyri-neft sektorunun artımı 11 faiz təşkil edib. 2013-cü ilin ilk altı ayının sosial-iqtisadi inkişaf göstəricilərinin təhlili onu deməyə əsas verir ki, Azərbaycanın iqtisadiyyatı coxşaxəlidir və ümumi daxili məhsulun artımının qeyri-neft-qaz sektorunun davamlı və sıçrayışlı inkişafı hesabına təmin etmək, iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsini genişləndirmək tam mümkündür.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin ilk altı ayının sosial-iqtisadi inkişaf göstəricilərinin yekununa həsr olunmuş iclasında bildirib ki, bizim iqtisadiyyatımızın gələcək yüksək inkışafı qeyri-neft sektoru ilə bağlı olacaq: "Hesab edirəm ki, Azərbaycanda iqtisadi artım bu il də dünya miqyasında nümunə ola bilər. Ümumi daxili məhsul 5 faiz artmışdır və ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz təxminən 11 faiz artmışdır. Bu, son illər ərzində Azərbaycanda görülmüş işlərin, düzgün aparılan iqtisadi islahatların nəticəsidir. Bu göstəricilər, deyə bilərəm ki, dünya miqyasında ən yüksək səviyyədədir. Çünki bizim əsas hədəfimiz bu gün qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir və hesab edirəm ki, bu istiqamətdə çox ciddi nailiyyətlər əldə edilib".
Artıq ölkə iqtisadiyyatının struktur baxımından daha da təkmilləşməsi, yeni idarəetmə texnologiyalarının tətbiq olunması xarakterizə olunur. Bu isə sürətli inkişafın neftdən kənar sahələr üzrə təmin olunmasını göstərir. Nazirlər Kabinetinin iclasında ölkə başçısının vurğuladığı kimi qarşıdakı dövrün əsas inkişaf xətti qeyri-neft sektorunun artımı hesabına təmin ediləcək. Artıq mövcud göstəricilər onu göstərir ki, ümumi daxili məhsulunun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsinə nail olmaq üşün şox ciddi fundamental baza yaradılıb. Hazırda qeyri-neft sektorunun ÜDM-də payı təxminən 45 faizi ötüb. Yaxın 4 ildə bu sektorun illik 8-9 faiz artımı proqnozlaşdırılır. 2014-cü ildə iqtisadi artımın qeyri-neft sektorunun hesabına təmin edilməsi nəzərdə tutlur (illik 9 faiz artım), sonrakı 3 il üzrə isə 10 faiz artım gözlənilir. 2015-ci ildə qeyri- neft sektorunun ÜDM-də payının təxminən 61,3 faizə bərabər olacağı proqnozlaşdırılır. Proqnozlara görə, qeyri-neft sektorunda illik artım fonunda həmin sahədən daxil olan vergilərin həcmi də əhəmiyyətli dərəcədə yüksələcək.
Ötən 6 ay ərzində iqtisadiyyatın digər sahələrində də, yüksək artım meyilləri əldə olunub: "Bu ilin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulub ki, onun da 7 milyardı daxili sərmayədir. Bu, onu göstərir ki, Azərbaycanda yerli investorların imkanları artır. Bundan başqa, ölkənin maliyyə qüdrəti yüksəlir, strateji valyuta ehtiyatlarının 48 milyard dolları ötməsi ölkəmizin iqtisadi gücünün daha bir göstəricisidir. Eyni zamanda, insanların real gəlirləri coxalıb, 7 faiz artıb, inflyasiyanın 2 faiz olmasını nəzərə alsaq, bu, 3,5 dəfə artım indeksi deməkdir". İqtisadçının sözlərinə görə, iqtisadi artımın 5 faizə çatması milli gəlirlərin yüksəlişini təmin etməklə yanaşı, sosial siyasətin güclənməsinə və insanların sosial rifah halının yaxşılaşması, xüsusilə də, minimum əməkhaqqının, maaşların və pensiyaların artırılmasına imkan verəcək.
Hazırda ÜDM-in 5 faiz artımı, ilk növbədə, adambaşına düşən milli məhsulun həcmində də əhəmiyyətli dərəcədə pozitiv indikator yaradıb. Yəni, adambaşına düşən ÜDM son bir ildə 1000 dollardan çox artıb ki, bu da ən yaxşı dünya göstəricisidir. Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub və onun müasir inkişaf platforması formalaşıb. Manatın paritet qiymətlərdə adambaşına düşən ÜDM həcmi 10 min ABŞ dollarını ötür. Bu göstəriciyə görə Azərbaycan dünyanın 100 ölkəsini geridə qoyur. Bu isə ölkəmizin orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirməsini şərtləndirir.
BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində qeyd olunur ki, "orta gəlirli ölkələr" qrupuna daxil olmaq qısa müddətdə mümkün olmur. 1950-ci ildən sonra belə bir inkişafa 13 ölkə nail olub. Azərbaycan bu qrupun ən yüksək şkalasında yer almaq üçün ən stabil və böyük əminlik doğuran dövlətdir. Bu iqtisadi güc, sözsüz ki, ölkənin və onun insanlarının yaxşı yaşayışının göstəricisini müəyyən edir. Ölkəmizdə hazırda hər nəfərə düşən ÜDM-in həcmi 10 min dolları ötüb və Azərbaycanın yaxın beşillikdə bütün bu strateji hədəflərə çatmasına tamamilə əsaslı zəmin yaradır. Nüfuzlu beynəlxalq maliyyə institutunun proqnozlarına görə, bölgədə zəngin neft ölkələrindən olan Azərbaycanın valyuta ehtiyatları qarşıdakı beş ildə əhəmiyyətli dərəcədə artaraq 100 milyard dollara çatacaq. Bununla yanaşı, qeyri-neft sektorunda artım ÜDM-də 40-45 faiz yer tutmaqla maliyyə imkanlarının daha da yaxşılaşmasına təkan vermiş olacaq.
İllik iqtisadi artımın təxminən 6-7 faiz olması, maliyyə və makroiqtisadi sabitliyin indiki templə saxlanması, valyuta rezervlərinin il ərzində 5-10 milyard manat artması və digər makro amillər Azərbaycanın "orta gəlirli ölkələr" qrupunun daha yüksək şkalasına çatmasına baza yaradır. Azərbaycan bu meyarlara 2015-ci ilə qədər nail olacaq. 2015-ci ildən sonrakı dövrədə isə respublikamızın qarşıya qoyduğu strateji hədəf "yüksək gəlirli dövlətlər qrupu"nda yer almaqdan ibarətdir. Qarşıdakı illərin sosial-iqtisadi proqnozları və yeni inkişaf ssenariləri ölkəmizdə inkişaf meyillərinin ardıcıl şəkildə davam edəcəyindən xəbər verir.
Azərbaycanda həyata keçirilən güclü maliyyə siyasəti və iqtisadi inkişaf dinamikası, eyni zamanda, ixrac potensialının yüksək artımı respublikamızın maliyyə sabitliyinin möhkəmlənməsinə dərin zəmin yaradıb və eyni zamanda, valyuta gəlirlərinin çoxalmasını da təmin edib. 2013-ci ilin ötən 6 ayı ərzində ölkəmizin strateji valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artım baş verib və maliyyə ehtiyatlarının həcmi 48 milyard dolları ötüb. İlin əvvəlindən ötən müddətdə valyuta ehtiyatları 4 milyard dollardan çox artıb. Bu, orta inkişafa malik dövlətlərin müvafiq göstəriciləri sırasında ən yüksək göstəricidir. Eyni zamanda, MDB regionunda ən pozitiv inkişaf indikatorunun əlamətidir. Bu, ölkənin davamlı inkişafı üçün güclü zəmanətdir.
Hazırda Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsulun (ÜDM) 70 faizinə çatır ki, bu göstərici üzrə ölkəmiz dünyada ilk onbeşlikdədir. Onu da qeyd edək ki, respublikamız bu vəsaitlərin beynəlxalq maliyyə bazarlarında idarəetməyə verilməsindən də illik böyük həcmdə dividend əldə edir. Azərbaycan hökuməti valyuta portfelindəki rezervlərin bir hissəsini dünya maliyyə strukturlarında yerləşdirərək beynəlxalq idarəetməyə verib və ötən dövrdə ehtiyatlardan əldə olunan gəlirlər 500 milon dollardan çox olub. Strateji ehtiyatların artmasında və ölkəmizin maliyyə imkanlarının yaxşılaşmasında vəsaitlərin idarə olunması ən perspektivli və yüksək gəlir gətirən sahə hesab olunur. Dövlət başçısının tapşırığına uyğun olaraq bu ehtiyatların şaxələndirilməsinin həyata keçirilməsinə də başlanıb. Burada əsas məqsəd etibarlılıq, valyuta ehtiyatlarının idarə olunmasının səmərəliliyinin daha da artırılmasıdır.
Proqnozlara görə, 2013-cü ilin sonuna strateji valyuta ehtiyatlarının 52 milyard dolları ötəcək. MB-nın ortamüddətli dövr üzrə ssenarilərinə görə, 2012-2020-cü illərdə zəngin valyuta ehtiyatlarının ölkəmizə daxil olmasının fonunda ölkə iqtisadiyyatında maliyyə sabitliyi möhkəmlənəcək və iqtisadiyyatın bütün sahələrində yüksək indikatorlar müşayiət olunacaq. Makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernizasiyasının təmin olunmasına dəstək verən siyasətin dərinləşdirilməsi, inflyasiyanın aşağı salınması, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi, məşğulluq səviyyəsinin artırılması, çevik makroiqtisadi idarəetmənin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması qarşıdakı illərdə hökumətin fəaliyyət strategiyasının ana xətlərindən biri olacaq. Qarşıdakı on ildə Azərbaycanın strateji valyuta ehtiyatları 100 milyard dolları ötəcək.
2013-cü ilin 6 ayında ölkədə sosial infrastruktur, investisiya layihələrinin davamlılığının təmin olunması, sosial proqramların icrasının genişləndirilməsi əsas prioritetlərdən olub. Hazırda sosial siyasətin dərinləşməsi ölkəmizin inkişaf doktrinasında mühüm yer tutur və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli çevik və mükəmməl iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası daha da genişlənib və əhalinin rifah halının yaxşılaşması bu siyasətin əsas məzmununu təşkil edib. Bu strategiya 2013-cü ilin ötən dövrü ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına impuls verib. Sosial siyasətin başlıca məzmunu respublikamızın maliyyə imkanlarının yaxşılaşması müqabilində davamlı olaraq maaş və pensiyaların artırılmasından ibarətdir. "Bu, reallıqdır və bu reallığı biz yaratmışıq öz siyasətimizlə, öz addımlarımızla. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Əlbəttə ki, bu, bizi çox sevindirir və bu, bizim məqsədimiz idi. Əlbəttə, mən bunu dəfələrlə demişəm və son on il ərzində bu siyasəti aparmışam ki, ilk növbədə, bizim bütün səylərimiz daxildə gedən proseslərin müsbət istiqamətdə davam etməsinə yönəlsin və biz bu istiqamətdə çox böyük uğurlara nail olduq. Dünyanın ən sürətli iqtisadiyyatı Azərbaycan iqtisadiyyatıdır. Dünyada ən dinamik inkişaf edən ölkə Azərbaycandır" - deyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin ilk altı ayının sosial-iqtisadi inkişaf göstəricilərinin yekununa həsr olunmuş iclasında bildirib.
"Səs" Analitik Qrupu