"Rüstəm İbrahimbəyovun namizədliyi oyunun bir hissəsi idi. Müxalifətin qondarma Milli Şurasının radikal qanadı tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyov, hazırda özünün də anlamaqda çətinlik çəkdiyi bir situasiyanın içindədir. Çünki onu tez-tələsik siyasi proseslərə qatılmağa vadar edənlər, bunun sonunu düşünmədən qərar vermişdilər". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.O qeyd edib ki, müxalifətin 20 illik təcrübəsində belə halları cəmiyyət dəfələrlə müşahidə edib: "Müxalifət cəmiyyətin özünə qarşı olan münasibətin fonunda başqa bir şəxsin adı altında siyasi proseslərə qatılmaqla, əslində yeni oyun qaydalarından istifadə etməyə çalışırdı. Amma onlar həmişə olduğu kimi, səhvə yol verdiklərinin fərqində deyildilər. Çünki qondarma Milli Şura tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığından sanki xəbərsiz kimi addım atanlar əslində oyuna yeni bir başlanğıc vermiş olublar. Onlar sadəcə seçki öncəsi özlərinə yönələn ictimai münasibəti fərqli səmtə istiqamətləndirmək üçün bu cür mövqe sərgilədilər. Bir müddət öncə İbrahimbəyovun namizədliyini irəli sürənlər indi onu gülüş obyektinə, özləri üçün müzakirə mövzusuna çeviriblər" .
sia.az