"Rusiyanın Azərbaycanla hərbi sahədə əməkdaşlığına Ermənistan tərəfi çox qısqanclıqla yanaşır"
"Bizim Şimal qonşumuz olan Rusiya ilə münasibətlərimiz strateji tərəfdaşlıq xarakteri daşıyır. Bununla belə, bir sıra istiqamətlər üzrə xüsusilə iqtisadi, enerji, humanitar sahələrdə, siyasi dialoq sferasında əlaqələrin dinamik inkişaf xətti mövcuddur". Bunu SİA-ya Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə və burada müzakirələr olunacaq ikitərəfli münasibətlərə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafı həm Azərbaycan, həm də Rusiyanın milli dövlətçilik maraqlarına xidmət göstərir: "Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfəri həmin əlaqələrin bundan sonrakı inkişafına xidmət göstərəcək. Bununla belə, bu səfər əlaqələrin daha da yüksəlməsi üçün yeni imkanlar yaradacaq. Hesab edirəm ki, burada iqtisadi sferada əlaqələrin daha da yüksədilməsilə bağlı yeni imkanlar öyrəniləcək və müvafiq addımların atılması ilə bağlı razılığın əldə olunması proqnozlaşdırılır".
Elman Nəsirli hesab edir ki, bu səfər çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında da çox ciddi müzakirələrin aparılması planlaşdırılır: "Çünki Rusiya dövləti ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir. Eyni zamanda Rusiyanın Ermənistanla xüsusi münasibətləri mövcuddur. Belə olan təqdirdə hesab edirəm ki, münaqişənin həlli məsələsinin diqqət mərkəzində saxlanılması məntiqidir. Eləcə də bu səfər çərçivəsində digər məsələlərin də müzakirəsi gözləniləndir. Məlumdur ki, Azərbaycan-Rusiya arasında hərbi sahədə geniş əməkdaşlıq mövcuddur. Təbii ki, Rusiyanın Azərbaycanla hərbi sahədə əməkdaşlığına Ermənistan tərəfi çox qısqanclıqla yanaşır. Hətta Ermənistanda bir sıra siyasi, hərbi dairələr Rusiya hökumətinə bununla bağlı müraciətlər edərək, öz narahatçılıqlarını dilə gətiriblər. Onlar birmənalı şəkildə Rusiyanın Azərbaycana silah satmasına əks reaksiyalarını göstərirlər. Bununla bağlı Rusiyanın da rəsmi mövqeyi var. Bu mövqe ondan ibarətdir ki, hərbi sahədə Azərbaycanla əməkdaşlıq rəsmi Moskvanın maraqlarına uyğundur. Məlumdur ki, Rusiya silah satışından böyük miqdarda qazanc əldə edir. Rusiyanın Dövlət büdcəsinin möhkəmləndirilməsində bu faktorun böyük rolu var. Təkcə ən çox silah satışı ilə məşğul olan Amerika Birləşmiş Ştatları (ABŞ) ildə 50 milyarddan çox silah satır. Beləcə, Amerika dünyadakı bütün silah satışının 33 faizindən çoxunu əhatə edir".
Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş hərbi paradda Azərbaycanın ən müasir hərbi silah-sursatının nümayiş etdirilməsinə də toxunan politoloq deyib ki, bu addım Ermənistanda böyük təlaşla ilə qarşılanıb: "Bütövlükdə hesab edirəm ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin bundan sonrakı inkişafına böyük təkan verəcək, bu münasibətlərdə həllini tapmayan və digər məsələlərin müzakirəsi üçün önəmli addım olacaq".
sia.az