"Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından yüksək əhəmiyyət kəsb edir. Bu səfərlə bağlı radikal müxalifətin xam xəyallara dalmasının isə heç bir əsası yoxdur". Bu fikirləri SİA-ya millət vəkili Jalə Əliyeva deyib.Millət vəkilinin sözlərinə görə, Rusiya prezidentinin səfəri ilə "Milli Şura" üzvlərinin söylədikləri arasında heç bir əlaqə yoxdur: "Səfər çərçivəsində iki ölkənin prezidentləri hər iki ölkə, region və dünyada gedən siyasi proseslər barədə danışıqlar aparacaqlar. Hər bir ölkə başçısının digər ölkəyə səfəri zamanı protokol qaydalarına uyğun olaraq danışıqlar aparılacaq".Millət vəkili radikal müxalifətin öncəgörmələrinə gəlincə isə bildirib ki, onlar hər zaman olduğu kimi, hadisələri qabaqlayır, boş xəyallara dalırlar: "Artıq radikal müxalifətin bu kimi öncəgörmələrinə hər bir kəs öyrəncəlidir. Onların Rusiya prezidentinin səfəri ilə əlaqədar təxəyyüllərində canlandırdıqları fikirlər sadəcə baş aldatmaq, özü-özünü razı salmaqdan başqa bir şey deyil. Radikal müxalifətin bu kimi addımları Azərbaycan cəmiyyətinin fikrini qarışdırmağa, ayrı-ayrı istiqamətlərə yönəltməyə hesablanıb"."Radikal müxalifət nümayəndələri meydana çıxan hər bir situasiyada özlərini görür. Ancaq onların Rusiya prezidentinin Azərbaycana gəlməsi ilə bağlı səsləndirdikləri fikirləri absurddur və naşılıqdan başqa heç nə deyil. Səfərin nəticəsini gözləyək. Onlar da özlərini Azərbaycan vətəndaşı hesab edirlərsə, Rusiya prezidentinin Azərbaycana nə üçün gəldiyinin şahidi olacaqlar", - deyə millət vəkili sözlərinə əlavə edib.
sia.az