"Hesab edirəm ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gəlişi ölkə müxalifəti üçün pərişanlığa yol açacaq". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə və ölkə müxalifətinin həmin bu səfərə yüksək səviyyədə hazırlaşmalarına münasibət bildirərkən söyləyib.Partiya sədrinin sözlərinə görə, hətta Gürcüstan prezidenti Mixeil Saakaşvili ölkə ərazisində siyasi partiyaların iclaslarına ehtiyatla yanaşmalı olduğunu bildirib: "M.Saakaşvili "Milli Şura"nın Tbilisidə keçirdiyi görüşə münasibətində deyib ki, "Milli Şura" Moskva tərəfindən ortalığa atılmış qurumdur. Bu mənada hesab edirəm ki, Gürcüstan prezidenti Mixeil Saakaşvilinin də dediyi kimi Azərbaycanın siyasi sabitliyi Gürcüstanın siyasi sabitliyini şərtləndirir. Belə olan təqdirdə müxalifət bütün ümidlərini Vladimir Putinə bağlayıb. Amma onlar hələ də dərk edə bilmirlər ki, Rusiya prezidenti üçün Azərbaycanın dövlət mənafeyinin inkişafı, ikitərəfli əlaqələr daha çox vacibdir. Axı, Vladimir Putin nəyə görə sosial bazası, gələcəyi olmayan müxalifəti dəstəkləməlidir? Hətta Sovetlər Birliyi inkişaf etmədiyi bir dövrdə onun lideri Leonid Brejnev qatara minərək onun maşinistinə bildirmişdi ki, "qatarın siqnalını səsləndir qoy elə bilsinlər ki, biz hərəkət edirik". Bütün bunların fonunda müxalifət də bu kimi addımlarla başını qataraq, elə təəssürat yaratmaq istəyirlər ki, guya onlar inkişaf edirlər və güclənirlər".T.Kərimli hesab edir ki, Vladimir Putin müxalifəti nə qəbul edəcək, nə də ki qiymətləndirməyəcək: "Beləcə, onların da bu səfərə yüksək səviyyədə hazırlaşmaları boşdur. Onlar sadəcə olaraq bütün ümidlərini Rusiya prezidentinin dodaqlarının arasından çıxacaq sözə bağlayıblar. Bu insanlarda artıq əqidə, mənəviyyat və s. bir kənarda qalıb".
sia.az