PDF Oxu

Siyasət

  • 8

AZƏRBAYCAN UĞURLU İNKİŞAF YOLUNDA

AZƏRBAYCAN UĞURLU İNKİŞAF YOLUNDA

İlham Əliyev: "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir"

Bu, bir aksiomadır ki, hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və əlbəttə ki, qlobal proseslərin öndə gedənlərinə çevrilməsində LİDERlərin xüsusi əməyi olur. Bu mənada, ölkə Prezidenti İlham Əliyevin ötən 10 il ərzindəki gördüyü işlər dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə söykəndiyini bir daha təsdiqlədi. İlk növbədə bəlli oldu ki, Cənab İlham Əliyev hökumətin qarşısında hansı əsas problemlərin, vəzifələrin durduğunu aydın təsəvvür edir və onların həlli üçün konkret planlara, proqramlara, yüksək iş qabiliyyətli komandaya malikdir. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" şüarını irəli sürmüş Azərbaycan Prezidenti İlham Əliyevin son illər ərzində həyata keçirdiyi sosial-iqtisadi və siyasi reformalar modern Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini artırıb.

Statistik rəqəmlər- uğurlu nəticələr

Statistik məlumata görə, son 10 il ərzində 1 milyon 100 mindən artıq iş yeri açılıb. Təkcə 2012-ci ildə 93 mini daimi olmaqla, 117 min yeni iş yeri açılıb. Yeni iş yerlərinin yaradılması insanların məşğulluğunun təmin olunmasına töhfələr verməklə yanaşı, yoxsulluğun azaldılmasına, insanların sosial vəziyyətinin yaxşılaşmasına da təkan verib. Onu da qeyd edək ki, rəsmi məlumatlara görə, 2009-2012-ci illərdə regionların inkişafına ümumilikdə 14,5 milyard manat dövlət investisiyaları yönəldilib. Bu il isə əsaslı vəsait qoyuluşlarının 77 faizi və ya 5,3 milyard manat regionlar üçün ayrılıb. Xatırladaq ki, bu məsələdə bölgələrdə fəaliyyət göstərən sahibkarlar da diqqət mərkəzində olub. Belə ki, rəsmi məlumata görə, ötən il Sahibkarlara Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 9100-dək yeni iş yerlərinin yaradılması nəzərdə tutulub. Verilmiş kreditlərin də 83 faizi regionların payına düşür. Hazırda güzəştli kreditlərin hesabına 13 quşçuluq fabrikinin, 3 heyvandarlıq kompleksinin, 12 soyuducu və taxıl anbarının, 8 istixana kompleksinin, 3 ət emalı, 2 konserv, 7 çörək zavodunun tikintisi aparılır. Bu mənada ölkəmizin regionları, həqiqətən də, tərəqqi yolundadır.

Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərlərinin və rayonlarda əhali ilə keçirilən görüşlərinin intensiv xarakter alması bölgə iqtisadiyyatının sürətlənməsinə xeyli təkan verir. Dövlət başçısı ötən illərdə, demək olar ki, bütün rayonlara səfər edib, ən mühüm infrastruktur obyektlərinin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından maraqlanıb. Üstəlik, qaldırılmış konkret məsələlərin həlli məqsədilə əlavə olaraq, vəsaitin ayrılması barədə sərəncamlar imzalayıb. Xatırladaq ki, bu illər ərzində 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 Olimpiya İdman Kompleksi və digər sosialyönümlü obyektlər istifadəyə verilib.

İnsanların sosial rifahının yaxşılaşdırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas məqsədlərindəndir

Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının icrasına başlanıldığı 2004-cü ilin fevralından bu yana ötən 9 il yarımın iqtisadi yekunları ölkə rəhbərliyinin həyata keçirdiyi inkişaf modelinin praktikada özünü doğrultduğunu təsdiqləyir. Bu dövrdə qazanılmış nailiyyətlər həm də ölkə rəhbərliyinin inkişaf kursunun təməlində dərindən düşünülmüş elmi-iqtisadi əsasların, dövlətin və xalqın maraqlarının təmin olunmasının dayandığını göstərir. Dünyada maliyyə və iqtisadi böhranın kəskin şəkildə tüğyan etdiyi illərdə Azərbaycanda ümumi daxili məhsul istehsalında artım baş verdi, makroiqtisadi vəziyyət sabit olaraq qaldı. Diqqəti çəkən əsas məqamlardan biri də respublikamızda inkişafın yalnız iqtisadi sfera ilə məhdudlaşmayaraq kompleks xarakter daşımasıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində dayanan əsas məsələlərdən biri insan amilidir. İnsanın həyatını yaxşılaşdırmağa xidmət etməyən heç bir iqtisadi inkişaf öz məqsədinə, yüksək amallara nail ola bilməz. İstər insanların əməkhaqlarının yüksəldilməsi, istər pensiyaların artırılması, istər aztəminatlı ailələrin sosial müdafiəsi sisteminin təkmilləşdirilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin uğurlarıdır. Təbii ki, insanların güzəranının daha da yaxşılaşdırılması yalnız maaşların, pensiya və müavinətlərin artırılması ilə yekunlaşmır. Bu istiqamətdə ən vacib məsələlərdən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Fərəhli haldır ki, son bir neçə ildə iqtisadiyyatın inkişafında əldə edilən misilsiz nailiyyətlər bu məqsədin də uğurla reallaşmasına şərait yaradıb. Azərbaycanda işsizliklə bağlı məsələlər çox uğurla həll olunur, bu istiqamətdə çox önəmli addımlar atılır. Bütövlükdə bu müddətdə ölkəmizdə böyük əksəriyyəti daimi olmaqla 1 milyon 100 mindan artıq yeni iş yeri açılıb. Bu, 1 milyondan artıq insanın həyat səviyyəsinin yaxşılaşdırılması deməkdir.

Göründüyü kimi, Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycan vətəndaşlarının rifahı üçün səfərbər edib, Onun atdığı hər bir addım isə insanların daha yaxşı yaşamasına hesablanıb. Buna görə də Prezident İlham Əliyevin hər bir addımı insanlarda böyük ümid və gələcəyə nikbin baxış formalaşdırır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər