Mərkəzi Seçki Komissiyası tərəfindən regionlarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlanılmışdır.
Kurslar Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 2006-cı il 28 dekabr tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq təşkil edilmişdir.
Avqustun 5-dən etibarən şimal bölgəsini əhatə edən altı seçki dairəsi üzrə dairə seçki komissiyalarının hər birində üç gün davam edəcək kurslara başlanılmışdır.
55 saylı Xaçmaz şəhər seçki dairəsi dairə seçki komissiyasının (DSK) inzibati binasında təşkil edilmiş kurslarda bu dairə seçki komissiyasının üzvləri və dairəyə daxil olan 38 məntəqə seçki komissiyalarının sədrləri iştirak etmişlər.
Kurslarda mühazirələrlə çıxış edən MSK-nın üzvü Validə Kazımova və bu qurumun təşkilat şöbəsinin müdiri İsmayıl Abbasəliyev bildirmişlər ki, prezident seçkilərində vətəndaşların öz konstitusion hüquqlarını reallaşdırmaları üçün heç bir problem yoxdur. Seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik mövcuddur. Qeyd olunmuşdur ki, Azərbaycanda seçkilər hətta bir çox Avropa ölkələrindəki prosedurlardan müsbət mənada fərqlənir.
Kurslarda üç gün ərzində MSK-nın üzvləri, məsul işçiləri, DSK sədrləri ilə yanaşı, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri mühazirələrlə çıxış edirlər.
56 saylı Xaçmaz kənd seçki dairəsində də kurslara müvəffəqiyyətlə başlanılmışdır. Dairə seçki komissiyasının sədri Zöhrab Səfərov bildirmişdir ki, burada təşkil edilmiş kurslarda komissiya üzvləri və 43 məntəqə seçki komissiyasının sədri maarifləndirici mühazirələri dinləmişlər.
Avqustun 5-də 51 saylı Qusar seçki dairəsində də maarifləndirici kurslara başlanılmışdır. Kursların ilk günündə dairə seçki komissiyasının, eləcə də 61 məntəqə seçki komissiyasının sədrləri müzakirələrdə fəal iştirak etmişlər.
52 saylı Quba və 53 saylı Quba-Qusar seçki dairələri dairə seçki komissiyalarında təşkil edilmiş kurslarda rayon icra hakimiyyətinin hüquqşünası Hikmət Yasinov mühazirə ilə çıxış etmişdir. Dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri ilə birgə qarşıda duran vəzifələr geniş müzakirə edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Özündə 49 min 405 seçicini birləşdirən 54 saylı Şabran-Siyəzən seçki dairəsində də kurslar uğurla başlanılmışdır. Kursların ilk günündə Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Mehdi Balabəyov və rayon polis şöbəsinin rəis müavini Fikrət Əliyev 68 məntəqə seçki komissiyası sədrlərinin iştirak etdikləri kurslarda mühazirə ilə çıxış etmişlər.
MSK tərəfindən regionlarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar avqust ayının 8-dək davam etdiriləcəkdir.
yap.org.az