"Dünyada müşahidə edilən qloballaşma prosesi şəraitində dilin qorunması və inkişaf etdirilməsi probleminə müxtəlif yanaşmalar mövcuddur. Bu yanaşmalardan biri milli xüsusiyyətlərin, o cümlədən dilin qorunub saxlanmasından ibarətdir, digər yanaşma isə ölkənin və onun dilinin dünyaya açıq olması məsələsidir". Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, filologiya elmləri doktoru Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, qloballaşma prosesi nəticəsində dilin istifadə edilməsi ilə bağlı bir sıra problemlər yaranır. Onun sözlərinə görə, bəzi dünya dilləri yox olur, bəziləri isə güclü xarici təsirə məruz qalır. Buna görə də, Azərbaycan dilinin qloballaşma dövründə qorunması və inkişaf etdirilməsi vacibdir.
"Azərbaycan dili 50 milyondan artıq insanı bir-biri ilə birləşdirən bir atributdur. Buna görə də, bu amil dilin inkişaf etdirilməsi işi ilə bağlı istənilən qərarların qəbulunda nəzərə alınır. Ölkə Prezidentinin Azərbaycan dilinin inkişafı ilə bağlı verdiyi qərarlar dilimizin və milli məfkurənin inkişaf etdirilməsində çox böyük xidmətlər göstərməkdədir" - deyə, komitə sədri vurğulayıb.
yap.org.az