"Hesab edirəm ki, burada şəxslər yer dəyişmir. Əgər ölkələrdən belə bir təlimat gələrsə, təbii ki, ATƏT-in Minsk qrupu da həmin təlimatı yerinə yetirə bilər. Amma bu təlimat olmadığı təqdirdə hər hansı bir şəxsin ATƏT-in yeni həmsədri olması heç bir şeyi dəyişməyəcək". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) xarici əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Ceyms Uorlikin ATƏT-in Minsk Qrupuna həmsədr təyin olunmasına münasibət bildirərkən deyib.
Asəf Hacıyevin sözlərinə görə, burada ilk növbədə hər bir ölkənin maraqları həyata keçirilir: "ATƏT-in Minsk qrupuna daxil olan hər bir ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Amma heç cür başa düşmək olmur ki, əgər bu ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıblarsa, axı problem nədən ibarətdir? Beləcə, qərar qəbul olunmalıdır ki, Ermənistan işğal olunmuş torpaqlardan öz qoşunlarını çəksin. Bu mənada hesab edirəm ki, hər hansı bir şəxs ATƏT-in Minsk qrupunun həmsədri olaraq heç nəyi dəyişə bilməyəcək. İlk növbədə burada ölkələr öz lazımi təlimatlarını verməlidirlər".
Qeyd edək ki, Uorlik vəzifəsinin icrasına sentyabrda başlayacaq. Uorlik bundan əvvəl ABŞ prezidentinin Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışıb və ABŞ-la Əfqanıstan arasında təhlükəsizlik razılaşması üzrə əsas müzakirəçilərdən biri olub.
sia.az