"Düşünürəm ki, eyni ssenari yenidən davam edəcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrləri heç bir rol oynamayacaq". Bunu SİA-ya Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa Ceyms Uorlikin ATƏT-in Minsk Qrupuna həmsədr təyin olunmasına münasibət bildirərkən söyləyib.Parlament üzvünün sözlərinə görə, əgər dövlətlərin mənafeyində, siyasətdə hər hansı bir dəyişiklik yoxdursa, burada uğurlu nəticədən söhbət aparmağa belə dəyməz: "Bunlar istənilən bir məmur kimi, hər an dəyişdirilə bilər. Bu mənada hesab edirəm ki, yeni həmsədrə ümid bəsləmək əbəs yerədir. Biz sadəcə olaraq öz işimizi görərək, mövqelərimizi möhkəmləndirməli və xarici ölkələrin dövlət siyasətinə təsir etmək imkanlarını düşünməliyik. Düşünürəm ki, bizim əsas işimiz bundan ibarət olmalıdır".Fazil Mustafa hesab edir ki, ATƏT-in Minsk qrupu hələ də vaxt uzatmaqla məşğuldur: "Biz sadəcə olaraq, bu formatdan uzaqlaşmağın yollarını tapmalıyıq. Düşünürəm ki, BMT ilə yanaşı, digər qurumların da bu işə müdaxiləsinə daha çox cəhd göstərməliyik. Bunların əsas məqsədi Ermənistan dövlətini qorumağa hesablanıb. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycan torpaqlarını alıb, işğalçı ölkəyə versinlər".
sia.az