"Mən ATƏT-in Minsk qrupunun həmsədrlərindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində irəliyə atılacaq uğurlu bir addım gözləmirəm". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Ceyms Uorlikin ATƏT-in Minsk Qrupuna həmsədr təyin olunması məsələsinə münasibət bildirərkən söyləyib.Deputatın sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrliyinə kimin gəlməsindən asılı olmayaraq, işğal faktının aradan qalxması üçün lazım olan açar Rusiya tərəfindədir: "Eləcə də Amerika Birləşmiş Ştatları (ABŞ) da müəyyən dərəcədə bu problemdə mühüm rol oynaya bilər. Bu mənada hesab edirəm ki, Ceyms Uorlik bundan əvvəl ABŞ prezidentinin Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışsa da, ABŞ-la Əfqanıstan arasında təhlükəsizlik razılaşması üzrə əsas müzakirəçilərdən biri olsa da, bu, işğal olunmuş torpaqların tənzimlənməsi istiqamətində ATƏT-in Minsk qrupunun münasibətini dəyişməyəcək. Bizim yeganə yolumuz güclənmək, Azərbaycanı daha da güclü dövlətə çevirmək, hərbi qüdrətimizi artırmaq və bununla da torpaqlarımızı azad etməkdir".Təyinatın sadəcə formal olduğunu deyən Fəzail Ağamalı, burada Rusiya amilinin güclü rola malik olduğunu diqqətə çatdırıb: "Bu gün Avropa enerji sahəsində Rusiyadan tam asılı vəziyyətdədir. Hətta ABŞ özü belə Dağlıq Qarabağ məsələsində Rusiya ilə münasibətlərinin kəskinləşməsi xəttini götürmür. Düşünürəm ki, işğal olunmuş torpaqların açarı Kremlin seyfindədir".
sia.az