PDF Oxu

Siyasət

  • 14

Əli Orucov: “Azərbaycan müxalifətinin nə istəməsi Rusiyanı maraqlandırmır”

Əli Orucov: “Azərbaycan müxalifətinin nə istəməsi Rusiyanı maraqlandırmır”

"Rusiya dövləti Azərbaycanı, o cümlədən Cənubi Qafqazı özünün təsir məkanı hesab edir. Təbii ki, burada rəsmi Moskvanın özünün dövlət və milli maraqları var". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə və ölkə müxalifətinin həmin səfərə yüksək səviyyədə hazırlaşmalarına münasibət bildirərkən söyləyib.Əli Orucovun sözlərinə görə, Rusiyanı Azərbaycan müxalifətinin nə istəməsi, nə ilə işlə məşğul olması və s. maraqlandırmır: "Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən müxalifət heç cür yararlana bilməyəcək. Əgər radikal müxalifət hakimiyyətə gəlmək iddiasındadırsa, Rusiyanın hakim dairələrinin onları dəstəkləyəcəyini zənn etmirəm. Axı hansı arqumentlərə, kriteriyalara görə, ölkə müxalifəti dəstəklənməlidir? Bunlar sadəcə olaraq görüntüyə və yalançı ümidlərə hesablanıb. Ölkə müxalifəti xalqla işləmək əvəzinə, öz gücünü, dayaqlarını, sosial bazasını Azərbaycanda axtarmaq əvəzinə, xaricə üz tutaraq rəngli inqilablara bel bağlayırlar. Bu isə yanlış siyasətdən başqa bir şey deyil".AMİP Mərkəzi Şurasının üzvü deyib ki, Rusiya ilə Azərbaycan arasında tarixi, mədəni və digər əlaqələr mövcuddur: "O da nəzərə alınmalıdır ki, adıçəkilən dövlətdə 2 milyona yaxın soydaşımız müxtəlif işlərdə çalışaraq, öz ailəsinə çörək pulu qazanırlar. Bu baxımdan hesab edirəm ki, hansısa dövlətə ümid bəsləyərək siyasət aparmaq, iflasa sürüklənməkdir".

sia.az

Digər xəbərlər