"Müxalifətin qondarma Milli Şurasının vahid namizədinin ikili vətəndaşlıqla bağlı seçkidə iştirakı suallar doğurduğu üçün, düşərgədə bir təlatüm hökm sürür. Artıq qondarma şura təmsilçilərindən öz namizədliklərini irəli sürməyə hazırlaşanlar var. Bu da öz növbəsində müxalifətin gözlənilən vahid namizəd sindromuna yeni bir baxışı ortaya qoymuş olur". Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib. O, müxalifət sözçülərinin Tbilisidə Rüstəm İbrahimbəyovdan son notları aldıqdan sonra qondarma Milli Şuranın seçkiyə bir neçə namizədlə qatılması məsələsinin gündəmə gətirildiyini də diqqətə çatdırıb: "Rüstəm İbrahimbəyovun pasport problemi həll olunmasa, o zaman qondarma Milli Şuranın seçkiyə Müsavat başqanı İsa Qəmbərlə və "El" hərəkatının rəhbəri Eldar Namazovun namizədliyi ilə qatılması məsələsinin artıq tərəflər arasında razılaşdırıldığı görünür. Bununla da müxalifətin vahid namizəd prizmasına son nöqtə qoyulur".
sia.az