PDF Oxu

Siyasət

  • 11

Politoloq: “Ermənilər Putinə qarşı analoji addımlar atıb”

Politoloq: “Ermənilər Putinə qarşı analoji addımlar atıb”

MDB-də Rusiyaya qarşı mübarizə kampaniyası aparan yeganə dövlət Ermənistandır"

"Rusiya Federasiyası Azərbaycanı çıxmaq şərtilə, bütün MDB regionu dövlətlərinə təzyiq kampaniyası aparır. MDB-də Rusiyaya qarşı mübarizə kampaniyası aparan yeganə dövlət isə Ermənistandır". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, Rusiya forpostu və ya strateji müttəfiqi hesab etdiyi Ermənistana planlaşdırdığı investisiyaları dayandırıb: "Rusiya bu ölkədə yaşayan ermənilər üzərində nəzarəti gücləndirib. Kütləvi qırğınla nəticələnən avtobus qəzası törədən erməniyə qarşı qadın xalatı geydirilməsi müqabilində ermənilər sosial şəbəkələrdə Vladimir Putinə qarşı anoloji addımlar atdılar. Hətta Rusiya səfirinin qovulmasını tələb etdilər. Eyni zamanda erməni deputatlar Avropa Parlamentindən Moskva şəhərinin merinin cəzalandırılmasını tələb etdilər. Ermənilərin imkanları çatsaydı, Putinin də cəzalandırılmasını tələb edərdilər".

"Avropa İttifaqının Assosiativ üzvlük sazişini Ermənistanın paraflaması, hətta bu sazişə qoşulması realdır. Aİ və Ermənistan tərəfindən səsləndirilən bəyanatlar, atılan addımlar, bunu deməyə əsas verir. Aİ-nin genişlənmə üzrə komissarı Ş.Füle Gürcüstanda keçirilən tədbir zamanı proqramda nəzərdə tutulmadığı halda Ermənistana səfər etdi. Bununla da Aİ-nin Ermənistana Assosiativ müqaviləyə qoşulmasına ehtiyacını nümayiş etdirdi. Ermənistanın Aİ-yə üzvlüyü Aİ tərəfdən siyasi məsələ olduğunu dəlalət edir. Belə ki, Aİ Dağlıq Qarabağla bağlı Ermənistanın qarşısında qoyduğu şərtləri arxa plana keçirdi. Ş.Füle Rusiyanın Ermənistana baha qiymətə qaz satmasından narahatlığını bildirdi və bunu Rusiyanın Ermənistana təzyiqi adlandırdı. Ş.Fülenin yanaşması siyasidir, ona görə də qərəz nümayiş etdirdi", -deyə politoloq sözlərinə əlavə edib.

M.Əhmədoğlu qeyd edib ki, Rusiyanın MDB dövlətlərinin bəzilərinə etdiyi təzyiqlər Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı ilə bağlıdır. Ukrayna, Moldova, Gürcüstan və Ermənistan noyabrda Aİ-nin Vilnüs sammiti zamanı assosiativ müqaviləni paraflamağa çox yaxındırlar. Ermənistan parlamentinin spikeri və Ermənistanın xarici işlər naziri bütün müvafiq görüşlərdə Ermənistanın Assosiativ müqaviləyə üzv olacağını bildiriblər. Parlamentin spikeri Abramyan Ermənistanda avrointeqrasiya mövzusunun ruporuna çevrilib. Ermənistan prezidenti S.Sərkisyan münasib bildiyi vaxtlarda, münasib qaydada bu məsələyə münasibət bildirib. Ermənistan hökuməti Gürcüstanla sərhəddə olan nəzarət-keçid məntəqələrinin rekonstruksiyasına başlamaq haqqında qərar qəbul edib. RF FTX rəisi N.Patruşev ötən ay İrəvanda olarkən, Ermənistanın dörd qonşusu ilə olan sərhədlərin təhlükəsizliyinin Rusiya tərəfindən təmin olunması məsələsini qaldırmışdı. Rəsmi İrəvan Gürcüstanla sərhəddəki nəzarət-keçid məntəqələrinin rekonstruksiyasına başlamaqla bağlı Rusiyanın təklifinə rəddetdi, Aİ ilə əməkdaşlığa isə razılıq verdi.

Politoloq vurğulayıb ki, Rusiyanın Azərbaycana qarşı heç bir təzyiqi görünmür, əksinə Dağıstanda avarların sakitləşməsi, Dərbəndin mərkəzi küçəsinə Ümummilli Lider Heydər Əliyevin adının verilməsi tamam fərqli münasibətlər sistemindən xəbər verir: "İnquşetiya Şimali Qafqazda mümkün regionlardan biridir və Şimali Qafqazda proseslərin gələcək inkişafı indi İnquşetiyada baş verənlərdən çox asılıdır. Vladimir Putinin xüsusi tapşırığı ilə İnquşetiyanın böyük nümayəndə heyəti Azərbaycanda oldu. Putin Azərbaycana səfərə hazırlaşır. "Rosneft" şirkəti ARDNŞ-la birlikdə Azərbaycan və Rusiya ilə yanaşı, üçüncü dövlətlə də əməkdaşlıq etməyə hazırlaşır. Üçüncü dövlət dedikdə, daha çox İranı başa düşmək lazımdır. Bu baxımdan Rusiyanın Azərbaycana təzyiq edəcəyi inandırıcı deyil. Azərbaycanla münasibətlər Yaxın Şərq regionunda çox böyük perspektivlər vəd edir. İndiki Azərbaycan dünyada yaşayan 52 milyon azərbaycanlını koordinasiya edən dövlətdir",

Politoloq sözlərinə əlavə edib ki, Ermənistanın Avropaya inteqrasiya və yaxud indiki antirusiya yoluna yuvarlanması ermənipərəst Rusiya ekspertlərinin yaxından iştirakı ilə baş tutub: "Regnum", Rusiya Strateji Tədqiqatlar İnstitutu, "REX İA", M.Kolerov, K.Zatulin, S.Tarasov, N.Krivopuskov, A.Zaxarov, M.Aleksandrov, A.Areşev, S.Markedonov əvvəldən Ermənistanın antirusiya siyasətinin tərkib hissəsi olublar. Ən azı, rəsmi İrəvan onlara bu qisimdə yanaşıb. Sadalanan qrupun nümayəndələri Ermənistan-Türkiyə sərhədlərinin açılmasına heç vaxt ardıcıl neqativ münasibət bildirməyiblər. Ermənistanın Türkiyə ilə sərhədləri açması onun Rusiyadan uzaqlaşıb, Qərbə keçməsi demək idi. Rəsmi İrəvanın əlində alət olan Rusiya strukturları və ekspertləri, Ermənistanda rus dilinə qarşı ən təhqirli kampaniya aparıldığı dövrdə tamam susmuşdular. Bu qrup Rusiyanın Azərbaycana düşmən olması üçün əlindən gələn hər şeyi etdi. Azərbaycanın Rusiya kimi düşməni olması yalnız Ermənistanın maraqlarına uyğundur. Bu halda Ermənistan istədiyi qədər Azərbaycan torpaqlarını işğal altında saxlaya bilər. Rəsmi İrəvanın əlində alət olan bu böyük ekspertlər ordusu Ermənistanın marağına uyğun gələndə, NATO-nun da imicini qorumaqla məşğul idilər. Ramil Səfərovun ekstradisiyası və əfv olunması zamanı Rusiyadakı ermənipərəst ekspert ordusu məhz bu mövqedə dayandı: R.Səfərovun NATO tədbirində erməni zabitini öldürməsinin bir mənası da NATO-nun imicinin zədələnməsi anlamında idi. Ermənistanın sözü ilə, RF ekspertləri Azərbaycanı NATO-nun imicini zədələdiyi üçün cəzalandırmaq istəyirdilər. Yuxarıda adı sadalanan strukturlar və ekspertlər ermənipərəstlik etməsəydilər, bəlkə də Ermənistanın indiki antirusiyaçılığı baş tutmayacaqdı. Həmin ekspertlər vaxtında Ermənistanın antirusiya siyasətinə "dur!" desəydilər, onların Ermənistanın antirusiya siyasətini dayandırmağa gücləri çatardı. Bunu etmədilər və nəticə göz qabağındadır. Amma Rusiya üçün daha faciəli nəticəni ehtimal etmək olar. Ermənistan Şimali Qafqazdakı məsələləri Avropa dövlətləri ilə müzakirə edib; Ermənistan SSRİ dağıldıqdan az sonra çeçenlərin müstəqilliyi ideyasının Qərb tərəfindən dəstəklənməsi istiqamətində xeyli işlər görüb; o zaman bütün bu işlər Ermənistan Prezident Aparatı tərəfindən koordinə edilirdi. Ermənilər indinin özündə də Şimali Qafqazda və Dağıstanda müəyyən etnik qruplarla sıx əlaqəyə malikdirlər. Düzdür, ermənilərin bu əlaqələri antiazərbaycan mahiyyətlidir. Lakin qısa müddət ərzində bu birgə fəaliyyət digər istiqamətlərə də yönələ bilər. Suriya erməniləri tamamilə ABŞ-ın himayəsinə keçirlər. ABŞ onları himayəyə götürməklə bağlı niyyətini açıqladı. ABŞ-ın Suriya ermənilərinə himayə niyyətini həm bütün ermənilər alqışladılar. Bu o deməkdir ki, Suriya prosesləri çox asanlıqla ermənilərin vasitəsilə Cənubi və Şimali Qafqaza, Stravropol və Rostova daşına bilər. Suriya ermənilərinin Şimali Qafqaza köçürülməsi ən çox gözlənilən məsələdir. ABŞ Suriyadakı proseslərin indiki mərhələsində Rusiyaya uduzur, amma bu vaxtadək uduzduğunu boynuna almayıb və böyük bir ərazidə qara dəlik yaratmaqla aradan çıxıb. Rusiya SSRİ dağıldıqdan sonra ilk dəfədir ki, özü üçün müvəffəqiyyət qazana biləcəyi region yaradıb. Qərb Rusiyanın müvəffəqiyyət zonası yaratması ilə də barışmır. Bütün bu məsələlərdə ermənilərin mühüm rolu var. Son vaxtlar ABŞ-dakı ermənilər ABŞ-ın Qafqazda uğurlu siyasətindən bu siyasətə törədilən maneələrdən danışmağa başlayıblar. Bu o deməkdir ki, SSRİ-nin dağılmasında ermənilərin oynadığı rol ABŞ tərəfindən yada salınıb. Ermənilərin SSRİ zamanı Moskva metrosunda terror törətmələri, saxta pul kəsmələri, SSRİ-nin dağılmasının başlanmasında və davamında ən aparıcı fəaiyyətləri şübhələnənlərə cavab ola bilər".

M.Əhmədoğlu vurğulayıb ki, Suriya hadisələrinin Şimali Qafqaza keçməsi ilə bağlı fikirlər Ermənistanın əlavə fəaliyyəti və əlavə pul qazanması mövzusuna kifayət qədər aydınlıq gətirir: "Suriya erməniləri heç vaxt Rusiyanın planına uyğun hərəkət etməyiblər. RF həm dini, həm də rəsmi xətlə erməniləri bu işə qoşmaq istəsə də, təklifləri rədd olunub. ABŞ-da Suriya ermənilərinə yardım ayırmaq məsələsi müzakirə edildi. ABŞ-dakı erməni diasporunun təmsilçiləri bu müzakirələrdə iştirak etdilər. ABŞ Suriya ermənilərinə yardım ayırmaqla onları antiəsəd və antirusiya fəaliyyətinə şirnikləşdirir. Rəsmi İrəvanın bu sxemdən xəbəri var və məhz bu sxemin iştirakçısıdır".

sia.az

Digər xəbərlər