PDF Oxu

Siyasət

  • 4

Vətənin, dövlətin və xalqın keşiyində...

Vətənin, dövlətin və xalqın keşiyində...

Adı və yaranması ilk milli cümhuriyyətimizlə qoşa çəkilən Azərbaycan polisi haqqında yazmağın, onun keçdiyi tarixi inkişaf yolunun tədqiq edilməsinin və bu gün müasir dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilən Azərbaycanımızın gələcəyinə ümidlə baxdığı hər bir insanına tarixi həqiqətləri çatdırmağın şərəfli bir iş olduğunu anlamaq, yorulmadan qələmə sarılmaq bu haqq işə könül verənlərçün yaşamağın ən böyük həzzidir. Keçən dövr ərzində yaşananlar, xalqımızıa qarşı tarixi ədalətsizlikləri açıq-aydın, göz görə-görə edənlər qədim bir xalq kimi cəmiyyətin inkişafı naminə etdiklərimizin də üstünə qara xətt çəkib tarixin dərin qatlarına gömməkdən, düşünən başlarımızı, haqqı yazan əllərimızı kəsməkdən belə çəkinmədilər. Lakin tarix göstərdi ki, əzilən, haqqı yeyilən bir xalqın intiqamı daha ağır olurmuş. Düzdür, biz intiqam hissindən uzaq bir xalq olsaq da, 70 il ərzində yeyilən haqlarımız uğurunda mübarizə aparıb imperiyanın çökməsini tezləşdirdik. Regionun həssaslığına yaxşı bələd olan məlum güc (və ya güclər) anladılar ki, haqq uğurunda mübarizə aparıb müstəqillik əldə edən, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan bir dövlət qısa zaman kəsiyində təkcə regionun deyil, dünyanın liderlərindən birinə çevriləcəkdir. Və yenə də müharibəyə zəmin yaradan iddiaları bağırmağa məcbur edilən, özgənin dili danışan bir "dövlətin", əsassız torpaq davası və yenə də Azərbaycan torpaqlarında müharibə virusu, barıt qoxusu, bir sözlə, erməni kartı...

Bəlkə də bunları yazmayıb birbaşa mətləbə keçsəydim daha da maraqlı olardı. Ancaq yazdım ki, birlikdə xatırlmağımıza əmin olum...

Torpaqlarımızın işğal olunması, düşmənə tutarlı cavab verə bilməməyimiz, arxalı düşmən qarşısında dözümsüzlüyümüz, az da olsa təlim görmüş bir orduya malik olmamağımız dövlətimizin və xalqımızın varlığını sual altında qoydu. Lakin inamımız və ümidimiz ölmədi. Ulu Öndərin gəlişi düşmənə nifrəti qılıncdan da iti olan, lakin yalın əlləri ilə ürək dağlayan qayakürək oğulların əyilən qəddini düzəltdi, onları yenidən mübarizəyə ruhlandırdı. Onun səsinə ilk öncə səs verənlər, tapşırıqlarına əməl edənlər yenə də Azərbaycan polisi idi. Çünki ideoloji və psixoloji baxımdan hazırlıqlı, silahın dilini bilən həmkarlarımız düşmənə qarşı, sözün əsil mənasında, rəşadətlə vuruşaraq elə bir qəhrəmanlığa imza atdılar ki, artıq məktəbli uşaqlar belə orduya yazılmaq, torpaq uğurunda döyüşmək üçün hərbi komissarlıqlara üz tutdular...

Tapşırıqlar çətin, ümidlər isə sonsuz idi. Dişinəcən silahlanmış düşmənə qarşı nifrətlə vuruşmaq heç də hər şeyi həll etmirdi. Topun, tüfəngin qarşısında nə etmək olardı ki? İtkilər isə günü-gündən çoxalırdı. Ümid yenə də Ona idi. Çünki könüllülərdən ibarət dəstələri ordu halına salmış Vətən müdafiəçilərinə Komandan, ömrü odlardan keçmiş bir şəxsiyyət-general, dahi siyasi xadim Heydər Əliyev başçılıq edirdi. O, polisə inamını, polisə güvəncini bütün çıxışlarında qeyd edir, vətənpərvərlik hisslərinin yüksəlməsi üçün əsgərlərlə, döyüşçülərlə birlikdə səngərlərdən düşmənin mövqelərini izləyirdi. Ölüm qorxusunu ürəklərində çoxdan "öldürmüş" həmkarlarımızın şücaətləri bəlkə də cild-cild kitablara sığmaz. Onlar öz qanlarıyla Azərbaycan polisinin döyüş tarixini yazdılar. Həmin döyüşlərdə 1695 həmkarımız və hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər ağır xəsarət aldı. Göstərdikləri fədakarlığa və şücaətlərə görə 68 nəfərə "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi. Onlar bizə gözlərini qırpmadan, uf demədən, ömrünü Vətənə bağışlamağın əlifbasını öyrətdilər, bayraq kimi gözümüzdə müqəddəslik timsalına çevrildilər. Bu gün onları anmaqla, xatırlamaqla, ailələrinə baş çəkməklə bir vətəndaş kimi, bir həmkar kimi öz vəzifə borcumuzu bitmiş hesab etmirik. Onların haqqında filmlər çəkilir, əsərlər yazılır, adları əbədiləşdirilir, hərbi hissələrdə, tədris müəssisələrində keçdikləri döyüş yolundan ürəklə, olduğu kimi, rəngsiz-boyasız danışmaqla gənc həmkarlarımıza aşılamağa çalışırıq ki, onlar kimi Vətəni, xalqı sevməyi ürəklərində doğma bir yurd yeri kimi əbədi qoruyub-saxlasınlar...

Mən onları yenidən xatırladım. Bu, sıradan bir xatırlama, hissə qapılma deyil. Azərbaycan polisinin 95 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə onların da yeri görünürdü, ruhları boy verirdi. Əziz, işıqlı xatirələri sükutla anıldıqca, adları iftixar hissi ilə çəkildikcə müstəqil bir dövlətin polisi olmağımla fəxr etdim, qürurdan sinəm qabardı. Çünki mənim Vətən sevdalı xələflərim var ki, adları ilə, əməlləri ilə Azərbaycan polisinin şanlı adını tarixə əbədi həkk ediblər...

Bayram ərəfəsində Azərbaycan polisinə ən böyük qiyməti, dəyəri yenə də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev verdi. Onun Polis Akademiyasında etdiyi proqram xarakterli çıxışı Azərbaycan polisinin gələcək hədəflərini müəyyənləşdirməsinin demək olar ki, əsasını qoydu. Ölkə başçısının bu gün polisə qara yaxanlardan, onun xidmətini, fəaliyyətini haqsız yerə tənqid edən qaragüruhçulardan fərqli olaraq dediyi: "Polis orqanlarının inkişafı, polisdə sağlam ab-havanın yaranması, polis orqanlarının öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsi-bütün bu məsələlər ölkəmizin ümumi inkişafına çox müsbət təsir göstərmişdir",- fikri bir daha onu təsdiq edir ki, utopiyadan uzaq, öz "qızıl vaxtını" dövlətinin və xalqının rifahı, inkişafı naminə xərcləyən, həqiqəti olduğu kimi deməyi bacaran İlham Əliyev Azərbaycanımızın inkişafı üçün atılan hər bir addımı, göstərilən ən kiçik xidməti belə diqqətdən kənarda qoymur, əksinə, ona dəstək və yardımçı olur. Əlbəttə, Azərbaycanın son zamanlar yüksələn xətlə inkişafı, beynəlxalq dəstəyinin artması, özünə etibarlı tərəfdaşlar qazanması və özünü etibarlı tərəfdaş kimi təsdiq etməsi, müsbət meyillərin iqtisadiyyatımıza bilavasitə təsiri, regioanlarda tikinti və quruculuq işlərinin geniş vüsət alması, işsizliyin aradan qaldırılması, yeni, daimi iş yerlərinin açılması, yoxsulluqla mübarizənin gücləndirilməsi, dövlət başçısına xalqın inam və etimadının artması, şübhəsiz ki, daxildə və xaricdə olan düşmənlərimizdə qıcıq yaratmaya bilməz. Bu gün insanların rahat, təhlükəsiz yaşamaları, öz asudə vaxtlarını istədikləri kimi keçirmələri inkişafın, tərəqqinin, ən ümdəsi sabitliyin nəticəsi deyilmi? (Bunu görməyənlər isə bu günlərdə Gürcüstan paytaxtında Azərbaycan əleyhinə fikir səsləndirməklə, arxalandıqlarına boyun əyməklə, öz rəzilliklərini bir daha nümayiş etdirdilər.)

Polisin sabitliyin keşiyində ayıq-sayıq durmasının əsas səbəblərindən birini ölkə başçısı uğurla aparılan dövlət siyasəti ilə bağlayır: "Azərbaycanda bax, bugünkü vəziyyətin, sabitliyin, inkişafın, gələcəyə inamın təməlində dövlət siyasəti dayanır. Düzgün, müdrik dövlət siyasəti ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşıdır. Eyni zamanda, polis işçilərinin fəaliyyəti, onların peşəkarlığı, ictimai asayişin onlar tərəfindən qorunması bu sabitliyi daha da möhkəmləndirir. Mən çox şadam ki, Azərbaycanda polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır". Qeyd olunmalıdır ki, polisin sabitliyin keşiyində ayıq-sayıq durması, cinayətkarlıqla mübarizədə dönməzlik nümayiş etdirməsi həm də ondan xəbər verir ki, işləmək, çalışmaq, bilik və bacarığını nümayiş etdirmək üçün hər cür şərait yaradılıb, müasir avadanlıqlarla tam təchiz olunmuş xidməti binalar istifadəyə verilib. Yəni baş vermiş cinayətin üstünün qısa zamanda açılması peşəkarlıqla yanaşı, texniki təminatın da göstəricisidir. Azərbaycan polisinin 95 illik yubileyinə həsr olunmuş mərasimdə ölkə başçısının polis və vətəndaş münasibətlərinə toxunması diqqətçəkən, günümüz üçün aktual məsələlərdən idi. Cəmiyyət dəstəkli polisə olan inamın yaradılması sabitliyin qorunmasının, cinayətkarlıqla və terrorçuluqla və digər qanunazidd əməllərlə mübarizənin əsasıdır,- deyən möhtərəm Prezidentimizin aşağıdakı fikri ilə yazıma nöqtə qoyuram: "Bütövlükdə cəmiyyətdə polis orqanlarına münasibət cəmiyyətin, ümumiyyətlə inkişaf səviyyəsini göstərir. Polis orqanlarına cəmiyyətdə çox böyük hörmət olmalıdır və bu hörmət polis orqanları tərəfindən qazanılmalıdır. Polis orqanlarının əməkdaşları özlərini insanlarla təmaslarda elə aparmalıdırlar ki, onlara hörmət daha da çox olsun. Polisə olan hörmət dövlətə olan hörmətdir. Yəni cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm".

Hafiz Təmirov,

polis kapitanı

Digər xəbərlər