Mehriban xanım Əliyeva: "Dünya mədəniyyət nümunələrinin ölkəmizdə tanıdılmasına xidmət edən, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələri daim dəstəkləyəcəyəm".
Müasir dövrümüzdə Azərbaycanın iqtisadi inkişafını, ölkədə hökm sürən siyasi sabitliyin məntiqi nəticəsi olaraq bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği ilə bağlı möhtəşəm layihələr reallaşır. Bu layihələrə dövlət dəstəyinin olması milli mədəniyyətimizin daha geniş bir şəkildə təbliğinə meydan verir. Ölkə rəhbərinin bir-birinin ardınca imzaladığı sərəncamlar mədəniyyət və incəsənətimizin inkişaf etdirilməsində önəmli amillərdir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda milli musiqimizin, muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində gerçəkləşən irimiqyaslı layihələr öz nəticəsin verir. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması, Muğam Mərkəzinin inşa edilməsi, "Muğam aləmi" festivalının təşkil, "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunun nəfis şəkildə nəşri və s. Azərbaycan muğam sənətinin inkişafına təkan olmaqla yanaşı, Azərbaycan və muğam sənəti ilə bağlı geniş təsəvvürün yaranmasına də səbəbdir. Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuşdur. Bütün bunlar Azərbaycan mədəniyyətinin beşiyi kimi dünyaya tanıdılmasında əsas vasitədir.
Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən beynəlxalq müsabiqə və festivallarda Azərbaycan milli mədəniyyəti Qərb dünyasına yaxınlaşır. İyul ayının 24-də start götürən V Qəbələ Beynəlxalq Musiqi Festivalı da dünya musiqiçilərini bir araya gətirərək, Azərbaycan diyarı və onun musiqisi haqqında çox məqamları qonaqlara təqdim etdi. Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihələri sırasında xüsusi yer tutan Qəbələ festivalı 2009-cu ildən ənənəvi olaraq keçirilir. Müxtəlif ölkələrdən tanınmış ifaçıları, məşhur kollektivlərini bir araya gətirən musiqi bayramı bu il beşinci dəfə gerçəkləşir.
Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən digər mədəniyyət layihələri kimi, Qəbələ festivalı da beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus yer qazanıb. Son illər Qəbələ çox gözəl və müasir şəhərə çevrilib. 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı elan olunan Qəbələdə indiyədək bir neçə mədəni-humanitar tədbir keçirilib. Gözəl hotellər, yollar, hava limanı və digər imkanlar tədbirlərin yüksək səviyyədə təşkil olunmasına şərait yaradıb. Bu gün Qəbələnin adı beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sıra da çəkilməsi uğurlardan xəbər verir. Qəbələ kimi gözəl bir məkanda beynəlxalq musiqi festivalının keçirilməsi təqdirəlayiqdir. Bu, hər bir azərbaycanlının sevinc, qürur mənbəyidir. Musiqi bayramında iştirak edən Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail və başqa ölkələrin təmsilçilərinin festival, Qəbələ ilə bağlı təəssüratları zəngin olmuşdur. Bu heyranlıq dilə gəlmişdir. Beynəlxalq festival çərçivəsində keçirilən muğam axşamında mindən çox tamaşaçının izlədiyi konsertdə muğam kompozisiyası Azərbaycan muğam sənətinin ecazkarlığı ilə bağlı təəssürat yaradıb. Səsləndirilən "Bayatı-Şiraz", "Mahur", "Segah", "Şahnaz", "Rast" muğamları, eləcə də "Qarabağ şikəstəsi" xarici qonaqlar tərəfindən heyranlıqla qarşılanıb. Beynəlxalq müsabiqələr laureatı, tanınmış litvalı pianoçu xanım Muza Rubatskite festivalın təşkilatçılığını yüksək qiymətləndirərək bu möhtəşəm incəsənət bayramında görkəmli sənət adamları ilə birgə konsert verməyin özündə unudulmaz təəssürat yaratdığını vurğulayıb. O, Qəbələni Qafqazın İsveçrəsi adlandırıb: "Bu gözəl məkanın insanları çox səmimi və qonaqpərvərdirlər. Qəbələyə ilk gəlişimdir və bu günləri heç vaxt unutmayacağam. Gözəl təbiəti olan Qəbələdə klassik musiqi insanda xoş ovqat yaradır".
Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il Qəbələdə keçirilən Beynəlxalq Festival artıq Azərbaycanın hüdudlarından kənarda geniş şöhrət qazanmış, dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Milyonlarla tamaşaçı auditoriyası olan populyar "Euronews" telekanalında yayımlanmış reportaj da festivala böyük maraq olduğunu göstərir. Azərbaycanın cənnət guşələrindən olan Qəbələ təbiətinin qoynunda məşq etməkdən fövqəladə ruh yüksəkliyi bəxş olunduğu diqqətə çatdırılır: "Azərbaycanın təbiəti unikaldır: 11 iqlim qurşağından 9-u buradadır. Dağların hündürlüyü 5 min metrə çatır. Biz hətta səhnəni də elə qurmuşuq ki, dağları tamaşaçılar deyil, musiqiçilər görsünlər. Tamaşaçılar yalnız otelləri görürlər, biz isə səhnədə bu valehedici və əzəmətli dağlardan zövq alırıq".
Reportajda Azərbaycan muğamından da danışılıb. Bildirilir ki, bu mürəkkəb musiqi janrının əsası improvizasiya məharətinə söykənir: "Azərbaycan xalqının musiqi duyumu və qonaqpərvərliyi çox yüksəkdir. Əminəm ki, növbəti illərdə Qəbələ festivalını izləmək üçün dünyanın hər yerindən daha çox turist bu ecazkar məkana axışacaqdır".
Bu ecazkar diyarda Şərq mədəniyyəti ilə bağlı olan məqamlar iştirakçılara cənnəti xatırladıb. Açıq havada kamera, simfonik musiqini dinləmək, muğamın sehrinə düşmək elə cənnəti yaşamaqdır. Real mənzərə Azərbaycanın dünyada nüfuzunun gündən-günə artmasına dəlalət edir. Qədim tarixə və gözəl təbiətə malik Qəbələdə belə bir festivalın keçirilməsinin böyük əhəmiyyəti vardır. Azərbaycanın birinci xanmı Mehriban Əliyevanın himayəsi ilə keçirilən bu festivalda çox görkəmli ifaçıların iştirak etməsi mötəbər tədbirin əks-sədasının bütün dünyada çox geniş yayılacağına şübhə oyatmır.
Qəbələ festivalı musiqi vasitəsilə mədəniyyətlərarası dialoqa da öz töhfəsini verir. Bu layihə bütün dünyada mədəniyyətin inkişafına təkandır. Mehriban Əliyevanın festival iştirakçılarına ünvanladığı məktubda beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiyanın Azərbaycanın dövlətlərarası siyasətlərinin əsas prioritetlərindən biri olduğunu bildirir: "Bu gün beynəlxalq ictimaiyyət Azərbaycan mədəniyyətinə böyük maraq göstərir. Mən də YUNESKO-nun xoşməramlı səfiri kimi dünya mədəniyyəti xəzinəsini olduqca dəyərli əsərlərlə zənginləşdirmiş, xalqımızın mədəni irsinin dünyada təbliğ olunmasına, dünya mədəniyyət nümunələrinin ölkəmizdə tanıdılmasına xidmət edən, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələri daim dəstəkləyəcəyəm".
Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri və məşhur musiqiçilərlə yaxından tanış edir. Heydər Əliyev Fondunun uğurlu layihələrindən olan beynəlxalq musiqi festivalı uzun illər yaddaşlardan silinməyəcəkdir.
Bu festival həm də böyük maarifçilik missiyası daşıyır. Dünyanın hər yerindən Qəbələnin səsi gəlir, bu gözəl diyarda isə dünya musiqisi səsləndirilir. Azərbaycan xalqının yüksək mədəniyyətə sahib olduğunu bir daha təsdiqləyir.
Nəzakət ƏLƏDDİNQIZI