İlham Əliyev: "Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir"
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət tədbirləri və davamlı islahatlar, mükəmməl iqtisadi strategiyanın gerçəkləşməsi iqtisadiyyatın bütün sahələrində dinamizm meyillərini gücləndirib. Respublikamızda davam edən inkişaf dinamikası ilin əvvəllərindən başlayaraq hər ay artım tempi ilə müşahidə olunur. Bu ilin altı ayında Azərbaycanda iqtisadi inkişaf 5 faiz təşkil edib və bu iqtisadi artım da daha çox qeyri-neft sektorunun inkişafı hesabına baş verib. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir.
2013-cü ilin ilk altı ayının sosial-iqtisadi inkişaf göstəricilərinin təhlili onu deməyə əsas verir ki, Azərbaycanın iqtisadiyyatı coxşaxəlidir və ümumi daxili məhsulun artımının qeyri-neft-qaz sektorunun davamlı və sıçrayışlı inkişafı hesabına təmin etmək, iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsini genişləndirmək tam mümkündür.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin ilk altı ayının sosial-iqtisadi inkişaf göstəricilərinin yekununa həsr olunmuş iclasında bildirib ki, bizim iqtisadiyyatımızın gələcək yüksək inkışafı qeyri-neft sektoru ilə bağlı olacaq: "Hesab edirəm ki, Azərbaycanda iqtisadi artım bu il də dünya miqyasında nümunə ola bilər. Ümumi daxili məhsul 5 faiz artmışdır və ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz təxminən 11 faiz artmışdır. Bu, son illər ərzində Azərbaycanda görülmüş işlərin, düzgün aparılan iqtisadi islahatların nəticəsidir. Bu göstəricilər, deyə bilərəm ki, dünya miqyasında ən yüksək səviyyədədir. Çünki bizim əsas hədəfimiz bu gün qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir və hesab edirəm ki, bu istiqamətdə çox ciddi nailiyyətlər əldə edilib".
Son 10 il Azərbaycan iqtisadiyyatının inkişaf ilidir
Məlum olduğu kimi, makroiqtisadi sabitliyi qoruyub saxlamaq, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru və regionların inkşafının sürətləndirilməsi, sahibkarlığı inkişaf etdirmək və ona dövlət dəstəyini gücləndirmək, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaratmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindəndir. Ölkə Prezidenti İlham Əliyev bununla bağlı bildirmişdir: "Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və biz bu gün qeyri-neft sektorunun inkişafına üstünlük veririk. Bu, bizim prioritet məsələmizdir".
Son 10 ildə Azərbaycan iqtisadiyyatında əldə olunan nailiyyətlər bir daha onu sübut edir ki, həqiqətən də Azərbaycan uğurlu, rekord inkişaf yolundadır. Dövlət başçısı bunun çox yüksək göstərici olduğunu qeyd edərək bildirmişdir ki, Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və biz bu gün qeyri-neft sektorunun inkişafına üstünlük veririk: "Bu, bizim prioritet məsələmizdir. İlin birinci yarısında neft sektorunda artım 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz olmuşdur. Bu, gördüyümüz işlərin bariz nümunəsidir. Çünki bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bugünkü reallıqları təmin edir".
Azərbaycan Prezidenti vurğulamışdır ki, bundan sonra da qeyri-neft sektoruna xüsusi diqqət göstəriləcək və qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir: "2013-cü ilin birinci rübü Azərbaycan üçün kifayət qədər uğurlu olub və davam etdirilən islahatlar keyfiyyətcə daha da böyük nəticələrə gətirib çıxaracaq, 2013-cü il iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında rekord ili olacaq".
Qeyd edək ki, son 10 ildə Azərbaycanda real ÜDM-in həcmi 3 dəfədən çox artmış, respublikamız Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin 70 faizindən çox hissəsinə sahib olmaqla regionun lider dövləti kimi mövqeyini gücləndirmişdir. Neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi ilə bu sahənin inkişafında ciddi nailiyyətlər qazanılmışdır. Qeyri-neft sektorunda yeni istehsal sahələrinin açılması və yeni iş yerlərinin yaradılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun misli görünməmiş miqyasda inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması bu dövrdə bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil etmiş, Azərbaycanda iqtisadiyyatın ağırlıq mərkəzinin artıq qeyri-neft sektorunun üzərinə keçirilməsinə imkan vermişdir ki, bu da qeyri-neft sektorunun dinamik inkişafına, ölkə iqtisadiyyatının diversifikasiyasına yönəldilmiş siyasətin nəticəsidir. Məhz bu uğurlu inkişafın nəticəsidir ki, Azərbaycanın iqtisadiyyatı son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur. Son ildə əldə olunan nailiyyətlər onu göstərir ki, gələcək illərdə qeyri-neft sektorunda artım templərinin ümumi iqtisadiyyatdakı artım templərini qabaqlaması davam edəcək və nəticədə ÜDM-də qeyri-neft sektorunun payı daha da artacaqdır.
Sahibkarlığın inkişafı prioritet məsələdir
Qeyri-neft sektorunun inkişafı ilk növbədə sahibkarlığın inkişafı ilə bağlıdır. Neft-qaz sektorundan fərqli olaraq burada yaradılan əlavə dəyər daha çox sayda sahibkarlıq subyekti və işçi qüvvəsi hesabına təmin olunur. Bu gün Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorundakı 470 mindən çox sahibkarlıq subyektində 3 milyondan artıq insan çalışır ki, bu da respublikamızda işsizlik problemlərinin həlli baxımından çox böyük əhəmiyyətə malikdir. Bu mənada, əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən olmuşdur. Ötən il sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, özəl sektora dövlət dəstəyinin artırılması, sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığa əsasız müdaxilələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir. Sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmışdır. Qeyri-neft sektorunun inkişafında özəl sektora verilən kreditlər çox böyük rol oynayır. Məhz həmin kreditlərin nəticəsidir ki, son illər ərzində bəzi bölgələrdə ÜDM 3-4 dəfə artıb. Burada Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı kreditlərin də rolu böyükdür. 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə, 218 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına ayrılmışdır. Verilmiş kreditlərin 83 faizi regionların payına düşmüşdür. Bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2012-ci ildə yeni texnologiyalara əsaslanan 88 layihəyə 188 milyon manat güzəştli kredit verilmişdir.
Ümumilikdə, 2012-ci il ərzində fond tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, 10-u isə digər sənaye sahələri-metal konstruksiyalar zavodu, toxuculuq, parça boyama, tikiş, kağız və karton məhsulları istehsalı müəssisələridir.
Dövlət proqramlarının icrası davamlı uğurların məntiqi nəticəsidir
Qeyri-neft sektorunun inkişafında "Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin, o cümlədən regionlarda istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsinin böyük rolu olmuşdur. Ekspertlər qeyd edir ki, regionların inkişafı artıq Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialının, Azərbaycan biznesində payının artmasına gətirib çıxarmışdır. Ümumiyyətlə, son illərdə regionlarda istifadəyə verilən müəssisələrin istehsal gücünü artırması və yeni rəqabətqabiliyyəti məhsulların buraxılışı sənaye sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artmasına səbəb olmuşdur. Dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən müəssisələr yaradılmış, bir çox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunaraq, qeyri-neft ixracını artırmışdır. Belə ki, 2010-cu ildə Azərbaycan biznesinin cəmi 5 faizi regionların payına düşürdüsə, artıq bu rəqəm 10 faizə yaxınlaşıb. Əgər 2010-cu ildə büdcə gəlirlərinin 4 faizi regionların payına düşürdüsə, bu rəqəm artıq 10 faizə yaxınlaşıb ki, bu da qeyri-neft sektorunun inkişafı hesabına əldə olunub. Sənaye məhsulunun ümumi buraxılışının 88,1 faizi Bakı şəhərində, 11,9 faizi isə digər iqtisadi rayonlarda istehsal olunmuşdur. Rəsmi statistikaya görə, 2003-cü ildən indiyədək ölkədə 2000-ə qədər istehsal təyinatlı obyekt istifadəyə verilmişdir. Hazırda regionlarda 200-dən çox müəssisə, o cümlədən 70-dən çox sənaye müəssisəsinin tikintisi davam etdirilir, 75 istehsal-emal müəssisəsinin istifadəyə verilməsi gözlənilir. Bu istehsal-emal müəssisələri Sahibkarlığa Kömək Milli Fondunun güzəştli hesabına tikilir.
Bütövlükdə, 2012-ci ildə regionlarda 44500 və ya 2011-ci ildəkindən 17 faiz çox vergi ödəyicisi qeydiyyatdan keçmiş, regionlar üzrə vergi daxilolmaları 4,8 faiz artmış, 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış 400-dən çox müəssisənin isə tikintisi davam etdirilmişdir. Bütün bunlar xarici ekspertlər tərəfindən də xüsusi qeyd olunmuş, Azərbaycanın dünya iqtisadiyyatlarının rəqabətlik reytinqində öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmasına imkan vermişdir.
Beləliklə, 2013-cü il də əvvəlki illər kimi, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaq.
RƏFİQƏ KAMALQIZI