"Yeni Azərbaycan Partiyasının həm siyasi xətti, həm əməli fəaliyyəti Azərbaycanda mövcud olan demokratik, hüquqi, dünyəvi dövlətin siyasi xətti və əməli fəaliyyəti ilə eynidir"
Heydər ƏLİYEV
"Hamı görməlidir ki, Heydər Əliyev cismən bizimlə olmasa da, onun ideyaları yaşayır, partiyaya olan münasibəti davam edir. Partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm".
İlham ƏLİYEV
Artıq sirr deyil ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda son 21 il ərzində əldə edilən misilsiz uğurların şəriksiz müəllifi olan mövcud iqtidarın siyasi istinadgahı və hakim komandanı bilavasitə təşkil edən özəkdir. YAP bu gün ölkənin ən qabaqcıl siyasi avanqardına, müstəqil dövlətin kamil ideya və fikir məktəbinə çevrilib. Fəqət, ən mühüm məqam odur ki, YAP xalqın alternativsiz seçim ünvanı olan Cənab İlham Əliyevi növbəti müddətə prezident seçkilərində öz namizədi kimi elan edərək, növbəti zəfər və qələbələrə doğru nəhəng addımını atıb.
2005-ci ilin mart ayında Yeni Azərbaycan Partiyasının üçüncü qurultayının nümayəndələri çox məsuliyyətli bir seçimə imza ataraq Cənab İlham Əliyevi təşkilata rəhbər seçdilər. Ulu Öndər Heydər Əliyevin siyasi əmanəti olan partiyaya Sədr seçkisinə Ulu Öndərin ən layiqli davamçısı şərəfli irsin daşıyıcısı Cənab İlham Əliyev alternativsiz getdi. Bu, onu deməyə tam əsas verirdi ki, YAP-ın yüz minlərlə üzvü və sayı milyonu keçən təəssübkeşi yeni Sədrini yekdilliklə dəstəkləyir və Onun ətrafında sıx birləşərək, yeni Azərbaycan quruculuğunda fəal iştirak edəcək. Ötən müddət ərzində özünü tam doğruldan bu inam həm də Yeni Azərbaycan Partiyasının daha böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu.
Dahi Lider Heydər Əliyevin sınaqlardan uğurla çıxmış və ölkəmizə rifah, inkişaf bəxş etmiş siyasi kursunu böyük nailiyyətlərlə davam etdirən Prezident İlham Əliyevin siyasəti Yeni Azərbaycan Partiyasının fəaliyyət prioritetlərini təşkil edir
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin son onillikdə əldə etdiyi böyük uğurların müəllifinin mövcud iqtidar, eyni zamanda, hakimiyyətin siyasi istinadgahı olan Yeni Azərbaycan Partiyası olduğunu bildirib. Hakim partiyanın cəmiyyətdə böyük nüfuz sahibi olduğunu və onun üzərində şərəfli missiya dayandığını söyləyən ölkə Prezidentinin bu fikirləri YAP-ın fəaliyyətinə verilən real qiymət və təşkilatın malik olduğu potensialın dəqiqliklə qiymətləndirilməsidir: "Partiyamız bu illər ərzində güclənibdir. Yeni Azərbaycan Partiyası güclü təşkilatlar, Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Hətta digər bütün siyasi qüvvələr birləşsələr, yenə də bizim işimizə, siyasətimizə bunun heç bir təsiri olmayacaqdır".
Yeni Azərbaycan Partiyasının qarşısında çağdaş dövrümüzdə yeni siyasi şəraitə uyğun fəaliyyət göstərmək və dövlət quruculuğu prosesində hər zaman iqtidarın əsas siyasi yardımçısı olmaq, eyni zamanda, kadr potensialını hazırlayan mərkəz rolunu oynamaq kimi məsul vəzifələr durur. Şübhəsiz ki, zamanın tələbi ilə yaranan bu partiya zamanın mövcud tələblərini də layiqincə ödəyəcək və Ulu Öndər Heydər Əliyev partiyası adını daşımağa haqqı olduğunu daim sübut edəcək. Təşkilata ən mühüm dəstək isə dövlət başçısının YAP-ın daha böyük perspektivinə inamı və partiya üzvlərinə bəslədiyi etimaddır. Dahi Lider Heydər Əliyevin sınaqlardan uğurla çıxmış və ölkəmizə rifah, inkişaf bəxş etmiş siyasi kursunu hazırda böyük nailiyyətlərlə davam etdirən Prezident İlham Əliyevin siyasəti Yeni Azərbaycan Partiyasının fəaliyyət prioritetlərini təşkil edir, həmçinin, hakim partiyanın növbəti zəfərlərinə təminat yaradır.
YAP-IN NAMİZƏDİ - XALQIN NAMİZƏDİ!
Qarşıdan ölkənin taleyi və xalqın müqəddəratı baxımından çox mühüm proses - 2013-cü ilin prezident seçkiləri gəlir. Partiyanın sonuncu - V qurultayında Yeni Azərbaycan Partiyasının rəsmən iqtidar namizədi kimi elan etdiyi Cənab İlham Əliyevin cəmiyyətdə alternativsiz lider kimi qəbul edilməsi bu seçkilərin nəticələrini əvvəlcədən məlum edir. Prezident ötən müddət ərzində bütün prinsipləri kimi, əsas fəaliyyət kredosuna - "Əsil siyasət real və konkret iş görməkdən ibarətdir" mülahizəsinə də sadiq qaldı. Populizmdən, sözçülükdən uzaq iş metodu ilə səlahiyyətlərini həyata keçirdi, xalqa və dövlətə içdiyi sədaqət andını real və konkret uğurları ilə doğrultdu. Prezident dövlət idarəçiliyində peşəkar olduğunu sübut etdi. O, bütün sahələr üzrə bilgilərə, hər sferanın spesifik problemlərindən qurtulmaq üçün ideyaya, təklifə malik olduğunu təsdiqlədi. Belə ki, beynəlxalq miqyasda Azərbaycanın və Onun Liderinin nüfuzu dayanmadan yüksəldi. Elə yanvar ayının sonlarında Avropa Şurası Parlament Assambleyasının sessiyasında ölkəmizin əleyhinə məlum bədnam qətnamənin müzakirəsi və səsverməsi bir daha göstərdi ki, artıq dünya və onun ən fəal siyasət məkanı olan Avropa Azərbaycan həqiqətlərini bilir, qəbul edir və dəstəkləyir. Eyni zamanda, artıq BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan dünya siyasətinin müəyyənləşməsində mühüm iştirak payına sahibdir. Şübhəsiz ki, bu faktlar Azərbaycan Prezidentinin son 10 ildəki müdrik və məqsədyönlü xarici siyasətinin ümumiləşdirilmiş qələbəsidir.
Bu gün Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini məhz Azərbaycan iqtisadiyyatı təşkil edir. Bölgənin lider ölkəsi olan Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən dövlətdir. Son on ildə davamlı artım tempi ilə yüksələn sosial-iqtisadi tərəqqi artıq dünyada "İnkişafın Azərbaycan modeli" kimi xarakterizə olunur. Sadaladığımız faktlar və qeyd edilməyən digər həqiqətlər, ən mühümü isə hər bir vətəndaşın dövlətinə, iqtidarına, Prezidentinə olan inamının, etimadının dinamik artması göstərdi ki, Cənab İlham Əliyev növbəti müddətdə də xalqın dəstəyini qazana bilmək iqtidarındadır. Əslində, Cənab İlham Əliyevin qarşıdakı prezident seçkilərində qələbəsi indi heç müzakirə mövzusu da deyil! Yerli ekspertlərlə yanaşı, xarici müşahidəçilər, təhlilçilər respublikamızda aparılan sosioloji rəy sorğularına əsasən ölkə rəhbərinin böyük səs fərqi ilə yenidən prezident seçiləcəyinin indidən təkzibedilməz fakt olduğunu etiraf edirlər.
Azərbaycan vətəndaşları bu gün Prezident İlham Əliyevə böyük etimad bəsləyir, Onun siyasi kursunu birmənalı şəkildə dəstəkləyirlər. Azərbaycanın siyasi mühitində İlham Əliyevlə rəqabət apara biləcək hər hansı bir siyasətçi yoxdur və yaxın illərdə heç olmayacaq da! Ölkə rəhbərinin nüfuzu artıq Azərbaycan hüdudlarını da aşmış, Ona bölgənin Əsas Lideri, beynəlxalq birliyin qəbul etdiyi görkəmli siyasi və dövlət xadimi kimi əlavə dividendlər gətirmişdir. Bu gün Prezident İlham Əliyevə olan geniş beynəlxalq rəğbət, həm də Azərbaycanın nüfuzunun yüksəlməsinə şərait yaradır. Bunu tarix də göstərir.
Tarixi müraciət, tarixi qərar!
Ümummilli Lider Heydər Əliyev hələ 2003-cü ilin oktyabr ayının 1-də Azərbaycan xalqına etdiyi tarixi müraciətində Cənab İlham Əliyevlə bərabər, həm də YAP-a yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və YAP-ı göstərmişdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir".
2003-cü ildə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi İlham Əliyevin ölkə başçısı seçilməsi xalqın YAP-a etimadının növbəti dəfə əyani təcəssümü idi. Azərbaycan xalqı Heydər Əliyev missiyasını layiqincə davam etdirən Cənab İlham Əliyevi Prezident seçməklə Ulu Öndərin ideyalarına səs verdi. Bu seçki Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoydu.
QURULTAYDAN-QURULTAYA, UĞURLARDAN-UĞURLARA
YAP II qurultayından ötən müddət ərzində Nizamnamə və Proqram sənədlərindən irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində səmərəli və məqsədyönlü fəaliyyət göstərdi. 2005-ci il mart ayının 26-da keçirilən III qurultayda YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında yaxından və fəal iştirak etdiyi, 2002-ci ilin avqust ayında keçirilən referendum, 2003-cü il prezident və 2004-cü il bələdiyyə seçkilərində qələbə qazandığı, üzvlərinin sayının artaraq 360 min nəfərə çatdığı partiyanın möhtəşəm uğurları kimi qeyd edildi. Bütün bunlar isə Heydər Əliyev ideyalarına xalqın böyük inam və etimadını bir daha təsdiq etdi.
Prezident İlham Əliyev YAP-ın III qurultayındakı çıxışında bu barədə belə demişdir: "Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir. Mən çox şadam ki, Azərbaycan xalqı 2003-cü ildə öz seçimini düzgün etdi. Heydər Əliyevin siyasətinə öz səsini verdi və beləliklə, bu gün də biz hamımız, Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin siyasətinə sadiq qalaraq onu davam etdiririk və çox uğurla davam etdiririk".
Elə bu qurultayda partiya üzvlərinin Böyük Şəxsiyyət Heydər Əliyev ideyalarına dərin sədaqətinin, Onun siyasi kursunun ən layiqli davamçısına böyük inamın ifadəsi olaraq Prezident İlham Əliyev YAP-ın Sədri seçildi. YAP sıralarında birləşən yüz minlərlə insanın ürəyindən xəbər verən bu seçim ölkədəki siyasi mühitə də yüksək ab-hava gətirdi. Xüsusilə qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin əmanəti olan YAP-ın Sədr seçkisinə Ulu Öndərin ən layiqli davamçısı, şərəfli irsin daşıyıcısı Cənab İlham Əliyev alternativsiz getdi. Bu, onu deməyə tam əsas verirdi ki, YAP-ın yüz minlərlə üzvü və sayı milyonu keçən təəssübkeşləri, yeni Sədrini yekdilliklə dəstəkləyir və Onun ətrafında sıx birləşərək yeni Azərbaycan quruculuğunda fəal iştirak edəcək. Özünü tam doğruldan bu inam YAP-ın daha böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu.
Azərbaycanın ictimai-siyasi həyatına mühüm hadisə kimi daxil olan YAP-ın IV qurultayı da böyük ruh yüksəkliyi və inamla keçirildi. 2008-ci il avqustun 2-də keçirilən qurultayda bütün iştirakçılar qarşıdan gələn prezident seçkilərində YAP Sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsinə yekdilliklə səs vermişdilər. Bu qərar tək YAP-ın deyil, bütün Azərbaycan cəmiyyətinin ümumi istək və arzularını ifadə edirdi. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti prezidentliyə namizəd olaraq dövlət başçısı İlham Əliyevin irəli sürülməsini nəinki istəyir, tələb edirdi. 2008-ci ilin oktyabrında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan Cənab İlham Əliyevin qələbəsi, həm də Yeni Azərbaycan Partiyasının zəfəri, nailiyyəti idi. 2008-ci il oktyabrın 24-də keçirilmiş andiçmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyev seçkilərdə Ona göstərdiyi etimada, habelə, seçki kampaniyasında fəal iştiraka görə YAP üzvlərinə minnətdarlığını ifadə edərək demişdir: "İlk növbədə, mənə yenidən böyük etimad göstərmiş, məni prezident vəzifəsinə seçmiş bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını yenidən əmin edirəm ki, mən bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün öz səylərimi əsirgəməyəcəyəm. Eyni zamanda, mənim namizədliyimi irəli sürmüş Yeni Azərbaycan Partiyasına öz təşəkkürümü bildirirəm, seçki kampaniyasında yaxından iştirak etdiklərinə görə partiyanın fəallarına minnətdaram".
Bütün bu kimi əhəmiyyətli və tarixi məqamları sadalayaraq vurğulamaq mümkündür ki, YAP-ın V qurultayı yüksək səviyyədə keçirildi. Azərbaycan xalqı qarşıdan gələn prezident seçkilərində Cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcək. Ötən 10 ilə yaxın müddətdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bunu qətiyyətlə, inamla və əminliklə söyləməyə əsas verir. Çünki bu müddətdə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət hər bir sahədə tərəqqiyə, yüksəlişə yol açıb. İqtisadiyyatımız dəfələrlə inkişaf edib, insanların sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlib, Azərbaycan beynəlxalq birlikdə söz sahibinə, regionun lider dövlətinə çevrilib. Bütün bunlar göstərir ki, Azərbaycanda həyata keçirilən və müəllifi Ulu Öndər Heydər Əliyev olan siyasi kursun alternativi yoxdur. Xalqımız əmindir ki, bu siyasətin İlham Əliyev tərəfindən davam etdirilməsi gələcək illərdə Azərbaycana daha böyük uğurlar gətirəcək.
Beləliklə, xalqın etimadını qazanmış YAP yaranandan başlayaraq keçirilən bütün seçkilərdə qələbə qazanmış və hakim partiya statusunu saxlamışdır. Daha konkret ifadə etsək, ötən 22 ildə ölkəmizdə keçirilən 4 prezident, 4 parlament, 3 bələdiyyə seçkilərinin qalibi YAP-ın namizədləri olmuşlar. Ona görə də, özündə 600 mindən çox insanı birləşdirən YAP ölkəmizin əsas aparıcı siyasi qüvvəsidir. Həm təşkilati göstəricilərə, həm də ictimai nüfuzuna görə respublikada YAP-a alternativ olacaq qüvvə yoxdur. Qarşıdan gələn prezident seçkiləri bunu bir daha təsdiqləyəcəkdir.
RƏFİQƏ KAMALQIZI