PDF Oxu

Siyasət

  • 10

YAP-ın qələbəsinin formulu: uğurlu namizəd və mükəmməl seçki texnologiyası

YAP-ın qələbəsinin formulu: uğurlu namizəd və mükəmməl seçki texnologiyası

Demokratik şəraitdə yaradılmış bərabər imkanlara baxmayaraq, radikal müxalifət düşərgəsində seçkiyə hazırlıq məsələləri demək olar ki, sıfıra bərabərdir

Əli Əhmədov: "Müxalifət düşərgəsində qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar namizədin müəyyənləşdirilməsi ilə bağlı böyük problemlər yaşanmaqdadır"

"Seçki artıq elan edilib, müxalifət isə namizədini müəyyənləşdirə bilməyib. Əgər namizəd müəyyənləşdirilə bilinməyibsə, demək, müxalifətin seçki kampaniyası ilə əlaqədar hədəfləri məlum deyil. Onlar nə istəyirlər? Onların məlum olan yeganə bir istəyi var - prezident seçkilərində iştirak etmək. Nə məqsədlə? Hansı proqramla? Bunlar yəqin ki, onları heç düşündürmür də"

Azərbaycanda prezident seçkilərinə təqribən iki ay vaxt qalıb. Siyasi meydanda seçki marafonunda iştirak etmək istəyən qüvvələr indidən seçki resurslarını yoxlayır və ya formalaşdırır. Hətta seçkilərlə əlaqədar olaraq, bir sıra siyasi partiyalar namizədlərini rəsmən irəli sürüblər. Məlumdur ki, Yeni Azərbaycan Partiyası bu ilin oktyabr ayının 9-da keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində prezidentliyə namizəd Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçki sənədlərini Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasına təqdim edib. Lakin bir maraqlı fakt da ondan ibarətdir ki, radikal müxalifət düşərgəsində hələ də namizəd məsələsi çözülməyib. Yəni, radikal müxalifət bu dəfə seçkilərdə vahid qurum altında və vahid namizədlə iştirak etməyə cəhd göstərdi. Amma hər zaman olduğu kimi alınmadı: "Milli Şura"nı yaratdılar, vahid namizəd kimi qoca rejissor, siyasətə yad olan Rüstəm İbrahimbəyovu seçdilər. Əlbəttə ki, radikal müxalifət "qaş düzəltmək istəyərkən, göz çıxartdı". Çünki Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülərkən, nə onun hüquqi vəziyyəti, nə də Azərbaycan Respublikasının qanunvericiliyi nəzərə alındı. İndi də qalıblar çıxılmaz vəziyyətdə: qoca rejissor həm də Rusiya vətəndaşıdır və Azərbaycanın Konstitusiyasına görə, ona prezident seçkilərində iştirak etmək olmaz. Eyni zamanda, qanunvericiliyə görə, namizəd olmaq istəyən şəxs 7 il ardıcıl olaraq, Azərbaycanda yaşamalıdır. Beləliklə də, radikal müxalifət düşərgəsində seçkiyə hazırlıq məsələri demək olar ki, sıfıra bərabərdir.

Bütün bunların fonunda prezident seçkilərinə xalqın seçimi olan Prezident İlham Əliyevlə gedən Yeni Azərbaycan Partiyası artıq hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. YAP-ın bütün rayon və şəhər təşkilatları seçkilərlə əlaqədar olaraq, bütün texniki işləri başa çatdırıb, hədəf qruplarını müəyyənləşdirib və seçki texnologiyasını reallaşdırmağa tam hazırdır.

Radikal müxalifət namizəd tapa bilmir

Əlbəttə ki, hər bir seçkinin taleyini həll edən əhəmiyyətli amillərdən biri mükəmməl seçki texnologiyasıdırsa, digər tərəfdən uğurlu namizədin müəyyənləşdirilməsidir və eyni zamanda, bu namizədin vaxtında müəyyən edilib bu barədə müvafiq qərarın çıxarılmasıdır. Məsələn, Yeni Azərbaycan Partiyası bu məsələni həmişə diqqət mərkəzində saxlayıb və partiya heç bir tərəddüd keçirmədən çox ciddi siyasi məsələ ilə bağlı öz qərarını qəbul edib.

Lakin radikal müxalifətin düşərgəsində tamamilə başqa bir əhval-ruhiyyə müşahidə olunmaqdadır. Müxalifət düşərgəsində qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar namizədin müəyyənləşdirilməsi ilə bağlı böyük problemlər yaşanmaqdadır. Təbii ki, bunun da müxtəlif səbəbləri mövcuddur.

YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bu məsələ ilə bağlı bildirib ki, sözügedən problemin başlıca səbəbi müxalifətin özünə, öz gücünə inamının olmamasıdır: "Digər bir səbəb təbii ki, müxalifətin vətəndaşlar tərəfindən dəstəyinin olmadığının da onlara məlum olmasıdır. Beləliklə də, müxalifət seçkilərdə iştirak etmək istəyir, amma seçkilərdə iştirakın onlara hansısa bir dividend gətirə biləcək formasını və bu dividendi gətirə biləcək namizədi axtarıb tapmaqda çətinlik çəkirlər. Çətinlik də ondan ibarətdir ki, sadəcə olaraq, müxalifətin içərisində belə bir namizəd yoxdur. Birincisi, Azərbaycan vətəndaşlarının etimadını qazana biləcək, dəstəyini əldə edə biləcək, ikincisi Azərbaycan vətəndaşlarına onların ürəyindən keçə biləcək sözlərin əhəmiyyətli bir hissəsini demək iqtidarında olan namizədləri yoxdur".

Azərbaycan müxalifəti siyasətlə məşğul deyil

Özünü ana müxalifət adlandıran radikalların seçkilərdə iştirak etmək üçün vahid namizəd müəyyənləşdirə bilməməsi isə bir daha isbatlayır ki, Azərbaycan müxalifəti siyasətlə məşğul olmur. Onlar, sadəcə olaraq, qəzetlərdə və öz çevrələrində görünməklə, mövcudluqlarını qoruyub saxlamaq və xarici anti-Azərbaycan dairələrinin maliyyəsini ələ keçirməkdir. Bütün bunlar bur daha sübut edir ki, Azərbaycan müxalifəti siyasətdən gedib. YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun sözlərilə desək, Azərbaycan müxalifəti siyasətlə məşğul deyil: "Siyasət hər hansı bir partiya yaradıb, qəzetlərə bəyanatlar vermək deyil. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda müxalifət siyasəti qəzetlərdə bəyanat vermək, öz dövləti haqqında ayrı-ayrı ölkələrə dövlətin üzərinə kölgə salan, ona böhtan atan bəyanatlar vermək şəklində dərk edir. Real siyasətdə isə Azərbaycan müxalifəti yoxdur, çünki siyasət ictimai rəyə təsir deməkdir, siyasət insanların etimadını qazanmaq və dəstəyinə sahib olmaq deməkdir. Siyasət az sayda da olsa, cəmiyyətin müəyyən bir hissəsinin dəstəyinə sahib olmaq deməkdir. Əgər bu dəstək ümumiyyətlə yoxdursa, Azərbaycan müxalifəti ictimai rəyə təsir edə bilmirsə, ictimai rəyin dəyişdirilməsi üçün hər hansı ciddi mövqe ortaya qoya bilmirsə, Azərbaycanın ictimai rəyi müxalifətə biganədirsə, bu, ondan xəbər verir ki, müxalifət çoxdandır ki, siyasətdə yoxdur. Onlar sadəcə olaraq elə bir görüntü yaratmaq istəyirlər ki, guya Azərbaycan siyasətində onlar da var. Xeyr, onlar Azərbaycan siyasətində yoxdurlar. Sadəcə olaraq bunu etiraf etmək qalır. Çox təəssüflə deyərdim ki, görünür, Azərbaycan müxalifətində belə bir mədəniyyət formalaşmayıb. Vaxtı keçdikdən sonra vaxtının keçdiyini özü də dərk etməsinə baxmayaraq, bunu etiraf etmir. Etiraf etmək istəmirlərsə, bu, artıq onların problemləridir. 2013-cü ilin seçki kampaniyası bir daha onu təsdiq edəcək ki, Azərbaycanın ənənəvi müxalifəti Azərbaycan siyasətində öz mövqeyini çoxdan itirib. Onlar sadəcə heç bir rolu, mənası və əhəmiyyəti olmayan bir yer tuturlar".

Müxalifətin daxilində böyük bir anlaşılmazlıq var: İbrahimbəyov namizəddirmi?

Əvvəldə də qeyd etdiyimiz kimi, radikal müxalifət budəfəki seçkilərə Azərbaycan cəmiyyəti tərəfindən az tanınan və daha çox ermənilərlə iş birliyində olan Rüstəm İbrahimbəyovla getməyə qərar verib. Lakin bunun nə qədər düzgün olmasını hələ radikal müxalifətin təmsilçiləri özləri üçün müəyyənləşdirə bilmir. Ona görə də, artıq seçkilərin başlanmasına baxmayaraq, "Milli Şura" daxilində vahid fikir və namizəd yoxdur. YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun sözlərilə desək, müxalifətin Rüstəm İbrahimbəyovun namizədliyi ətrafında birləşməsinin səbəbi seçki kampaniyasında azacıq da olsa şansı ola biləcək bir namizədi tapa bilməməklə bağlıdır: "Onlar kənardan bir namizəd tapmaqla azacıq da olsa seçki kampaniyası zamanı şans əldə etmək istəklərini ortaya qoyublar. Əslində isə onlar böyük bir səhvə yol veriblər və bu səhvlərin də acılarını yaşamaqdadırlar. Seçki artıq elan edilib, müxalifət isə namizədini müəyyənləşdirə bilməyib. Əgər namizəd müəyyənləşdirilə bilinməyibsə, demək, müxalifətin seçki kampaniyası ilə əlaqədar hədəfləri məlum deyil. Onlar nə istəyirlər? Onların məlum olan yeganə bir istəyi var - prezident seçkilərində iştirak etmək. Nə məqsədlə? Hansı proqramla? Bunlar yəqin ki, onları heç düşündürmür də. Məqsədi, proqramı, resursları məlum olmayan namizədin və onun arxasında duran partiyanın isə seçkilərdə uğur qazanmaq şansı sıfıra bərabərdir. Əgər onlar özləri üçün nə etmək istədiklərini aydınlaşdıra bilməyiblərsə, xalqa hansı vədləri verəcəklər? Yəni Azərbaycan vətəndaşları siyasi cəhətdən kifayət qədər səriştəli insanlardır və onların etimadını qazanmaq üçün istənilən sadəlövh vədləri də vermək mümkün deyil. Bütün bunların hamısını ümumiləşdirərək mən qeyd etmək istəyirəm ki, "Milli Şura"nın içərisində və ətrafında baş verən proseslər ondan xəbər verir ki, müxalifətin daxilində böyük bir anlaşılmazlıq var. Bu anlaşılmazlıq, birincisi, ideoloji anlaşılmazlıqdır. İkincisi, bir çox başların bir qazanda qaynamasının qeyri-mümkün olmasından irəliyə gələn anlaşılmazlıqdır. Üçüncüsü, insanlar tərəfindən hər hansı bir dəstəyin olmamasından irəliyə gələn inamsızlıq və bu inamsızlığın müxalifət daxilində yaratdığı anlaşılmazlıqdır. Bütün bunların hamısı ondan xəbər verir ki, "Milli Şura"da birləşən müxalifət qarşıdan gələn prezident seçkilərinə ümumiyyətlə hazır deyillər. İndidən artıq görünür ki, onlar bu seçki kampaniyasının yanından ötüb keçiblər. Bir halda ki, onlar nə ideoloji, nə proqramın müəyyən edilməsi, nə namizəd, nə təşkilatı cəhətdən, nə də insani resursların səfərbər edilməsi cəhətindən seçki kampaniyasına hazır deyillər, belə olan halda seçki kampaniyasında iştirak etməklə uğur qazanmaq mümkün deyil. Reallıq bundan ibarətdir və mən güman edirəm ki, 2013-cü ilin seçki kampaniyası Azərbaycan müxalifəti üçün böyük uğursuzluq vəd edir. Bu uğursuzluğu onlar özləri qazanıblar. Müxalifətin bu uğursuzluğa görə kimisə günahlandırmaq haqqı yoxdur".

Nə İbrahimbəyov, nə də Qəmbər YAP-ın namizədinə rəqib ola bilməz

Faktlara əsaslanaraq, deyə bilərik ki, Rüstəm İbrahimbəyovun və ya müxalifətin başqa bir namizədinin qeydə alınmasının Yeni Azərbaycan Partiyasının namizədinə əngəl yaratmaq şansları sıfıra bərabərdir. Bu mənada, seçki kampaniyasında YAP-ın rəqiblərinin kimlər olacağı heç də maraqlı deyil. YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun dediyi kimi, istər "Milli Şura", istər ənənəvi müxalifətin digər partiyalarının adından olsun, seçki kampaniyasında kimin namizəd kimi iştirak etməsi YAP-ı çox az qayğılandırır: "Biz bu barədə demək olar ki, hətta heç düşünmürük də, çünki bu, bizi narahat etmir. Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması da bizim üçün fərqli bir situasiya yaratmayacaq. İstər Rüstəm İbrahimbəyov namizəd kimi qeydiyyatdan keçmiş olsun, istər İsa Qəmbər, istərsə də başqa bir adam olsun, bu, bizim üçün hər hansı bir düşüncə yarada biləcək problem deyil. Bu, məsələnin siyasi tərəfi. Texniki tərəfinə gəldikdə isə, bu, artıq onun problemidir. Doğurdanmı Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq istəyir? Mən güman etmirəm ki, Rüstəm İbrahimbəyov o qədər primitiv düşüncəli bir insan olsun ki, seçki kampaniyasında hansı şanslara malik olduğunu düzgün qiymətləndirməsin. Əlbəttə, Rüstəm İbrahimbəyov siyasətçi deyil, siyasi proseslərdən bixəbərdir və siyasətdə naşı bir insandır. Amma hər halda yəqin ki, o, başa düşür ki, Azərbaycanda İlham Əliyevin qarşısında onun seçilmək şansı sıfırın ətrafında fırlanan bir rəqəmlə ifadə oluna bilər. Belə olan halda, doğrudanmı Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq istəyir? Çünki o, Rusiyada yaşayır, onun fəaliyyəti Rusiya ilə bağlıdır və Rusiya vətəndaşlığından çıxdıqdan sonra, Azərbaycanda da lap seçki kampaniyasında namizəd kimi qeydə alınmış olsa belə, özü də bilir ki, seçilməyəcək, bəs o, Rusiya vətəndaşlığından çıxsa, Rusiyada fəaliyyətini davam etdirmək üçün indi malik olduğu imkanlara malik olacaqmı? Bu barədə də yəqin ki, o düşünür. Hesab edirəm ki, Rüstəm İbrahimbəyovun hərəkətindəki ziddiyyətlərin kökündə məhz elə bu dayanır. Gah bəyanatlar verir ki, ailəmdə narazılıqlar var ki, mən bu seçki kampaniyasına və müxalifətçiliklə məşğul olmağa pul xərcləyirəm, deyir Tbilisidə kino çəkməyə gedir və dostlarını da ora çağırır, orada görüşürlər. Bütün bunların hamısı onun hərəkətlərindəki ziddiyyətlərdən xəbər verir və bu ziddiyyətlər onun Rusiya vətəndaşlığından imtina etmək istəyinin həqiqi olub-olmaması ilə bağlıdır.

Rusiya vətəndaşlığından imtina etdikdən sonra təbii ki, onun Rusiyada qalıb sərbəst fəaliyyət göstərməklə bağlı çətinlikləri olacaq. Bu da məsələlərdən biridir. Ümumiyyətlə, Azərbaycanda siyasət ilə məşğul olan insan gərək Azərbaycan qanunvericiliyinin müəyyənləşdirdiyi bütün normalar içərisində fəaliyyət göstərməyə üstünlük versin. Rüstəm İbrahimbəyov bu norma çərçivəsində fəaliyyət göstərə bilmir, ən azından ona görə ki, o, ikili vətəndaşlığa sahibdir. Azərbaycan qanunvericiliyinə görə, ikili vətəndaşlığa icazə verilmir. Digər bir tərəfdən isə Rüstəm İbrahimbəyov uzun müddətdir başqa bir dövlətin vətəndaşıdır, orada yaşayır, fəaliyyət göstərir, orada gəlir əldə edib, vergilər ödəyir, təbii olaraq həmin dövlətin qarşısında müəyyən öhdəlikləri var. Vətəndaşlıqdan çıxmaq isə hələ o demək deyil ki, o dövlətin qarşısında üzərinə götürdüyün öhdəliklərin hamısından azad ola bildin. Əlbəttə, bütün bunların hamısı məsələnin texniki və əhəmiyyətli tərəfləridir. Ümumiyyətlə, prezident olmaq iddiasına düşən insanın bütün fəaliyyəti hər bir parametr üzrə şəffaf olmalıdır. Onun istər vətəndaşlıqla əlaqədar məsələləri, ayrı-ayrı ölkələr qarşısında öhdəlik məsələləri və digər məsələləri şəffaf olmalıdır. Rüstəm İbrahimbəyovun isə bu şəffaflığı yoxdur. Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşına o qədər də yaxından tanış olmayan bir insandır. Azərbaycanda ən yaxşı halda onu bir kinorejissor kimi tanıyırlar. Bundan başqa isə Rüstəm İbrahimbəyov haqqında Azərbaycan vətəndaşlarında, seçicilərində digər səhih məlumatlar yoxdur. Prezident seçilmək üçün isə kinorejissor olmaq kifayət deyil. Bunun üçün insanlar gərək ona etibar etsin. Etibar üçün isə ən azından etibar subyekti olan insanı gərək vətəndaş tanısın. Nəyə görə ona etibar etmək olar? Şəffaflığına, fəaliyyətinə, həyatına bələd olmayan bir insana bütün xalq necə etibar edə bilər? Bütün bunların hamısı onları düşündürən, qayğılandıran problemlərdir".

Göründüyü kimi, real mənzərə onda ibarətdir ki, bu gün Azərbaycanda keçiriləcək prezident seçkilərinə yalnız Yeni Azərbaycan Partiyası hazırdır. Əlbəttə ki, perspektiv proqnoz da ondan ibarətdir ki, bu qədər enerji sərf edən Yeni Azərbaycan Partiyası seçkilərdə tam şəkildə qalib gələcək. Elə Yeni Azərbaycan Partiyasının namizədinin xalqın seçimi olması faktının mövcud olması da söylənilən fikrin həqiqiliyini isbatlayır.

"Səs" Analitik Qrupu

Digər xəbərlər