"ABŞ-ın dövlət katibi Con Kerri yeni təyin olunan həmsədr Ceyms Uorliklə bağlı çox müsbət fikirlər söyləyib. Səfir Riçard Morninqstar da yeni həmsədri yüksək səviyyəli diplomat kimi təqdim edib. Hesab edirəm ki, bu, həqiqətən də belədir". Bu fikirləri politoloq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, yeni həmsədr Uorlik 1977-ci ildə ABŞ-ın məşhur Stenford Universitetində oxuyub, Oksfor Universitetində politologiya ixtisası üzrə təhsil alıb və uzun müddət Dövlət Departamentində də işləyib. Uorlikin Əfqanıstanda və Pakistanda Dövlət departamentinin işçisi kimi çalışması, Bolqarıstanda səfir olması faktı da onu göstərir ki, diplomatik vərdişlər, bacarıqlar və keyfiyyətlər baxımından, şübhəsiz, Uorlikin böyük təcrübəsi var və indiki təyinatını doğrulda biləcək keyfiyyətlərə malikdir".
E.Nəsirovun sözlərinə görə, başqa bir həqiqət ondan ibarətdir ki, bu vəzifəyə kimin təyin olmasından asılı olmayaraq o, rəsmi Vaşinqtonun siyasi xəttini həyata keçirir, Dövlət Departamentindən gələn tapşırıqları yerinə yetirir.
"Bu baxımdan, ABŞ-ın Minsk qrupundakı siyasəti bu vaxtadək nədən ibarət idisə, yeni həmsədr də eyni xətti davam etdirəcək. ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində bir qədər passivlik nümayiş etdirir. Demək olar ki, tərəflər arasındakı bütün görüşlər Rusiyanın təşəbbüsü ilə bu ölkənin ərazisində keçirilir, ABŞ isə sanki kənar müşahidəçi mövqeyində dayanır. Çox istərdik ki, yeni təyinat həm də ABŞ-ın bu yöndəki fəaliyyətinə bir dinamizm gətirsin və tənzimləmə prosesi ilə bağlı hər hansı görüşün, tədbirin, ABŞ-ın təşəbbüsü ilə bu ölkənin ərazisində keçirilməsinin şahidi olarıq". Əgər ABŞ münaqişənin həllinə nail olmaq üçün hansısa ciddi layihə ortaya qoyarsa, bu zaman onun icrası prosesində Uorlikin potensialı ortaya çıxacaq. Hələ ki, ABŞ-ın münaqişənin həlli yönündə siyasətində köklü dəyişikliyə start verməsinin şahidi deyilik""- deyə, politoloq qeyd edib.
yap.org.az