"Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Yay məktəbi" layihəsi uğurla başa çatdı. İyul ayı ərzində həyata keçirilən bu layihə gənclərimiz tərəfindən yüksək qiymətləndirilir". SİA-nın məlumatına görə, bu fikirləriyap.org.az saytına YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib. Onun sözlərinə görə, builki "Yay məktəbi"ndə partiyanın üzvü olan yüzlərlə fəal gənc iştirak edib. Bu layihənin 2007-ci ildən həyata keçirildiyini xatırladan S.Orucov bildirib kİ, tədbirin keçirilmə qaydaları daha da təkmilləşdirilib: "Layihədə iştirak edən gənclər həm Bakı şəhərini, həm də bölgələri təmsil ediblər. Hər il olduğu kimi, bu dəfə də "Yay məktəbi" ölkəmizin gözəl guşələrində-Oğuz və Masallı rayonlarında təşkil olundu. Gənclərin yerləşdiyi otellərdə yüksək şərait var, onlar bu otellərin bütün xidmətlərindən istifadə edə biliblər. Bildiyiniz kimi, layihənin məqsədi odur ki, gənclər həm asudə vaxtlarını yaxşı keçirsinlər, bir-birilə təmas, münasibət qursunlar. Bununla yanaşı, onlar üçün intellektual və əyləncəli yarışlar təşkil olunur. Eyni zamanda, "Yay məktəbi"ndə partiyamızı təmsil edən deputatlar, Milli Məclisin komitə sədrləri, eləcə də hökumət nümayəndələri gənclərin qonağı olublar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşüb, gəncləri maraqlarından suallara cavab veriblər. Hesab edirəm ki, "Yay məktəbi" gənclərimizin intellektual səviyyəsinin daha da yüksəlməsi və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından əhəmiyyətli layihədir".
sia.az