PDF Oxu

Siyasət

  • 7

YAP sabahdan etibarən imza toplanma kampaniyasına başlayır

YAP sabahdan etibarən imza toplanma kampaniyasına başlayır

Bu gün Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında YAP-ın prezident seçkilərindəki namizədi, ölkə başçısı İlham Əliyevin prezident seçkilərinə namizəd kimi qeydə alınması üçün nəzərdə tutulan imzaların toplanması ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov, YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, YAP-ın rayon təşkilatlarının sədrləri iştirak edib.

Tədbirdə çıxış edən YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov bildirib ki, artıq prezident seçkilərində partiyanın namizədi üçün imza toplayacaq şəxslərin adları məlumdur: "Seçici imzaları toplayacaq şəxslərə treyninqlər keçirilib. Onlara bu prosesin necə aparılacağı ilə bağlı bütün məqamlar izah olunub. Bir imzatoplayan tərəfindən hazırlanacaq imza vərəqəsini 50 seçici imzalaya bilər. Beləliklə də qanuna uyğun olaraq 40 mindən artıq imza toplanmalıdır. Eyni zamanda qanunvericilik 10 faiz əlavə imza toplamağa icazə verir. Yəni qanunvericiliyə uyğun olaraq YAP 44 min seçici imzası toplaya bilər. Bu imzaları toplamaq üçün min nəfər müəyyənləşdirilməlidir".

Əli Əhmədov bildirib ki, YAP seçici imzalarının toplanmasına sabahdan başlayacaq və avqustun 16-na qədər YAP-ın Mərkəzi Qərargahına təqdim olunmalıdır: "YAP-ın Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyi imza vərəqələri ideal şəkildə olmalıdır. Bu vərəqələrdə hər hansı bir nöqsan olmamalıdır. İmza vərəqələri MSK-ya təqdim olunmazdan öncə YAP-ın müəyyənləşdirdiyi ekspertlər tərəfindən yoxlanılacaq və bundan sonra MSK-ya təqdim olunacaq".

Bununla yanaşı, YAP-ın Sədr müavini 18 yaşında olan seçicilərin imza vərəqələrinə daxil edilməsinin o qədər də vacib olmadığını diqqətə çatdırıb: "Qanunvericiliyin tələblərinə uyğun olaraq, imza vərəqələrində 18 yaşına çatmış seçicilərin doğum tarixi dəqiq göstərilməlidir. İmza vərəqələrində bu məsələni yüngülləşdirmək məqsədilə 18 yaşında olan seçicilərin imza vərəqələrinə daxil edilməsi məqsədə uyğun deyil".

Əli Əhmədov vurğulayıb ki, dövlət qulluğunda çalışan şəxslər seçki kampaniyasında iştirak etmək hüququna malik deyillər: "Belə insanların hər hansı bir seçki qərargahında təmsil olunması, seçki kampaniyasının keçirilməsi ilə əlaqədar hər hansı bir tədbirdə iştirak etməsi qanunaziddir. Belə ki, sabah adminstrativ resursdan istifadə adı altında bunu Yeni Azərbaycan Partiyasına nöqsan tuta bilərlər. Buna görə də bu kimi hallara yol vermək olmaz".

"Təşviqat kampaniyası başlamayanadək təşviqat hərəkətləri edilə bilməz. Mətbuatı keçirilən tədbirlərə cəlb etmək, dövlət qəzetlərində hər hansı bir məlumat yerləşdirmək qəti şəkildə qadağandır. Sentyabr ayının 16-na qədər təşviqat adlana biləcək hər hansı bir hərəkətə yol vermək olmaz. Təşviqat kampaniyası elan olunduqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq təşviqat kampaniyamızı aparacağıq",- deyə Partiyanın Sədr müavini sözlərinə əlavə edib.

Daha sonra YAP icra katibinin müavini Siyavuş Novruzov partiyanın rayon təşkilatlarının sədrlərini imza vərəqələri ilə tanış edib, onlara imza vərəqələrinin doldurulması qaydalarını izah edib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

sia.az

Digər xəbərlər