Avqustun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İtaliya Nazirlər Şurasının Prezidentinə raport verdi. İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndi. Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İtaliya Nazirlər Şurasının Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettaya, İtaliya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın qarşısından keçdi. Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta rəsmi foto çəkdirdilər.
Qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, mədəniyyət, humanitar və digər sahələrdə uğurla inkişafından dərin məmnunluq ifadə olundu. Əlaqələrimizin bundan sonra da genişlənməsi üçün yaxşı imkanların olduğu qeyd edildi və əməkdaşlığımızın möhkəmlənəcəyinə əminlik bildirildi. İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq deyib ki, bu səfər dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyəsindən xəbər verir:
"Hörmətli cənab Baş nazir, əziz qonaqlar, sizi bir daha Azərbaycanda salamlayıram. Sizi görməyimə çox şadam. Biz uğurla inkişaf edən ikitərəfli münasibətlərimizə dair vacib məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün gözəl imkan əldə etdik. Əlbəttə, Sizin ölkəmizə rəsmi səfəriniz dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Gündəliyimiz çox genişdir və müxtəlif sahələri əhatə edir. Gündəlikdə duran bütün məsələlər üzrə uğurla irəliləyirik. Bunlar siyasi, iqtisadi, enerji sahələridir. İtaliya və Azərbaycan son illər ərzində çox sıx tərəfdaşlığı inkişaf etdirməyə nail olublar. Şübhəsiz ki, qarşıdakı illərdə bu tərəfdaşlıq daha da inkişaf edəcək və çox yüksək səviyyəyə çatacaqdır. Bu gün də qeyd etdiyimiz kimi, biz yaxşı anlayırıq ki, münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırmalıyıq. Sizin ölkəmizə səfərinizi çox yüksək qiymətləndiririk. Bu, dostluğun gözəl əlamətidir və eyni zamanda, ikitərəfli münasibətlərimizin vacib məsələlərini nəzərdən keçirmək üçün gözəl fürsətdir. Bir daha xoş gəlmisiniz."
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Letta isə bildirib ki, biz iqtisadi əməkdaşlığımızda daha mühüm irəliləyişlər əldə etmək istərdik:
"Təşəkkür edirəm, cənab Prezident. Sizin səmimi qonaqpərvərliyinizi yüksək dəyərləndiririk. Burada olmaq fürsəti və Sizinlə, hökumətinizlə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair müzakirələr aparmaq bizim üçün çox əhəmiyyətlidir. Bu gözəl fürsət TAP boru kəmərinə dair qərarın verilməsindən sonra yarandı. Bu qərar İtaliya və Avropanın böyük bir hissəsi üçün çox vacibdir. Fürsətdən istifadə edərək bu qərarın qəbul olunması sayəsində bu gün bizim ikitərəfli münasibətlərimizin və təkcə enerji sahəsi ilə məhdudlaşmayan əməkdaşlığımızın gücləndirilməsinin necə vacib olduğunu qeyd etmək istərdim. Lakin biz enerji sahəsində əməkdaşlıqdan yararlanaraq əlaqələrimizi iqtisadi və siyasi sahələrdə də gücləndirir, daha da yüksək səviyyəyə qaldırırıq. Bizim Əfqanıstandakı hərbçilərimiz arasında da yaxşı əməkdaşlıq mövcuddur. Əlbəttə ki, biz iqtisadi əməkdaşlığımızda daha mühüm irəliləyişlər əldə etmək istərdik. İtaliyanın İşəgötürənlər Konfederasiyasının və İnşaatçılar Assosiasiyasının yüksək səviyyəli nümayəndə heyəti noyabrın əvvəlində Bakıya səfər edəcəkdir. Onların səfərinin məqsədi bizim əməkdaşlığımızı daha da genişləndirməkdir."
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Letta birgə bəyannamə qəbul etdilər. Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olub. Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta bəyanatlarla çıxış etdilər. İtaliya nümayəndə heyətini bir daha Azərbaycanda salamlayan Prezident İlham Əliyev bu tarixi səfərə Azərbaycanda böyük önəm verildiyini dedi və bildirdi ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir. Azərbaycan ilə İtaliyanın beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı bildirdi ki, hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşıdır. Prezident İlham Əliyev bu səfərin iqtisadi əlaqələri daha da şaxələndirməyə imkan verəcəyini, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın münasibətlərimizdə yeni səhifə açdığını diqqətə çatdırdı. Dövlətimizin başçısı Avropa İttifaqı ilə enerji sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini, Azərbaycanın Avropa institutları ilə əməkdaşlığa böyük önəm verdiyini vurğuladı. Prezident İlham Əliyev mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd etdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettaya ətraflı məlumat verdiyini deyən Prezident İlham Əliyev sonda bu səfərin ikitərəfli əlaqələrə daha da təkan verəcəyinə əmin olduğunu bildirdi. İtaliya hökuməti başçısının Azərbaycana ilk səfərinin uğurla keçdiyini deyən Enriko Letta bunu İtaliyanın ölkəmizə verdiyi əhəmiyyət kimi xarakterizə etdi. Enerji sahəsində əməkdaşlığın önəminə toxunan Enriko Letta Transadriatik qaz kəmərinin regionda və beynəlxalq miqyasda rolunu vurğuladı. O, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan olacaq bu layihəyə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Yaxın vaxtlarda İtaliya şirkətlərinin nümayəndələrinin Azərbaycana gələcəyini və bunun ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu deyən Enriko Letta bildirdi ki, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı diqqət mərkəzində saxlanılmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməz olduğunu deyən İtaliya hökumətinin başçısı ölkəsinin ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiyini vurğuladı. Sonra jurnalistlərin sualları cavablandırıldı.