PDF Oxu

Siyasət

  • 12

Mişel Aun: Münaqişənin istənilən an yenidən alovlanması təhlükəsi narahatlıq doğurur

Mişel Aun: Münaqişənin istənilən an yenidən alovlanması təhlükəsi narahatlıq doğurur

Azərbaycan Respublikasının Suriya və Livandakı səfiri Mahir Əliyev Livanın "Azad Milli Hərəkat" partiyasının və "Dəyişiklik və islahatlar" parlament blokunun rəhbəri general Mişel Aunla ilə görüşüb.

Səfir M.Əliyevin təşəbbüsü ilə təşkil olunan görüş Mişel Aunun Beyrutdakı qərargahında rəhbərlik etdiyi partiyanın məsul əməkdaşlarının iştirakı ilə keçirilib.

Görüşün əsas məqsədi qarşılıqlı tanışlıq, Livan-Azərbaycan ikitərəfli münasibətləri və regionda cərəyan edən son proseslərlə bağlı fikir mübadiləsi aparmaqdan ibarət olub. Eləcə də ölkəmiz barədə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandırmaq olub.

İlk öncə səfir M.Əliyev "Azad Milli Hərəkat" partiyasının Livan ictimaiyyəti daxilindəki nüfuzunu və ölkədə cərəyan edən proseslərdəki böyük rolunu nəzərə alaraq, həmin partiyanın rəhbərliyi ilə tanışlığın və ölkələrarası münasibətlərlə bağlı qarşılıqlı fikir mübadiləsinin aparılmasının əhəmiyyətini vurğulayıb.

Partiya sədrinə ölkəmizin tarixi və coğrafi mövqeyi haqqında ətraflı məlumat verilmişdir. Səfir Azərbaycanın qədim dövlətçilik ənənələrinə malik olduğunu və müsəlman şərqində iki demokratik respublikanın məhz ölkəmizdə yarandığını diqqətə çatdırıb. Azərbaycanın yeni müstəqil dövlət olmasına baxmayaraq, ölkə rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində dünyanın ən sabit və sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyini qeyd edib.

Səfir ölkəmizin iqtisadi inkişafını statistik rəqəmlərlə özündə əks etdirən məlumat toplusunu həmsöhbətinə təqdim edərək, iqtisadiyyatımızın müxtəlif sahələri, xüsusilə ölkəmizin uğurlu neft strategiyası ilə bağlı ətraflı məlumat verib. Sonra səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq ermənilərin torpaqlarımıza köçürülmə prosesi və onların xarici havadarlarının dəstəyi ilə ölkəmizə qarşı apardıqları işğalçı siyasət haqqında məlumat verib. Ermənistanın Azərbaycanla yanaşı digər qonşu dövlətlərə qarşı da ərazi iddiaları irəli sürdüyünü və məhz bunun da nəticəsi olaraq regiondan təcrid olunaraq ağır iqtisadi vəziyyətə düşdüyünü qeyd edib.

M.Aunun diqqətinə çatdırılıb ki, əksər beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutan onlarla qərar və qətnamənin qəbul edilməsinə baxmayaraq, təcavüzkar ölkə hələ də ərazilərimizi işğal altında saxlayır. Ölkəmizin münaqişənin danışıqlar yolu ilə həll etmək istədiyi, lakin bunun baş tutmayacağı halda Azərbaycanın ərazi bütövlüyünü istənilən yolla bərpa etmək hüququnu özündə saxladığı qeyd edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Ərəb-İsrail münaqişəsi ilə müqayisə edən M.Aun bu münaqişənin istənilən an yenidən alovlanması təhlükəsinin mövcudluğunun narahatlıq doğurduğunu bildirib. Partiya sədri Azərbaycan və Livan ictimaiyyəti nümayəndələri arasında qarşılıqlı fikir mübadiləsinin əhəmiyyəti ilə bağlı səfirlə həmfikir olduğunu qeyd edib.

Daha sonra Azərbaycan-Livan ikitərəfli münasibətlərinin mövcud vəziyyəti, eləcə də Livan-Azəbaycan parlamentlərarası əməkdaşlığın yaradılması və inkişafı perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

sia.az

Digər xəbərlər