PDF Oxu

Siyasət

  • 9

Bu ilin sonunadək Azərbaycanın Panamada diplomatik nümayəndəliyi açılacaqdır

Bu ilin sonunadək Azərbaycanın Panamada diplomatik nümayəndəliyi açılacaqdır

Azərbaycan Respublikasının Meksikada və eyni zamanda Panamadakı səfiri İlqar Muxtarov Panamanın xarici işlər naziri Fernando Nunyez Fabreqa ilə görüşmüşdür.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, azərbaycanlı diplomat respublikamızın Latın Amerikası ölkələri ilə münasibətlərindən söz açaraq Azərbaycanın Panama ilə dostluq əlaqələrinin yaradılmasında və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. Səfir, həmçinin cari ilin sonunadək Panamada ölkəmizin diplomatik nümayəndəliyinin açılacağını bildirmişdir.

Diplomat panamalı nazirə ölkəmizin yaxın siyasi tarixi, milli dövlətçiliyimizin inkişafı, Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil etməsi, ümumiyyətlə, regionda lider ölkə olması, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermişdir. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən söhbət açan səfir İ.Muxtarov Panamanın xarici işlər nazirini Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi və acı nəticələri, Xocalı soyqırımı ilə bağlı ətraflı məlumatlandırmışdır.

Nazir Fernando Nunyez Fabreqa Azərbaycanın Panamada diplomatik nümayəndəliyinin açılmasında maraqlı olduğunu bildirərək, bu addımın ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edəcəyini söyləmişdir.

Panamaya səfəri zamanı səfir İ.Muxtarov bu ölkənin parlamentində müxtəlif görüşlər keçirmiş, parlamentlərarası əlaqələrin qurulmasında qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətini qeyd etmişdir. Diplomat ölkəmizin Panama ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu vurğulamışdır.

Azərbaycan səfiri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, Xocalı soyqırımı və bu faciənin beynəlxalq səviyyədə tanınması prosesindən söz açmışdır. Diplomat son vaxtlar dünyanın müxtəlif dövlətləri, o cümlədən Latın Amerikası ölkələrinin parlamentləri tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımına dair qəbul edilmiş qətnamələr barədə Panama parlamentinin üzvlərini məlumatlandırmışdır.

AzərTAc

Digər xəbərlər