"Vladimir Putinin bu dəfəki səfəri onun Azərbaycan iqtidarının siyasətini dəstələdiyinə sübutdur". SİA-ya açıqlamasında Politoloq Elman Nəsirli bildirib ki, Rusiya Azərbaycanla əlaqələrini davam etdirməkdə maraqlıdır: "Bu sayca Rusiya prezidentinin Azərbaycana 4-cü səfəridir. Vladimir Putin prezident statusunda ölkəmizdə 2001-ci, 2003-cü və 2006-cı illərdə səfərdə olub. Azərbaycanın inkişaf etməsini istəməyən bəzi qüvvələr düşünürdülər ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər mənfi istiqamətə yönəlib. Lakin, bu görüş bunu inkar etdi. Rusiya ilə Azərbaycan arasında çox geniş hərtərəfli əlaqələr mövcuddur. Rusiya prezidentinin bu dəfəki səfəri eyni zamanda sübut edir ki, Vladimir Putin Azərbaycan iqtidarının siyasətini dəstəkləyir, çünki Azərbaycan prezidentinin siyasətində müəyyənlik və aşkarlıq mövcuddur. Bu kimi səbəblərdən də Rusiya Azərbaycanla siyasi əlaqələrini davam etdirməkdə maraqlıdır".Politoloqun sözlərinə görə, iki ölkə arasında bir sıra müqavilələrin imzalanması gözlənilir: "Səfərdə Rusiyada yüksək mövqeyə malik olan nümayəndələr iştirak edir. Səfər çərçivəsində atılan maraqlı addımlardan biri də Bakıda keçiriləcək "Humanitar Forum"un müzakirəsi olacaq. Vladimir Putini müşayiət etmək üçün Azərbaycana gələn Xəzər Donanması da xoşməramlı məqsəd daşıyır. Bu məsələyə xüsusi "rəng verməyin" heç bir mənası yoxdur. Ümumilikdə, Putinin səfəri iki ölkənin bundan sonrakı əlaqələrini möhkəmləndirməyə xidmət edir".
sia.az