Avqustun 15-də "YES Event Management", "Baku Creative Center" və BMT Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə "Baku Creative Center"də Beynəlxalq Gənclər Gününə həsr edilmiş Beynəlxalq fotosərgi keçiriləcəkdir.
"YES Event Management" təşkilatından bildirmişlər ki, təbliğat nəticəsində dünyanın dörd qitəsindən fotoşəkillərin qəbul edildiyi beynəlxalq müsabiqə sosial tədbir kimi BMT-nin rəsmi saytında yerləşdirilmişdir. Ümumilikdə, 8 yerli və beynəlxalq təşkilat əməkdaşlığa cəlb edilərək 36 ölkədən 140 foto qəbul edilmişdir. Müsabiqənin şərtlərinə görə, dünyanın istənilən nöqtəsindən göndərilmiş və gəncliyi əks etdirən fotolar münsiflər heyətinin rəyi əsasında qiymətləndirilmiş və ilk 25 foto seçilmişdir.
Münsiflər heyətinə Nəzrin Zülfüqarova ("YES Event Management"in direktor müavini), Rasif Babayev, Kənan Məcidov, Selcan Qurbanova (hər üçü fotoqraf), Fərid Ələkbərov (rəssam), Marta Lopez (BMT-nin nümayəndəsi), Azər Qəribov (aparıcı, bloqqer), Elnarə Xəlilova (müğənni), Fərəh Ələkbərli ("Baku Creative Center", kurator), Hüsniyyə Məhərrəmova (televiziya aparıcısı), Murad Arif (aparıcı, bəstəkar), Mirfariz Muradov ("ÖZ Klub və Click Photo Agency", direktor) daxildirlər.
Beynəlxalq müsabiqədə Azərbaycan, İordaniya, Serbiya, Misir, Fransa, Hindistan, Litva, Böyük Britaniya, Yunanıstan, Burkina Faso, Macarıstan, Kenya, Bolqarıstan, Əlcəzair qalib ölkələr sırasındadırlar.
yap.org.az