PDF Oxu

Siyasət

  • 12

Elektron hökümət

Elektron hökümət

Yeni sivilizasiya həyatı əmələ gəlir və onu görməyə qadir olmayanlar onu boğmağa çalışırlar. Bəli, dünya qloballaşır və inkişaf edir. Bəzilərimiz bu inkişafla ayaqlaşır, bəzilərimiz isə bu inkişafın kölgəsində qalırıq. Biz isə yeni nəslin nümayəndəsiyik, anadan olduğumuz gündən evlərimizdə televizor, telefon, bir qədər sonra kompyuter və mobil telefonlar və s. görmüşük. Valideynlərimiz göndərdikləri məktubun cavabını aylarca gözlədiyi halda, biz bir mesajın cavabını 1 dəqiqədən də az bir zamanda alan nəsilik. Bir çoxlarınında dediyi kimi : "elektron nəsil".

Yenə də təkrar edirəm, dünya qloballaşır, inkişaf edir. 20 il əvvəl bir mövzu haqqında araşdırma aparmaq üçün saatlarımızı kitabxanalarda keçirdiyimiz halda indi 1 dəqiqə ərzində internetdən araşdırma edib, millionlarca informasiya toplaya bilərik. "Sürətə" öyrəşən nəsil. Hər şeyi bir saniyədə əldə edən nəsil, bir düymə ilə milyonlarca informasiya əldə edən nəsil əlbəttə hövsələsiz və səbrsiz olur. Hansısa bir sənədi almaq üçün və ya səyahət bileti əldə etmək üçün sırada gözləmək saatlarını buna xərcləmək istəmir.

Bu cür sürətə öyrəşən bir nəsil üçün normal hökümət şəraitində yaşamaq əlbəttə bir az çətin olur. Çünki həyatlarında olan hər bir şeyin elektronlaşmasını istəyirlər. Bütün işlərini tez bir zamanda həll etmək istəyirlər. Bundan əlavə, Azərbaycan dayanmadan, sürətlə inkişaf edir, qloballaşır. Elmi-texniki tərəqqi sürətlənir, bu yöndə bir-birilə sıx əməkdaşlıq edən ölkələr öz sərhədlərinə sığmır, genişlənir. Tarixi təcrübə göstərir ki, dünyada gedən obyektiv prosesləri nəzərə alıb düzgün qiymətləndirən, öz fəaliyyətini daha uğurlu təşkil edən dövlət uduzmur, əksinə, daha böyük fayda götürür. Bəşəri inkişafın sivil yoluna qədəm qoyan Azərbaycan bu proseslərə biganə deyil. Umummilli Liderimiz Heydər Əliyevin müdriklik və uzaqgörənliklə müəyyənləşdirdiyi daxili və xarici siyasətə sadiq qalan dövlətimiz inam və qətiyyətlə dünyaya inteqrasiya edir. Heydər Əliyevin bu uğurlu siyasətini qətiyyətlə davam etdirən İlham Əliyev Azərbaycanın inkişafı üçün diqqətə layiq tədbirlər həyata keçirir.

Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın inkişafında İnformasiya Kommunikasiya Texnologiyaları sahəsinin prioritet sahəyə çevrilməsi istiqamətində vaxtaşırı dövlət səviyyəli tədbirlər həyata keçirilir. Bu diqqətə layiq ənənə 20 dekabr 2006-cı il tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq (Elektron Azərbaycan) "Elektron hökumət"in formalaşması üzrə tədbirlər çərçivəsində seminarın keçirilməsi ilə davam etdirildi. Müasir Azərbaycan bir çox beynəlxalq təşkilatlarda təmsil olunmuş, bir çox qlobal nəqliyyat-kommunikasiya layihələrinin iştirakçısıdır, dünya bazarına enerji daşıyıcıları göndərir. Azərbaycan Avropa və Asiyaya uzunmüddətli strateji çıxış üçün coğrafi-siyasi və coğrafi-iqtisadi meydandır. Çox mühüm nəqliyyat dəhlizi və qloballaşma proseslərinin bir hissəsi olan Azərbaycanın sürəti azaltmaması, qloballaşmanı daha asan idarə etməyə və bunun nə ilə nəticələnəcəyini öncədən görməyə imkan yaradan, "sarsıdıcı" zərbələr ehtimalını azaldan, ona sosial cəhətdən məsul və demokratik xarakter verən yeni layihə və birliklər formalaşdırılmasında ölçülüb-biçilmiş və fəal iştirakı son dərəcə zəruridir. Azərbaycanın bütün göstəriciləri qloballaşmanın ölkəmizdə sürətlə getdiyinə və hər hansısa yeni bir modelin bu qloballaşmanın inkişafına daha çox təkan verəcəyinə işarədir.

Buna görə də dövlət orqanlarının qarşısında belə bir sual durur: "Bu yeni nəslin tələblərini və bu qədər inkişafda olan bir ölkənin problemlərinə necə tez və problemsiz həll yolu tapmaq olar?" Bu da "Elektron Hökümət" konsepsiyasının yaradılması zəruriliyini irəli sürür. Bir sıra inkişaf etmiş və inkişafda olan ölkələr məhz bu konsepsiya əsasında, yəni elektron hökümət konsepsiya əsasında öz dövlət işlərini həll edir və dövlətin ayrı-ayrı sahələrini tənzimləyirlər.

Bəs elektron hökümət nədir ? Elektron hökümət və ya e-hökümət hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər. Bu dövlətin idarə edilməsinin yeni modelidir. Biznes və vətəndaşla dövlət hakimiyyəti arasında münasibətləri dəyişdirmək iqtidarındadır. Ilk dəfə bu konsepsiyanı irəli sürən dövlət Sinqapur olmuşdur və o "Hökümət portalı" ideyasını həyata keçirmişdir. Daha sonra Amerika 1997-ci ildə "Hökümət fəaliyyətini yeni texnologiyalar vasitəsilə təkmilləşməsi" təşəbbüsü ilə çıxış etdi və 20.000-ə yaxın dövlət orqanı saytını bir portalda birləşdirdi. Bundan başqa Kanada və Böyük Britaniyada da buna bənzər sistemlər fəaliyyət göstərir. Bu portallarda təkcə dövlət orqanları haqqında məlumat yerləşdirilməyib, həm də insanların dövlət orqanlarına getmək kimi məcburiyyətlərini aradan qaldırır. Belə deyək ki, müasir Azərbaycan gəncliyinin xəyalları gerçəkləşir. Azərbaycanda Prezidentimiz İlham Əliyevin böyük səyləri nəticəsində E-hökümət yaradılması üçün hər bir şərait var. Belə ki, qısa müddətdə ölkəmizdə "Asan xidmətlər", "1 pəncərə" sistemi və s. kimi sahibkarların və vətəndaşların işini asanlaşdıran konsepsiyalar yaradılmışdır. Bu il Azərbaycanda İKT universiteti açılmışdır və onun fəaliyyəti qənaətbəxşdir. Cənubi Qafqazda ən çox Elektron Resurs məhz Azərbaycandadır. Qısa bir zaman ərzində Azərbaycan ərazisinin hər bir yerində telefon baza stansiyaları quraşdırılmış və hər bir yerinə mobil internetdən istifadə olunur. 2015-ci ilə qədər Azərbaycanda elə birinin elektron mənzərənin yaranması gözlənilir ki, hətta kiçik kəndlər belə internetsiz olmayacaq. Hal-hazırda bölgədəki ən ucuz internet məhz bizim ölkədədir və bu, orta əmək haqqının cəmi 2%-nı təşkil edir. Internet qiymətinin aşağı olmasına görə 144 dünya ölkəsindən Azərbaycan 20-ci yerdədir və yaxın illərdə bu siyahıda adımızın daha ön sıralarda olması gözlənilir. Azərbaycan MDB məkanında "elektron hökumət" layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir.

İKT-nin inkişaf indeksləri üzrə qlobal mənzərəyə baxdıqda görərik ki, Azərbaycan 2008-2012-cu illər arasında ən sürətlə inkişaf edən 10 ölkədən biri olub. Ölkəmiz 2012-ci il Dünya İqtisadi Forumunun hesabatına əsasən "Gələcək üçün dövlətə İKT-nin vaciblik indeksi" üzrə 142 ölkə arasında 14-cü, "Şəbəkə hazırlığı indeksi"nə görə 61-ci yeri, "Qlobal rəqabət qabiliyyətlilik indeksi"nə görə 55-ci, "İnnovasiyaların tətbiqi üzrə reytinq"də 52-ci yeri tutur. 2020-ci ildə respublikanın İKT sahəsindən 9,3 milyard manat gəlir əldə edəcəyi gözlənilir. İstehsal sahəsinin hazırkı İKT strukturunda 9,54 faizlik payı 2020-ci ildə 25 faizə yüksələcək, onun ÜDM-dəki 2,5 faiz tutumu isə 2020-ci ildə 10 faizi aşacaqdır. İKT sahəsinə yönələn investisiyaların 7,2 milyard dollar təşkil edəcək. Ümumiyyətlə, 2020-ci ilədək bu sektorda artımın 5 dəfə yüksəlməsi gözlənilir. Statistik tədqiqatlar göstərir ki, İKT-nin 10 faiz inkişafı iqtisadiyyatın 1 faiz inkişafına təkan verir. Aydındır ki, neft tükənəndir. Lakin intellektual baza, beyin gücü və biliyə-savada əsaslanan iqtisadiyyat tükənməz və sarsılmazdır. Iqtisadçıların proqnozlaşdırmalarına əsasən Azərbaycanda 2024-2025-ci illərə İKT gəliri neft sahəsi gəlirlərini keçəcəyi güman edilir. Elektron hökümət modeli Azərbaycan üçün ideal modeldir. Müasir dövrdə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da korrupsiya ilə mübarizə gedir və korrupsiya ilə gedən mübarizədə ən güclü silahlardan biri məhz "Elektron hökümət"dir.

Lakin heç bir konsepsiya ideal deyil, bu sistemin də müəyyən çatışmayan cəhətləri ola bilər. Amma bu mənfi cəhətlər bu hökümətin müsbət cəhətlərinin yanında gözə görünməz qalır. Doğrudur, Elektron hökümət konsepsiyası məşğulluq sahəsində müəyyən problemlər yarada bilər. Lakin nəzərə alsaq ki, E-hökümətin dövlət xərclərinin azaldacağı güman olunur və bu ixtisar olunan vəsait hesabına real iqtisadiyyat inkişaf edə bilər ki, bu da öz növbəsində məşğulluq probleminin həllidir.

Bəs "Elektron hökümət"Azərbaycanın sosial iqtisadi və hüquqi xəritəsində hansı dəyişiklikləri edəcək?

1. İqtisadi sferada dəyişikliklər:

a. Biznesin qeydiyyat prosesi sadələşdirilir və sürətlənir ki, bu da Azərbaycanın beynəlxalq hesabatlarda ( məsələn, Doing Business kimi hesabatlarda) reytinqinin yüksəlməsinə səbəb olacaq.

b. Biznes qeydiyyatının sürətlənməsi isə öz növbəsində həm daxili, həm də xarici investisiya qoyuluşlarını artıra bilər.

c. Nəticədə həm ölkənin iqtisadiyyatı inkişaf edir, həm də yeni-yeni iş yerləri yaranmaqla məşğulluq problemi həll olur.

2. Sosial sferada dəyişikliklər:

a. əlillər, qocalar və ya sağlamlığı yerində olan digər insanlar evlərindən çıxmadan pensiya, sosial yardım, şəxsiyyət vəsiqəsi üçün müraciət edə bilər, vergilərini ödəyə bilər və s. Təbii ki, bu siyahını artırmaq da olar.

b. Təhsilin yeni sahələrinə maraq artacağı güman olunur. İT mütəxəssilər yetişəcək ki, bu da bizim valideylərimizin "mənim uşağım həkim, hüquqşünas olmalıdı" stereotipini dağıdacaq.

3. Hüquqi sferada dəyişikliklər:

a. Korrupsiya ilə gedən mübarizədə ən güclü silahlardan biridir.

Belə ki, Azərbaycan qlobal və müasir dünyanın bir hissədir. Dayanmadan inkişaf edən bir dünyada yaşayırıq və bu proseslərdən kənarda qalmaq mümkün deyil. Dünyanın bir çox inkişaf etmiş və inkişafda olan dövlətləri kimi Azərbaycanda da E-kökümət konsepsiyası uğurla işləyəcəyi güman olunur.

Yusifova Nərmin Anar qızı

Digər xəbərlər