"Asiya dünyanın gələcəyinə böyük töhfələr vermək iddiasında olan böyük bir regiondur. İCAPP da buna öz töhfəsini verməkdədir". SİA-nın xəbərinə görə, bunu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun ikinci toplantısında Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, İCAPP-ın Daimi Komitəsinin üzvü Əli Əhmədov deyib.
Əli Əhmədovun sözlərinə görə, gənclər bunu yüksək qiymətləndirir və etibarlı zəmin hazırlayırlar: "Hər bir xalqın, ümumilikdə dünyanın gələcəyi gənclərin əlindədir. İCAPP-ın qarşısında duran əsas vəzifələrdən biri də quruma üzv olan ölkələrin gənclərinin gələcəyə hazırlanmasının təmin edilməsidir. Biz gələcək gəncliyimizlə fəxr edirik və gəncliyimizə gələcəyimizə zəmanət verən bir kapital kimi baxırıq. Azərbaycan gənc, sürətlə inkişaf edən ölkədir. Azərbaycanın inkişafında gənclərin müstəsna rolu var. Dünya sürətlə inkişaf edir və bu inkişaf bir sıra yerlərdə yoxsulluq, münaqişələrlə müşayiət olunur. Bir yerdə baş verən fəlakətlər digər yerlərə də öz təsirini göstərir. Bu səbəbdən bütün millətlərin birləşib dünyanın xoşbəxt gələcəyini qurması lazımdır".
Əli Əhmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir həll olunmaması gənclərin həyatına mənfi təsirini hələ də göstərir: "Gənclik separatizmə, terrorizmə, iğalçılığa qarşı mübarizədə öndə getməlidir".
sia.az