Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən işgüzar əlaqələr mövcuddur.
AzərTAc xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov avqustun 14-də jurnalistlərə müsahibəsində demişdir.
Ə.Əhmədov bildirmişdir ki, hər iki tərəf ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirir. Bu əlaqələrin inkişafı ölkələrimizin mənafeyinə uyğundur. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər gələcəkdə ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün etibarlı hüquqi baza yaratmışdır.
Əli Əhmədov bəzi müxalifət qəzetlərində Prezident Vladimir Putinin Azərbaycana səfərinin guya prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevə dəstək kimi təqdim olunmasına münasibət bildirmişdir.
Vurğulamışdır ki, Prezident İlham Əliyevi qarşıdan gələn seçkilərdə dəstəkləyən yeganə qüvvə Azərbaycan xalqıdır, seçiciləridir. Ölkəmizdə aparılan seçkiqabağı müşahidələr, keçirilən ictimai rəy sorğuları bir daha nümayiş etdirir ki, Azərbaycanda qarşıdan gələn prezident seçkilərində əhalinin mütləq əksəriyyəti dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyir. YAP Prezident İlham Əliyevə dəstəyi müxalifətdən fərqli olaraq Azərbaycandan kənarda deyil, ölkəmizin hüdudları daxilində əldə etmişdir. Bu dəstək dövlətimizin başçısının qarşıdan gələn prezident seçkilərində uğur qazanması üçün kifayət edir.
yap.org.az