"Azərbaycan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsindən sonra növbəti addım onun tamamilə ləğvi ola bilər". Bu fikri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
M.Məmmədquliyev bildirib ki, tərəflər Litvanın paytaxtı Vilnüsdə 2013-cü ilin noyabrın 28-29-da keçiriləcək "Şərq tərəfdaşlığı" ölkələrinin üçüncü sammitinin gedişi zamanı viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanmasına hazırlaşırlar. Onun sözlərinə görə, sadələşdirilmiş rejim sazişin imzalanmasından və qüvvəyə minməsindən dərhal sonra tətbiq edilməyə başlanılacaq.
"İmzalanmadan sonra Azərbaycan Milli Məclisi və Avropa Parlamentində ratifikasiya prosedurları başlayacaq. Bundan əlavə Şengen zonasına daxil olan, lakin Aİ-yə üzv olmayan ölkələrlə (Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn) də ikitərəfli sazişlər imzalanmalıdır. Eyni zamanda, Aİ-yə üzv ölkələrlə ayrı-ayrılıqda sazişlərin imzalanmasına ehtiyac yoxdur"- deyə, nazir müavini vurğulayıb.
yap.org.az