YAP Tovuz rayon təşkilatında imzatoplama kampaniyası uğurla aparıldı
Bu il oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlıq uğurla davam etdirilməkdədir. Seçkilərə münasibətdə cəmiyyətin bütün təbəqələrində ruh yüksəkliyi və fəallıq müşahidə olunur. Artıq qanunvericiliyin tələblərinə uyğun olaraq Cənab İlham Əliyevin imza toplama kampaniyası yekunlaşmaq üzrədir. Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatından qəzetimizə verilən məlumata görə, imzatoplama kampaniyasının nəzərdə tutulmuş tədbirlər planı ardıcıllıqla və uğurla həyata keçirilir. YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov bildirdi ki, avqustun 13-də rayon təşkilatında respublika prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin namizədliyinin qeydə alınması üçün imzatoplama kampaniyasına start verilib: " Bunun üçün rayon təşkilatının 6859 nəfər üzvünü birləşdirən 111 ilk partiya təşkilatı bu prosesdə fəal iştirak edib. Seçici imzalarının toplanması üçün YAP Tovuz rayon təşkilatında 16 qrup yaradılmışdır ki, onlar tərəfindən də Cənab İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi üçün ümumilikdə rayon üzrə 800 imza toplanmışdır".
İntizarə Məmmədova