Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov Prezident İlham Əliyevə Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Bu istirahət mərkəzində qısa müddətdə böyük abadlıq-quruculuq işləri görülmüş, fəvvarələr quraşdırılmış, yaşıllıq salınmışdır. Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirdi Avqustun 14-də İsmayıllı şəhərində yeni avtovağzal istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtovağzalın açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu. Azərbaycanda həyata keçirilən siyasətin əsas hədəflərindən biri də ölkəmizin hər yerində yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların da xüsusi əhəmiyyəti vardır. Avtovağzalların yaradılması həm də bölgələrin inkişafına töhfə verir. Müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunmuşdur. İsmayıllı şəhərində tikilən yeni avtovağzal da ən müasir tələblər səviyyəsindədir. Məlumat verildi ki, avtovağzalın tikintisinə 2013-cü ilin martında başlanmışdır. Ümumi ərazisi 0,26 hektar, tikinti ərazisi isə 282 kvadratmetr olan avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 48 nəfərlik 4 perron inşa edilmişdir. Perronlarda hərəkət cədvəlini göstərən elektron məlumat tabloları quraşdırılmışdır. Bundan başqa, burada ümumi sahəsi 137 kvadratmetr olan gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı yaradılmışdır. Avtovağzalın həyətində avtobuslara texniki xidmətin göstərilməsi üçün açıq bokslar inşa edilmişdir. Bildirildi ki, avtovağzal Bakı şəhərinə, Şamaxı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarına gedən sərnişinlərə xidmət göstərəcəkdir. Avtovağzalın istifadəyə verilməsi ilə 22 nəfər işlə təmin olunmuşdur. Dövlətimizin başçısı əhaliyə xidmət göstərəcək yeni taksilərə və avtobuslara baxdı. Prezident İlham Əliyev avtovağzalda yaradılmış şəraiti yüksək qiymətləndirdi. .
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, əlamətdar hadisə münasibətilə onları təbrik etdi: - "Bu gün gözəl tədbirdir. Biz İsmayıllıya içməli suyun verilməsini qeyd edirik. Bu münasibətlə sizi təbrik edirəm. Çox vacib layihədir, böyük layihədir.
Su insan üçün əsas məsələdir. Şadam ki, İsmayıllıda da içməli su və kanalizasiya layihəsi icra edilir. Biz indi suyun verilməsini qeyd edəcəyik və bundan sonra İsmayıllı şəhərinin təmiz, keyfiyyətli, içməli su ilə təminatı artıq həll olunacaqdır. Digər infrastruktur layihələri də icra edilir. Qazlaşdırma da uğurla aparılmışdır. Şəhər tamamilə qazlaşdırılıb, kəndlərdə də qazlaşdırma gedir. Əsas infrastruktur layihələri bunlardır və bunları biz həll edirik. Şadam ki, İsmayıllıda bu istiqamətdə işlər yaxşı gedir. Rayon inkişafdadır, böyük dəyişikliklər vardır. Əminəm ki, rayon bundan sonra da bu templə inkişaf edəcək, rayonda mövcud olan bütün məsələlər öz həllini tapacaq və artıq tapmaqdadır.
İnfrastruktur layihələri, insanların işlə təmin edilməsi məsələləri həll edilir. Bu gün yeni tikiş fabrikinin açılışını qeyd edəcəyik. Rayonun kompleks şəkildə inkişafı ilə bağlı konkret tədbirlər planı vardır. Yeni rəhbərlik işə çox böyük fəallıqla və çox böyük həvəslə başlamışdır. Yeni rəhbərlik təyin olunanda qarşıya bir neçə vəzifə qoyulmuşdu. İlk növbədə, rayonun sosial-iqtisadi inkişafını sürətləndirməli idik və artıq biz bunu görürük. Eyni zamanda, insanları narahat edən problemlər öz həllini tapmalı idi. İnsanlara diqqət, qayğı göstərilməlidir. Mənim bütün icra başçıları qarşısında qoyduğum əsas məsələlər bunlardır. Hər bir vəzifə sahibi, hər bir rəhbər işçi, ilk növbədə, insanlara qulluq etməlidir, onların qayğıları ilə yaşamalıdır, insanların rahat yaşaması üçün əlindən gələni etməlidir. Bu bizim siyasətimizdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bax, bu layihə də sırf sosial xarakter daşıyır. Buraya qoyulan investisiyalar çox böyük investisiyalardır. Qazlaşdırma, su xətləri, kanalizasiya, yollar, sosial obyektlərin tikintisi böyük vəsait tələb edir. Bu vəsaiti Azərbaycan dövləti büdcə hesabına ödəyir ki, insanların rahat yaşaması üçün daha da yaxşı imkanlar yaransın. Sosial siyasət əsas məsələdir. Sosial siyasət təkcə sosial obyektlərin tikintisi ilə məhdudlaşmır. Sosial siyasət o deməkdir ki, siyasətimizin mərkəzində insan olmalıdır. Bu da var, bunu biz təmin edirik. Biz öz iqtisadi gücümüzü sosial sahəyə yönəldirik və bu məsələlərə kompleks şəkildə yanaşırıq. Məktəb, xəstəxana tikintisi. İsmayıllıda da xəstəxana tikilir və yaxın zamanlarda istifadəyə veriləcəkdir. Azərbaycan bölgənin lider dövlətidir. Bunu artıq bütün beynəlxalq aləm də etiraf edir. Azərbaycan dünya miqyasında böyük nüfuza malikdir, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür, iqtisadi islahatlar sahəsində nümunə göstərən ölkədir. Bilirəm ki, Azərbaycanın bölgələrində aparılan islahatlar və regional inkişaf proqramları ilə bağlı təcrübə başqa ölkələrdə də öyrənilir. Biz buna necə nail ola bilmişik? Biz bölgələri necə canlandıra bilmişik?
Hələ görüləsi işlər çoxdur. Elə rayonlar vardır ki, orada işlər çox yaxşı gedir. Elə rayonlar vardır ki, bir qədər zəif gedir. Ona görə, mən də çalışıram ki, bütün rayonlarda mütəmadi qaydada olum və işlərin nə yerdə olduğunu öz gözümlə görüm."
İctimaiyyətin adından çıxış edən Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizov İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür etdi.
Sonra "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində görülən işlər barədə məlumat verdi. Bildirildi ki, İsmayıllı rayonunda sifarişçisi "Meliorasiya və Su Təsərrüfatı" ASC olan su təchizatı və kanalizasiya şəbəkəsi, çirkab sutəmizləyici qurğunun tikinti və yenidənqurma işləri bu sahədə böyük təcrübəsi olan şirkətlər tərəfindən həyata keçirilir. İsmayıllı şəhərinin əhalisinin sayının 2030-cu ilədək 28 min nəfərdən çox olacağı nəzərə alınaraq, rayon mərkəzini içməli su ilə təmin etmək məqsədi ilə layihədə su mənbəyi kimi rayonun Qız qalası ərazisində yerləşən Ax-ox çayın məcraaltı suları nəzərdə tutulmuşdur. Həmin ərazidə sugötürücü qurğunun, həmçinin diametri 355 millimetr, uzunluğu 11 kilometr olan magistral su xəttinin tikintisi başa çatdırılmışdır. Magistral su xətti üzərində su anbarı, xlorlama binası və təzyiqazaldıcı anbar tikilmişdir. Layihə çərçivəsində İsmayıllı şəhərində əhalinin gün ərzində adambaşına 180 litr fasiləsiz içməli su ilə təmin olunması nəzərdə tutulmuşdur. Əlavə olaraq İsmayıllı şəhərinə yaxın ərazidə yerləşən və ümumilikdə 10 min 252 nəfər əhalisi olan Mican, İsmayıllı və Talıstan kəndlərinin aşağı hissəsinə də içməli su xətti çəkilmiş, tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə yerinə yetirilmişdir. Nəticədə İsmayıllı şəhəri, Mican, İsmayıllı və Talıstan kəndlərinin böyük bir hissəsi daxil olmaqla hər bir ev, o cümlədən ictimai və sosial obyektlər içməli su ilə təmin olunmuş və kanalizasiya şəbəkəsinə qoşulmuşdur. Bundan başqa, magistral xətt üzərində yerləşən Xanagah kəndinə də içməli su xətti çəkilmişdir. Bundan başqa dörd su anbarı inşa edilmişdir. Həmçinin 33 min nəfər əhaliyə xidmət edə biləcək çirkab sutəmizləyici qurğunun daha müasir qurğu ilə əvəz olunması üçün layihədə müvafiq dəyişikliklər edilmişdir. Qurğunun tikinti işləri davam etdirilir.
Daha sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət etdi. Prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllı rayonuna səfəri çərçivəsində tikiş fabrikinin açılışında iştirak etmişdir. Ölkədə sahibkarlığın, qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğı sayəsində yeni istehsal müəssisələri yaradılır və iş yerləri açılır. Bu, paytaxt Bakı ilə yanaşı, regionlarda da özünü aydın büruzə verir. Son dövrlərdə İsmayıllıda iş adamlarına yaradılan şərait, onlara göstərilən diqqət nəticəsində yeni inşa olunan müəssisələrdən biri də İsmayıllı tikiş fabrikidir. Burada ən yüksək səviyyədə məhsul istehsal etməyə imkan verən avadanlıq quraşdırılmışdır. Bu tədbirlər, ilk növbədə, əhalinin məşğulluğunun artırılması istiqamətində atılan mühüm addımlar sırasında böyük əhəmiyyətə malikdir. Bölgələrdə yeni istehsal sahələrinin yaradılması həm də ümumilikdə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir. Beləliklə, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafını qarşıya əsas hədəflərdən biri kimi qoyması bu sahədə mühüm nailiyyətlərin əldə edilməsi ilə nəticələnmişdir. Təqdirəlayiq haldır ki, bu məsələdə paytaxt Bakı ilə yanaşı, bölgələrin da çəkisi ilbəil artır.
Fabrikin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövləti fəaliyyətlərini, iqtisadiyyatın inkişafı istiqamətində gördükləri işləri və müxtəlif dövrlərdə İsmayıllıya səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Buradakı sərgi salonunda müəssisənin məhsulları nümayiş etdirilir, inzibati otaqlarda yüksək şərait yaradılmışdır. Fabrikin işçiləri tədris otağının və yeməkxananın da xidmətlərindən istifadə edəcəklər. Dövlətimizin başçısı fabrikin kollektivi ilə söhbət etdi.
Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə və videofilmə baxdı. Məlumat verildi ki, son dövrlərdə paytaxtla yanaşı, bölgələrdə də yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin miqyası artmışdır. Bu gün respublika əhəmiyyətli yollarla bərabər, rayon və kənddaxili yollar müasir səviyyədə inşa edilir. Yeni inşa olunan belə yollardan biri də İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yoludur. Yol ən müasir səviyyədə qısa müddətdə inşa olunmuşdur.
Əvvəli səh. 4
Bu yolun tikintisi üçün Azərbaycan Prezidentinin 2012-ci il 16 mart tarixli Sərəncamına əsasən Prezidentin ehtiyat fondundan ilkin olaraq üç milyon manat vəsait ayrılmışdır. İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu 6 min nəfərin yaşadığı 7 məntəqəni birləşdirir. Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli sərəncamı ilə yolun tikintisi üçün əlavə olaraq 5,5 milyon manat vəsait ayrılmışdır. Bu layihənin ümumi dəyəri 8 milyon 526 min manatdır. Layihəyə əsasən, 29,5 kilometr uzunluğunda yol çəkilmiş, 18 yerdə beton suötürücülər tikilmiş, yolboyu yol-hərəkət nişanları quraşdırılmışdır. Yolun başlanğıcında üç dayanacaq əsaslı təmir edilmiş, kəndlərdə 10 yeni dayanacaq tikilmişdir. Yolun İvanovka kəndindən keçən hissəsində piyadaların təhlükəsiz hərəkəti üçün səkilər salınmışdır. Bu yolun istifadəyə verilməsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkət etməsinə geniş imkanlar yaratmaqla yanaşı, həm də sərnişinlərin təhlükəsizliyi baxımından olduqca önəmlidir. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısı yeni yolda avtomobili idarə etdi. Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən "İsmayıllı-1" Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir. "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, "İsmayıllı-1" Su Elektrik Stansiyası alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsi proqramı çərçivəsində inşa olunan obyektlərdən biridir. Kiçik su elektrik stansiyalarının tikintisi elektrik enerjisinin istehsalında yanacağa qənaət etməklə yanaşı, həm də ətraf mühitə heç bir zərər yetirmir.
Prezident İlham Əliyevə stansiyanın inşası, fəaliyyəti və layihənin əsas komponentləri barədə də məlumat verildi. Bildirildi ki, stansiyanın tikintisinə 2011-ci ildə başlanılmışdır. Əsas və köməkçi avadanlığın təchizatı, eləcə də bütün tikinti-quraşdırma işləri "Azenco" şirkəti tərəfindən həyata keçirilmişdir. Stansiyanın tikintisində 100 nəfər çalışmışdır. Tikinti işləri zamanı burada suqəbuledici quraşdırılmış, hər birinin uzunluğu 2115 metr, diametri isə 800 millimetr olan üç boru çəkilmiş, stansiya binası inşa edilmişdir. Stansiyanın binasının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda energetika sahəsinin inkişafına göstərdikləri diqqəti, həmçinin bu sferanın müasirləşdirilməsi istiqamətində həyata keçirdikləri layihələri əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Binada nəzarət, mühafizə və idarəetmə sistemləri quraşdırılmışdır. Prezident İlham Əliyev idarəetmə mərkəzindən stansiyanı işə saldı. Diqqətə çatdırıldı ki, bu stansiyanın ümumi layihə gücü 1600 kilovat olan üç hidroturbin və üç hidrogeneratordan ibarətdir. Burada 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik ötürücü xətlər çəkilmişdir. Stansiyanın aşağı byefindən çıxan təmizlənmiş su tikilməkdə olan "İsmayıllı-2" Su Elektrik Stansiyasına daxil olacaqdır. Beləliklə, yekunda İsmayıllı Su Elektrik Stansiyası ümumi gücü 3200 kilovat olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edəcəkdir. Bu layihə olduqca səmərəli və əhəmiyyətlidir. Belə ki, İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir. Su elektrik stansiyasında 12 nəfər daimi işlə təmin ediləcəkdir. Stansiyanın ərazisində abadlıq-quruculuq işləri görülmüş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Azərbaycan Prezidenti yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıqlarını verdi. Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllıya səfərini başa çatdıraraq Qəbələ rayonuna gəlmişdir. Dövlətimizin başçısı Qəbələ şəhərindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsinin önünə gül dəstəsi qoydu. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev məlumat verdi ki, Heydər Əliyev parkı son illər sakinlərin ən çox üz tutduqları məkanlardan biridir. Burada yerli əhalinin, eləcə də qonaqların mənalı istirahətini təşkil etmək üçün hər cür şərait yaradılmışdır. Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələyə səfəri çərçivəsində "Aqro Kompleks Qəbələ" MMC-nin aqrar-sənaye kompleksinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə kompleksin inzibati binasında müəssisənin maketinə baxdı. Prezident İlham Əliyevə məlumat verildi ki, müəssisə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsinin bəhrəsidir. Qəbələ rayonunun Vəndam kəndində yaradılan aqrar-sənaye kompleksinin ümumi sahəsi 20 hektardır. Müəssisəyə südlük və ətlik istiqamətli heyvandarlıq kompleksləri, müasir suvarma sisteminin tətbiqinə əsaslanan əkinçilik təsərrüfatı və aqroservis daxildir.
Diqqətə çatdırıldı ki, kompleksin ümumi dəyəri 25 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 14 milyon manat güzəştli kredit verilmişdir. Heyvandarlıq komplekslərində dünyada kənd təsərrüfatı texnikası istehsalında aparıcı müəssisələrdən olan Almaniyanın "GEA" şirkətinin tam avtomatlaşdırılmış havalandırma, suvarma, qidalandırma, istilik sistemləri və digər ferma avadanlığı quraşdırılmışdır. Min başlıq südlük heyvandarlıq kompleksində "Simmental" cinsindən olan südlük-damazlıq inəklər bəslənilir. İnəklərdən gündə orta hesabla 25 litrədək 4-4,5 faiz yüksək yağlılıq göstəricilərinə malik süd alınır. İlkin olaraq kompleksə Almaniyadan 640 baş "Simmental" cinsindən olan südlük-ətlik cins heyvanlar gətirilmişdir. Gətirilən heyvanlar artıq yerli iqlimə tam olaraq uyğunlaşmışdır. Əlavə cins heyvanların gətirilməsi ilə bağlı artıq müqavilələr imzalanmışdır. Heyvanların yaxın vaxtlarda gətirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev sağım prosesinə baxdı. Bildirildi ki, sağım sahəsi bir sağım dövründə 28 baş inək tutumlu "Karusel" tipli avadanlıq, soyutma sistemləri və digər köməkçi avadanlıqla təchiz edilmişdir. Bu avadanlıq hər bir sağmal inək üzrə sağılan südün həcminin, yağlılıq dərəcəsinin və digər keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Qeyd edildi ki, 1000 başlıq ətlik istiqamətli heyvandarlıq kompleksində "Simmental" cinsindən olan ətlik heyvanlar saxlanılır. Bu cins heyvanların çəkiləri gündə orta hesabla 1,4-1,6 kiloqram artır və 65-70 faiz dəyərli zülallar, vitaminlər və mineral maddələrlə zəngin ətvermə qabiliyyətinə malikdirlər. Kompleksin fasiləsiz xammal bazasının təmin edilməsi məqsədi ilə Qəbələ rayonunda 1050 hektar ərazidə yem təsərrüfatı yaradılmışdır. Təsərrüfatda növbəli əkin sisteminin tətbiq edilməsi nəticəsində kompleksin yem təchizatı tam olaraq ödənilir. Əkin, biçin və bütün aqrotexniki işlərin aparılması üçün Almaniyanın "Class" və Hollandiyanın "New Holland" qabaqcıl şirkətlərinin istehsalı olan 10 adda 35-ə yaxın müasir kənd təsərrüfatı texnikası və aqreqatdan ibarət aqroservis yaradılmışdır. Aqroservis traktor, kombayn, pnevmatik və sadə toxum səpmə aqreqatları, piper, kultivator, vərdənə, diskli mala, dərmançiləmə, gübrəsəpən və digər ən müasir aqreqatlarla təchiz edilmişdir. Görülən bütün işlər hesabına məhsuldarlıq göstəriciləri təxminən iki dəfəyədək artırılmışdır. Gələcəkdə aqrar-sənaye kompleksində müasir avadanlıqla təchiz edilmiş ət emalı fabrikinin yaradılması nəzərdə tutulur ki, bu da bütün gigiyenik normalar gözlənilməklə heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasına və istehlakçılara çatdırılmasınadək bütün prosesi əhatə edəcəkdir. Bu layihələrin həyata keçirilməsi respublika əhalisinin keyfiyyətli süd və ət məhsullarına olan tələbatının təmin edilməsi ilə yanaşı, onların ixracını da genişləndirəcəkdir. Aqrar-sənaye kompleksində 200-dən çox insan daimi işlə təmin olunmuşdur. Komplekslə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, tətbiq olunan müasir texnologiyanın istifadəsi, cins heyvanların bəslənməsi, kənd təsərrüfatı texnikasından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədilə burada çalışan mütəxəssislərin bir hissəsi Avropa ölkələrində xüsusi kurs keçmişdir. Gələcəkdə digər işçilərin də təcrübələrinin artırılması məqsədi ilə kurs və seminarlara göndərilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev kompleksdə yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Qəbələyə səfəri çərçivəsində Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə Qəbələ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayon sakinləri adından çıxış edən Arifə Babayevə Qəbələnin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını çatdırdı. Sonra xatirə şəkli çəkdirildi. Daha sonra dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanda mötəbər tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır, respublikamızı mədəniyyətlərarası dialoqa töhfə verən məkan kimi tanıdır. Bu gün Azərbaycanda regionların sürətli inkişafı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmizin bütün bölgələri kimi, Qəbələ də qədim və tarixi görkəmini saxlamaqla müasirləşir. Burada bir sıra yüksək səviyyəli mədəni-humanitar tədbirlər keçirilir. Son illər Qəbələdə dünya standartlarına cavab verən otellər, yollar, beynəlxalq hava limanı tikilmişdir. Qəbələ artıq beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada yer alır. Təsadüfi deyildir ki, MDB-nin üzv dövlətlərinin Humanitar Sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun Aşqabadda keçirilən birgə iclasında qəbul edilən qərara əsasən 2013-cü ildə Qəbələ "MDB-nin mədəniyyət paytaxtı" elan olunmuşdur. Bu gün gözəl təbiəti və bənzərsizliyi ilə seçilən Qəbələ şəhərinin MDB-nin mədəniyyət paytaxtına çevrilməsində rayonun qədim tarixi də mühüm rol oynayır. Qəbələdə yeni inşa olunan Heydər Əliyev Konqres Mərkəzinin tikintisi isə bir məqamı təsdiqləyir ki, artıq burada istənilən beynəlxalq tədbiri keçirmək mümkündür. Konqres Mərkəzində beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün geniş imkanlar yaradılmışdır. Dövlətimizin başçısına məlumat verildi ki, 1200 yerlik Heydər Əliyev Konqres Mərkəzi Qəbələ şəhərində, Qaraçay çayının sahilində yerləşir və ərazisinin ümumi sahəsi 8,5 hektardır. Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayından başlanılmış və bu ilin iyulunda başa çatdırılmışdır. Bina üç mərtəbədən və 4,2 metr dərinliyində zirzəmidən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Mərkəzdə 6 qüllə və zalın üzərində diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr olan günbəz düzəldilmişdir. İsveçrə istehsalı olan və səstənzimləmə xassələrinə malik materialdan istifadə olunaraq hazırlanan bu günbəz zalda akustikanın tənzimlənməsinə xidmət edir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. Prezident İlham Əliyev konfrans zalı ilə tanış oldu.
Bundan başqa, burada 92 kvadratmetrlik səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas və s. üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Kreslolar İspaniyanın Barselona şəhərindəki "Fiquleras" şirkəti tərəfindən hazırlanmışdır. Zalın səhnə hissəsi qalxıb-enən platforma üzərində quraşdırılmışdır. Burada sinxron tərcümə üçün xüsusi avadanlıqla təchiz olunan 6 tərcüməçi kabinəsi, habelə müşahidə və zalın avtomatik idarəetmə məntəqəsi vardır. Konfrans zalında mükəmməl səsləndirmə sistemi quraşdırılmışdır ki, bu da tədbirin təyinatından asılı olaraq səsləndirməni həm konfranslar, həm də konsert-əyləncə tədbirləri üçün tənzimləməyə imkan verir. Mərkəzin üçüncü mərtəbəsində isə antressol hissə yerləşir. Binanın zirzəmisində ATS, yanğınsöndürmə otağı, anbar, avtomobillər üçün dayanacaq, media işçiləri üçün otaq və foye yerləşir. Binada 18 metrlik eskalator və liftlər quraşdırılmışdır. Konqres Mərkəzinin ərazisində 140 yerlik yeraltı qaraj tikilmişdir. Qarajın üstündə bayraq meydanı və dekorativ yaşıllıq salınmışdır. Qaraj iki hissədən ibarətdir. Birinci hissədə minik avtomobilləri, ikinci hissədə isə avtobuslar yerləşdiriləcəkdir. Binanın dam örtüyü və qüllələr Almaniyada istehsal edilmiş mis təbəqə ilə örtülmüşdür. Həmçinin 9 ballıq seysmik normanın tələblərinə uyğun olaraq antiseysmik və deformasiya tikişləri və digər konstruktiv tədbirlər nəzərdə tutulmuşdur. Ərazidə istirahət üçün yerlər, terraslar və s. yaradılmışdır. Avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün binaya üç istiqamətdən giriş yolları çəkilmişdir. Binanın önündə, çay üzərində eni 24 metr, uzunluğu 42 metr, yükgötürmə qabiliyyəti 100 tona qədər olan körpü tikilmişdir.
Əvvəli Səh. 5
Qaraçay çayının obyektin ərazisindən axan hissəsinə sahil boyunca çay daşları düzülmüşdür. Bina və binaətrafı ərazi tam elektron video nəzarətinə alınmışdır. Yanğına qarşı və yaşıllığın suvarılması üçün nəzərdə tutulan iki yeraltı su hovuzu tikilmişdir. Qaraj və konfrans zalı yanğına qarşı xüsusi sprinklerlərlə təchiz edilmişdir. Eyni zamanda, bina müasir daxili və xarici mühafizə siqnalizasiya və yanğınsöndürmə sistemləri ilə təchiz edilmişdir. Qeyd olundu ki, ikinci mərhələ üçün nəzərdə tutulmuş göl və gölətrafı sahə yenidən qurulacaqdır. Bu sahə 3 hektar ərazini əhatə edir. Gölətrafı sahədə abadlaşdırma işləri, gölün suyunun bərpası, yaşıllaşdırma işləri yerinə yetiriləcəkdir. İri və xırda dekorativ ağaclar əkiləcək, fontanlar quraşdırılacaqdır. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Qəbələdə "Qafqaz Karvansaray" otel kompleksinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, təkcə Qəbələ rayonu deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu kompleks mükəmməl infrastruktura malikdir. Kompleksin təchizatı da ən müasir standartlara uyğundur. Otel beş hektar sahədə inşa edilmişdir. Tikinti işlərinə 2012-ci ilin mayında başlanmış, bu ilin avqustunda başa çatdırılmışdır. Yüksək xidmətin göstəriləcəyi bu kompleks, eyni zamanda, nadir memarlıq incilərindən biridir. "Qafqaz Karvansaray" otel kompleksi də həmin istiqamətdə atılan əsaslı addımlardan biridir. Dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində inşa olunmuşdur. Otelin zirzəmi hissəsində 44 yerlik avtomobil qarajı, camaşırxana, hovuz və digər yardımçı otaqlar vardır. "Karvansaray" otel kompleksi 139 super otaq, 12 ailəvi otaq, 6 kral otağı və 2 əlillər üçün otaq olmaqla 159 otaqdan ibarətdir. Oteldə, həmçinin qapalı üzgüçülük hovuzu, kişi və qadınlar üçün bərbərxana və gözəllik salonları, iki türk hamamı, iki buxar hamamı, iki SPA, iki trenajor zalı, bilyard və tennis zalları, iki sauna və massaj otaqları vardır. Kompleksdə 150 nəfərlik restoran, ayrı-ayrılıqda 100 və 12 nəfərlik iclas və konfranslar keçirmək üçün zallar və uşaqların istirahət otaqları fəaliyyət göstərir. Turizm kompleksi mərkəzi kondisioner və istilik sistemi ilə tam təchiz olunmuşdur. Bundan başqa, oteldə 3 fontan quraşdırılmış, ətrafında istirahət üçün yerlər yaradılmışdır. Həmçinin kompleksin ərazisi tam abadlaşdırılmış, yaşıllıq sahəsi salınmış, dekorativ ağaclar əkilmiş və 1 fəvvarə quraşdırılmışdır. "Qafqaz Karvansaray" oteldə 120 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulmuşdur. Mükəmməl infrastruktura malik kompleks ən müasir avadanlıqla təchiz edilmişdir. Gözəl dizayn və interyeri ilə seçilən otaqlarda son dövrdə böyük turist axını müşahidə edilən Qəbələnin qonaqlarına yüksək səviyyəli xidmət göstəriləcəkdir. Bildirildi ki, "Qafqaz Karvansaray" otelinin istifadəyə verilməsi bölgəyə gələn turistlərin sayına da müsbət təsirini göstərəcəkdir. Otellə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də yenidən qurulan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsinin açılışında iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və respublikanın ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Uzunluğu 42 kilometr olan yolun 20 kilometri Qəbələ rayonunun, 22 kilometri isə Oğuz rayonunun ərazisinə düşür. Sifarişçi Nəqliyyat Nazirliyi, podratçı isə "Polad Yol Yapı" şirkətidir. Tikintisinə 2012-ci ilin may ayında başlanan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz sahəsinin 75-95 kilometrlik hissəsi əsaslı sürətdə yenidən qurulmuşdur. Yolda tikinti işləri zamanı 7 dəmir-beton körpü əsaslı təmir edilmişdir. Bundan başqa, yol ərazisində 13 su keçidi və 7 avtobus dayanacağı, həmçinin bir yol qovşağı da tikilmişdir. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsi 5 yaşayış məntəqəsini - Zarağan, Kiçik Pirəli, Mirzəbəyli, Zərgərli kəndlərini və Nic qəsəbəsini əhatə edir. Qeyd olundu ki, avtomobil yolu respublikamızın şimal-qərb rayonları ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin iqtisadiyyatın və turizmin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonuna da səfər edib.
Dövlətimizin başçısı Oğuz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov Heydər Əliyev parkında aparılan quruculuq və abadlıq işləri barədə dövlətimizin başçısına məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Oğuzda inşa edilən Heydər Əliyev Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlətimizin başçısı Mərkəzin maketinə və layihəsini əks etdirən filmə baxdı. Məlumat verildi ki, Mərkəzin tikintisinə 2013-cü ilin mayında başlanmışdır. Orijinal layihə əsasında tikilən Mərkəzdə inşaat işləri sürətlə davam etdirilir. Üçmərtəbəli binanın ümumi sahəsi 7 min 500 kvadratmetrdir. Binanın zirzəmisində avtomobil dayanacağı, yeməkxana və texniki avadanlıq üçün otaqlar fəaliyyət göstərəcəkdir. Mərkəzdə Ümummilli Liderin möhtəşəm büstü ucaldılacaqdır. Yeni Mərkəzin yaradılması Oğuzda Ulu Öndərin zəngin irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayacaqdır. Fotoguşədə isə Ümummilli Liderin uşaqlıq, yeniyetməlik, tələbəlik illərini, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrlər, eləcə də 1990-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti və sonradan Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə xarici və yerli səfərlərinin ayrı-ayrı məqamları əksini tapacaqdır. Diqqətə çatdırıldı ki, binanın birinci mərtəbəsində muzey, VİP kabinet, kafe-internet, 3D kinozalı olacaqdır. İkinci mərtəbədə xalçaçılıq və Alban tarixi muzeyləri, kafe-salon, müşavirə otaqları, rəqs və dizayn studiyaları, poliqrafiya emalatxanası, sərgi salonu və digər köməkçi otaqlar fəaliyyət göstərəcəkdir. Üçüncü mərtəbədə milli rəqs studiyası, iki kitabxana, ədəbiyyat, heykəltəraşlıq, kulinariya, kompyuter, xarici dil dərnəkləri üçün otaqlar və inzibati otaqlar yerləşəcəkdir. İnşaat işləri Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi və Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyinin sifarişi ilə Azərbaycan İnşaat və İnvestisiya Qrupu tərəfindən aparılır. Tikinti işlərinin 2014-cü ilin sonunadək başa çatdırılması və Mərkəzdə 25-30 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. Dövlətimizin başçısına məlumat verildi ki, Oğuzda Ulu Öndərin adını daşıyan prospektdə inşa edilən Heydər Əliyev Mərkəzi şəhərin görünüşünü daha da zənginləşdirəcəkdir. Prezident İlham Əliyev Mərkəzdə tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.
Əvvəlcə dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, əlamətdar hadisə münasibətilə oğuzluları təbrik etdi.
Rayon ictimaiyyəti adından çıxış edən İradə Məmmədova dövlətimizin başçısına oğuzluların minnətdarlığını çatdırdı.
Sonra Prezident İlham Əliyev Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə baxdı.
Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinin direktoru Əli Məmmədov bildirdi ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən Oğuz şəhərinə içməli su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Layihənin icrası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinə tapşırılmışdır. Layihə-smeta sənədləri hazırlanmış və "Alıbəyli Şirkəti" MMC tərəfindən birinci mərhələnin işlərinin yerinə yetirilməsinə başlanılmışdır. İkinci və üçüncü mərhələ üzrə işlər podratçı təşkilat - "TTŞ İnşaat" MMC tərəfindən yerinə yetirilir. Layihə üzrə işlərə 2010-cu ilin noyabrında başlanılmışdır. Rayonun su təchizatı sistemlərinin yenidən qurulması üçün mühəndis-axtarış işlərinin işçi layihələndirmə səviyyəsində dəqiqləşdirilməsi və işçi layihələrin işlənməsi Azərbaycan-Türkiyə Konsorsiumu tərəfindən icra olunmuşdur. Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən müsbət rəy alınan layihə Oğuz rayonunun əhalisinin 2031-ci ilə qədər olan artım proqnozu nəzərə alınaraq işlənmişdir. Yeni içməli su təchizatı sistemi Oğuz şəhərini, həmçinin Bayan, Kərimli, Qumlaq, Şirvanlı, Tayıflı və Xalxalqışlaq kəndlərini əhatə edəcəkdir. Layihəyə əsasən şəhərin 9 min, kəndlərin isə 11 minə qədər əhalisinin - ümumilikdə 19 min 739 nəfərin su ilə fasiləsiz təmin olunması nəzərdə tutulmuşdur. Layihəyə əsasən su tələbatı saniyədə 47 litrdən bir qədər çox olmalı idi. Hazırda isə Sazur və Almalıq su mənbələri hesabına faktiki təchizat saniyədə 103 litrdir. Tikintisi başa çatdırılan su mənbələrinin potensialı 50 min insanın suya olan tələbatını tam ödəyəcəkdir. Bu isə 2031-ci ildə Oğuz rayonunun əhalisinin içməli su ilə tam təmin olunması deməkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiqləmişdir. Bildirildi ki, Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər üç mərhələdə aparılır. Birinci mərhələdə Sazur və Almalıq su mənbələrindən magistral boru xətti, su anbarları, xlorlama təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılmışdır. Bu mərhələdə hidrogeoloji və mühəndis-axtarış işlərinin nəticəsinə əsasən Sazur və Almalıq bulaqları ərazisində yeraltı suların yığılması və süzülməsi üçün üfüqi suyığıcı qurğu tikilmiş, 315 millimetr diametrli polietilen borulardan su anbarlarına qədər 2,3 kilometr uzunluqda magistral su xətti çəkilmişdir. Suqəbuledici qurğular meydançasında tikilən keçid məntəqəsi, suqəbuledici kamera, xlorlama və laboratoriya binaları avadanlıqla təchiz edilmişdir. Hər birinin həcmi 1000 kubmetr olan iki yeni su anbarı tikilmişdir. Bundan başqa, həcmi 200 kubmetr olan su anbarı bərpa edilmişdir. Suqəbuledici qurğular meydançasında transformator yarımstansiyası və generator quraşdırılmışdır. İkinci mərhələdə şəhərin üç zonasında su anbarları sahəsi yaradılmışdır. Hər birinin həcmi 250 kubmetr olan altı su anbarı, həmçinin şəhərin su və kanalizasiya şəbəkələri, yerli "Sukanal" İdarəsi üçün inzibati bina və istehsalat bazası inşa olunmuşdur. Bu mərhələdə içməli su şəbəkəsində müxtəlif diametrli 112,9 kilometr uzunluqda, o cümlədən anbarlararası xətlərdə 8,2 kilometr, şəhər magistral su xətlərində 57,7 kilometrlik, abonent qoşulmalarında isə 47 kilometrlik boru xətti çəkilmişdir. Şəhərdə 4014 abonentin su sayğacı ilə təmin edilməsi nəzərdə tutulmuşdur.
Şəhərin kanalizasiya xəttinin ikinci mərhələsində də işlər uğurla başa çatdırılmışdır. Üçüncü mərhələ çərçivəsində gün ərzində məhsuldarlığı 2500 kubmetr olacaq çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Kanalizasiya sisteminin potensialı Oğuz şəhərini və Bayan kəndini əhatə edir. Çirkab sutəmizləyici qurğularda müasir texnologiyalar tətbiq olunmuşdur. Çirkab sutəmizləyici qurğular kompleksinin bu ilin sonunda istismara verilməsi planlaşdırılır. Görülən işlərlə tanış olan Prezident İlham Əliyev şəhərə içməli suyun verilməsini bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Oğuz rayonuna səfəri çərçivəsində 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Heydər Əliyev Fondu da həmin istiqamətdə vacib layihələr həyata keçirir. Bu istiqamətdə müvafiq dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi davamlı xarakter daşıyır. Bakıda və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə mərkəzləri tikilir, internat və orta məktəblər əsaslı şəkildə yenidən qurulur. Respublikamızın bütün bölgələrində olduğu kimi, Oğuz şəhərində də yeni inşa olunan uşaq bağçası bu sahədə aparılan islahatların növbəti əyani nümunəsidir. Dövlətimizin başçısına məlumat verildi ki, burada genişmiqyaslı tikinti-abadlıq işləri aparılmış, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmışdır. Binanın foyesi və otaqlarında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara qayğısını əks etdirən fotolara geniş yer verilmişdir. Körpələr evi-uşaq bağçasının ərazisində əyləncə qurğuları quraşdırılıb və müxtəlif guşələr yaradılmışdır. Müasirliyi ilə seçilən yeni uşaq bağçasının binası sürətlə inkişaf edən Oğuz şəhərinə əlavə yaraşıq verir.
Azərbaycan Prezidentinə məlumat verildi ki, körpələr evi-uşaq bağçanın binasının inşasına 2012-ci ildə başlanılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 1510 kvadratmetrdir. Körpələr evi-uşaq bağçasında 26 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulmuşdur. Burada uşaqların mənalı istirahəti, onların dünyagörüşünün və hazırlıq səviyyələrinin artırılması üçün hər cür şərait yaradılmışdır. Uşaqların istirahət otaqlarında müxtəlif nağıl və cizgi filmlərinin əsas səhnələrinin böyük fotoları yer almışdır.
Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Şəkiyə səfərə gəlmişdir.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, son dövrlərdə bu ərazidə abadlıq işləri aparılmış, yaşıllıq zolağı daha da genişləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun açılışında iştirak etmişdir. Dövlətimizin başçısı Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun bərpadan əvvəlki və sonrakı görüntülərini, eləcə də Fazıl kəndində yerləşən və eramızdan əvvəl I minilliyə aid qədim yaşayış məskənini əks etdirən stendlərə baxdı. Azərbaycan Prezidentinə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, ümumi uzunluğu 30 kilometr, hərəkət hissəsinin eni 6 metr olan avtomobil yolunun yenidən qurulmasına 2012-ci ilin dekabrında başlanmışdır. Prezident İlham Əliyevin ölkəmizin avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlar əsasında inşa olunan bu yolun mühüm əhəmiyyəti vardır. Çünki bu yol həm də bır sıra rayonlararası magistral avtomobil yollarına birləşir. Səkkiz min əhalinin yaşadığı 8 məntəqəni əhatə edən yol yük və sərnişin avtomobillərinin rahat hərəkətini təmin edəcəkdir. Dünya standartları səviyyəsində tikilən yolun üzərində eni 8 metr, uzunluğu 10 metr olan körpü də inşa edilmişdir. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirdi.