"Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədrliyi dövründə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi diqqət veriləcəkdir". SİA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının bu gün Qəbələdə keçirilən iclasında çıxışı zamanı deyib.
"Bu baxımdan, Təşkilatımız üçün iqtisadi gündəliyin hazırlanması çox mühümdür. Bu gündəlik, konkret məqsəd və müddətlərin müəyyənləşdirilməsi ilə prioritet əməkdaşlıq sahələrini əhatə etməlidir. Müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətini azaltmadan əsas diqqəti iqtisadi əlaqələrin gücləndirilməsinə, xüsusilə üzv-dövlətlər arasındakı qarşılıqlı ticarətin və investisiya axınlarının artırılması, ortaq müəssisələrin yaradılması və birgə layihələrin həyata keçirilməsinə dəstək verilməsinə yönəldilməlidir. İqtisadiyyat, nəqliyyat və gömrük orqanları rəhbərlərinin görüşlərinin təşkili, o cümlədən bu sahələrdə işçi qrupların görüşləri böyük əhəmiyyət daşıyır. Əminliyimi ifadə etmək istərdim ki, bu görüşlərdə alınan qərar və əldə edilmiş nəticələr təşkilatımız daxilində əməkdaşlığın inkişafına önəmli töhfə olacaq",- deyə nazir fikirlərinə əlavə edib.
Nazir vurğulayıb ki, qərarların müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirilməsi və imzalanmış sənədlərin ratifikasiyası Təşkilat çərçivəsindəki əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində başlıca məqsəd kimi qalmaqdadır: "Nəzərinizə çatdırmaq istərdim ki, regional əlaqələndirmənin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlığın təbliği məqsədi ilə göstərdiyimiz səylərin bir hissəsi kimi, BMT Baş Assambleyasının hazırki sessiyası çərçivəsində qəbul olunması üçün tərəfimizdən "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamə layihəsi irəli sürülüb".
XİN başçısı bildirib ki, qərarların müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirilməsi və imzalanmış sənədlərin ratifikasiyası təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində başlıca məqsəd kimi qalmaqdadır: "Regional əlaqələndirmənin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlığın təbliği məqsədi ilə göstərdiyimiz səylərin bir hissəsi kimi, BMT Baş Assambleyasının hazırkı sessiyası çərçivəsində qəbul olunması üçün tərəfimizdən "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamə layihəsi irəli sürülüb. Bu sənəd layihəsi Trans-Avrasiya İnformasiya Super Magistralı haqda 67/194 saylı qətnamənin davamıdır və davamlı inkişaf üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) istifadəsi sahəsində regional və beynəlxalq əməkdaşlığı asanlaşdırmaq üçün bir platforma kimi Avrasiya Bağlantı İttifaqının təsis olunmasını təklifini nəzərdə tutur. Biz türkdilli ölkələrin TASİM layihəsinə göstərdikləri dəstəyi yüksək qiymətləndirir və Avrasiya Bağlantı İttifaqının təsis olunması istiqamətində birgə əməkdaşlığımızın davamlı şəkildə həyata keçiriləcəyinə əminliyimizi bildiririk".
XİN başçısı qurumun Katibliyindən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının inkişaf strategiyasının hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutan yeni və əsaslı təkliflər gözlədiklərini deyib: "Türk Şurasının ixtisaslaşmış qurumları olan TürkPA, Türksoy, Türk Akademiyasının fəaliyyətini qeyd edir və Türk Mədəni İrs Fondunun da tezliklə fəaliyyətə başlayacağına inanıram".
yap.org.az