Yeni Azərbaycan Partiyasının (YAP) 26 rayon təşkilatı Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin 2013-cü il oktyabr ayının 9-da baş tutacaq prezident seçkilərində iştirak etməsi üçün 47 seçki dairəsi üzrə toplanmış imza vərəqələrini Seçki Qərargahına təqdim ediblər. SİA-nın məlumatına görə, günün I yarısı üçün gətirilən imza vərəqələri Qərargahın tərkibində yaradılan komissiyanın 6 iştirakçısı tərəfindən yoxlanılıb.
Ekspert qismində çıxış edən edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu vurğulayıb ki, YAP tərəfindən həyata keçirilən imzatoplama kampaniyası uğurla davam edir: "Artıq iki gündür ki, Yeni Azərbaycan Partiyası Seçki Qərargahında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq imza vərəqələri Seçki Qərargahına təqdim olunur. Seçki Qərargahında imza vərəqələri ilkin yoxlamadan keçirilərək Mərkəzi Seçki Komissiyasına göndərilmək üçün hazırlanır. İmza vərəqələrində nöqsanlar və iradlar aşkar edilirsə, həmin sənədlər geri qaytarılır. İmza vərəqələrinin yoxlanılması prosesi diqqət və uğurla davam etdirilir və qısa müddətdə başa çatdırılacaq".
Qeyd edək ki, komissiyanın tərkibində 6 nəfərdən ibarət ekspert heyəti fəaliyyət göstərir. Həmin eskpertlərin içərisində Milli Məclisin üzvləri, Yeni Azərbaycan Partiyasının aparıcı mətbuat orqanlarının rəhbərləri, eləcə də hüquqşünaslar yer alır.
Məlumat üçün bildirək ki, imza toplayanlar Seçki Məcəlləsinin və Qanunvericiliyin tələblərinə uyğun olaraq, hər bir sakinlə fərdi qaydada görüşüb, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edib, vətəndaş isə imzasını atıb, günün tarixini qeyd edib.
Xatırladaq ki, cari ilin oktyabr ayının 9-da baş tutacaq prezident seçkilərində İlham Heydər oğlu Əliyev Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd kimi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunub.
sia.az