Xəbər verdiyimiz kimi, avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonuna səfərə gəlib. Dövlətimizin başçısı Oğuz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov Heydər Əliyev parkında aparılan quruculuq və abadlıq işləri barədə dövlətimizin başçısına məlumat verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Oğuzda inşa edilən Heydər Əliyev Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub. Dövlətimizin başçısı Mərkəzin maketinə və layihəsini əks etdirən filmə baxdı. Məlumat verildi ki, Mərkəzin tikintisinə 2013-cü ilin mayında başlanmışdır. Orijinal layihə əsasında tikilən Mərkəzdə inşaat işləri sürətlə davam etdirilir. Üçmərtəbəli binanın ümumi sahəsi 7 min 500 kvadratmetrdir. Binanın zirzəmisində avtomobil dayanacağı, yeməkxana və texniki avadanlıq üçün otaqlar fəaliyyət göstərəcəkdir. Mərkəzdə Ümummilli Liderin möhtəşəm büstü ucaldılacaqdır. Yeni Mərkəzin yaradılması Oğuzda Ulu Öndərin zəngin irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayacaqdır.
Dövlətimizin başçısı mərkəzin tikintisini əks etdirən sxemlər və fotolarla tanış oldu. Tikinti işlərinin 2014-cü ilin sonunadək başa çatdırılması və Mərkəzdə 25-30 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. Dövlətimizin başçısına məlumat verildi ki, Oğuzda Ulu Öndərin adını daşıyan prospektdə inşa edilən Heydər Əliyev Mərkəzi şəhərin görünüşünü daha da zənginləşdirəcəkdir.
Prezident İlham Əliyev Mərkəzdə tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində də iştirak edib.
Əvvəlcə dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev qeyd edib ki, bu layihə Oğuz əhalisinin rahat yaşaması üçün növbəti töhfə olacaq:
"İçməli su-kanalizasiya layihələri ölkəmizdə müxtəlif yerlərdə icra edilir və son aylar ərzində bu iş daha da geniş vüsət almışdır. Biz keçən həftə Kürdəmirdə, bu gün isə İsmayıllıda içməli su layihələrinin açılışını qeyd etmişik, indi isə Oğuzda. Bundan sonrakı aylarda hələ ki, içməli su ilə tam şəkildə təmin olunmayan bütün başqa bölgələrdə də bu layihələr icra ediləcəkdir. Biz vətəndaşları içməli su ilə təmin edəcəyik. İnsanların sağlamlığı, rahat yaşaması üçün çox vacib layihələrdir. Bilirəm ki, Oğuz rayonunda içməli su-kanalizasiya problemi uzun illərdir insanları narahat edirdi. Biz bu məsələni birdəfəlik həll etmişik və bundan sonra Oğuzda içməli su problemi olmayacaqdır. Eyni zamanda, kəndlərdə də su xətləri çəkilir. Mənə verilən məlumata görə, bir neçə kənddə artıq içməli su problemi həll edilmişdir. Gələcəkdə Azərbaycanda bu problem tamamilə aradan qaldırılmalıdır. Bu, böyük layihələrdir, böyük vəsait, texniki peşəkarlıq tələb edən layihələrdir. Ancaq Azərbaycan dövləti güclü dövlətdir. Bu layihələrin icra edilməsi onu göstərir ki, biz istənilən məsələni həll edə bilərik və regionların sosial-iqtisadi inkişafı artıq reallıqdır. Hər bir yerdə, hər bir bölgədə, hər bir şəhərdə infrastruktur layihələri icra edilir, insanların rahat yaşaması üçün işlər görülür, iş yerləri açılır.
Mən Oğuzda dəfələrlə olmuşam, bundan əvvəlki səfərlərimdə müxtəlif açılışlarda iştirak etmişəm. Yadımdadır, xəstəxananın, Olimpiya Kompleksinin açılışını bərabər qeyd etmişdik. Keçən dəfə burada olarkən böyük parkın açılışını qeyd etdik. Bu gün su layihəsi artıq istifadəyə verilir, Heydər Əliyev Mərkəzi tikilir, yaxın zamanlarda yəqin ki, bir daha görüşəcəyik. Yəni, biz Oğuz rayonunun timsalında Azərbaycanın dinamik inkişafını görürük - sosial obyektlər tikilir, eyni zamanda, iş yerləri açılır. Səfərlərimin birində qlükoza zavodunun açılışında da iştirak etmişdim və zavodun gələcək fəaliyyəti ilə bağlı göstərişlər də verilmişdir. Yəni, Oğuzda sənaye, iş yerləri layihələri icra edilir, sosial obyektlər, - indi uşaq bağçası açılacaqdır, - su layihələri, qazlaşdırma artıq şəhərdə həll olunubdur, təbii qaz var, kəndlərdə də bu xətlər çəkilir. Bax, budur bizim yanaşmamız. Hər bir bölgədə bu layihələr icra edilir, icra ediləcəkdir. Elə etməliyik ki, insanları narahat edən bir dənə də olsun məsələ qalmasın. O cümlədən kənd yollarının, körpülərin tikintisi. Burada kənd yollarının tikintisinə vəsait ayrılmışdır, körpü tikilmişdir. İndi buraya gələrkən Qəbələ-Oğuz yolunun rəsmi açılışını qeyd etmişik, artıq bu yol neçə vaxtdır ki, istifadədədir, çox rahat, gözəl yoldur.
Ondan sonra Şəki-Qax yolu açılışa hazırdır. Bu yol da məsafəni təxminən 2 dəfə qısaldır və yol şimal-qərb sərhədimizə qədər uzanır. İnsanlar Bakıdan ta Balakənə qədər rahat yoldan istifadə edirlər, lazım olan yerlərdə yol genişlənib. Yəni, onu demək istəyirəm ki, bütün infrastruktur layihələri icra edilir - su, kanalizasiya, elektrik enerjisi, qazlaşdırma, kənd yolları, məktəblər, xəstəxanalar, Olimpiya Kompleksi, mədəniyyət obyektləri. Bundan artıq nə ola bilər?! İş yerləri açılır. Ona görə dinamik inkişaf budur. Azərbaycanın reallıqları bundan ibarətdir. Biz bütün dövrlərdə, müstəqilliyin son 20 ili ərzində inamla irəliyə gedirik, öz gücümüzü artırırıq, iqtisadiyyatımızı gücləndiririk. Bizim çox ciddi sosial siyasətimiz vardır. Bax, bu layihə sosial siyasətin əlamətidir.
Bir daha sizi bu gözəl hadisə münasibətilə, deyə bilərəm ki, tarixi hadisə münasibətilə təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram."
Sonra Prezident İlham Əliyev Oğuz şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sistemlərinin yaradılması layihəsinə, sxemlərə baxdı. Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinin direktoru Əli Məmmədov bildirdi ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən Oğuz şəhərinə içməli su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Layihənin icrası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinə tapşırılmışdır. Yeni içməli su təchizatı sistemi Oğuz şəhərini, həmçinin Bayan, Kərimli, Qumlaq, Şirvanlı, Tayıflı və Xalxalqışlaq kəndlərini əhatə edəcəkdir. Layihəyə əsasən şəhərin 9 min, kəndlərin isə 11 minə qədər əhalisinin su ilə fasiləsiz təmin olunması nəzərdə tutulmuşdur. Layihəyə əsasən su tələbatı saniyədə 47 litrdən bir qədər çox olmalı idi. Hazırda isə Sazur və Almalıq su mənbələri hesabına faktiki təchizat saniyədə 103 litrdir. Tikintisi başa çatdırılan su mənbələrinin potensialı 50 min insanın suya olan tələbatını tam ödəyəcəkdir. Bu isə 2031-ci ildə Oğuz rayonunun əhalisinin içməli su ilə tam təmin olunması deməkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiqləmişdir. Bildirildi ki, Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər üç mərhələdə aparılır. Birinci mərhələdə Sazur və Almalıq su mənbələrindən magistral boru xətti, su anbarları, xlorlama təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılmışdır. Suqəbuledici qurğular meydançasında tikilən keçid məntəqəsi, suqəbuledici kamera, xlorlama və laboratoriya binaları avadanlıqla təchiz edilmişdir. Hər birinin həcmi 1000 kubmetr olan iki yeni su anbarı tikilmişdir. Bundan başqa, həcmi 200 kubmetr olan su anbarı bərpa edilmişdir.
İkinci mərhələdə şəhərin üç zonasında su anbarları sahəsi yaradılmışdır. Hər birinin həcmi 250 kubmetr olan altı su anbarı, həmçinin şəhərin su və kanalizasiya şəbəkələri inşa olunmuşdur. Şəhərdə bütün abonentlərin su sayğacı ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Üçüncü mərhələ çərçivəsində gün ərzində məhsuldarlığı 2500 kubmetr olacaq çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Kanalizasiya sisteminin potensialı Oğuz şəhərini və Bayan kəndini əhatə edir. Çirkab sutəmizləyici qurğular kompleksinin bu ilin sonunda istismara verilməsi planlaşdırılır. Dövlətimizin başçısı mərasim iştirakçıları ilə söhbət etdi. Görülən işlərlə tanış olan Prezident İlham Əliyev şəhərə içməli suyun verilməsini bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi. Prezident İlham Əliyev avqustun 14-də Oğuz rayonuna səfəri çərçivəsində dövlət vəsaiti hesabına tikilən 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi. Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Heydər Əliyev Fondu da həmin istiqamətdə vacib layihələr həyata keçirir. Bu istiqamətdə müvafiq dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi davamlı xarakter daşıyır. Bakıda və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə mərkəzləri tikilir, internat və orta məktəblər əsaslı şəkildə yenidən qurulur. Respublikamızın bütün bölgələrində olduğu kimi, Oğuz şəhərində də yeni inşa olunan uşaq bağçası bu sahədə aparılan islahatların növbəti əyani nümunəsidir.
Dövlətimizin başçısına məlumat verildi ki, burada genişmiqyaslı tikinti-abadlıq işləri aparılmış, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmışdır. Binanın foyesi və otaqlarında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara qayğısını əks etdirən fotolara geniş yer verilmişdir. Körpələr evi-uşaq bağçasının ərazisində əyləncə qurğuları quraşdırılıb və müxtəlif guşələr yaradılmışdır. Müasirliyi ilə seçilən yeni uşaq bağçasının binası sürətlə inkişaf edən Oğuz şəhərinə əlavə yaraşıq verir.
Azərbaycan Prezidentinə məlumat verildi ki, körpələr evi-uşaq bağçanın binasının inşasına 2012-ci ildə başlanılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 1510 kvadratmetrdir. Körpələr evi-uşaq bağçasında 26 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulmuşdur. Burada uşaqların mənalı istirahəti, onların dünyagörüşünün və hazırlıq səviyyələrinin artırılması üçün hər cür şərait yaradılmışdır. Uşaqların istirahət otaqlarında müxtəlif nağıl və cizgi filmlərinin əsas səhnələrinin böyük fotoları yer almışdır. Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirdi, müvafiq tapşırıqlarını verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün Oğuza səfərini başa çatdıraraq Şəkiyə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, son dövrlərdə bu ərazidə abadlıq işləri aparılmış, yaşıllıq zolağı daha da genişləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun açılışında iştirak etmişdir. Dövlətimizin başçısı bu avtomobil yolunun bərpadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidentinə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, 8 min nəfər əhalinin yaşadığı 8 məntəqəni - Aşağı Küngüt, Çapağan, Çolaxlı, Fazıl, İbrahimkənd, Cəfərabad, Əliyar və Aydınbulaq kəndlərini birləşdirən bu yolun yenidən qurulmasına böyük ehtiyac var idi. Ümumi uzunluğu 30 kilometr, hərəkət hissəsinin eni 6 metr olan avtomobil yolunun yenidən qurulmasına 2012-ci ilin dekabrında başlanmışdır. Prezident İlham Əliyevin ölkəmizin avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlar əsasında inşa olunan bu yolun mühüm əhəmiyyəti vardır. Çünki bu yol həm də bır sıra rayonlararası magistral avtomobil yollarına birləşir. Diqqətə çatdırıldı ki, layihənin ümumi smeta dəyəri 8 milyon 200 min manatdır. Yol boyunca körpü, bir sıra keçid, su keçidləri və 8 avtomobil dayanacağı tikilmişdir. Yüksək standartlara uyğun inşa olunmuş bu yolun yenidən qurulması yük və sərnişin avtomobillərinin hərəkətindəki bütün maneələri aradan qaldırmış, kənd sakinlərinin rahat gediş-gəlişini təmin etmişdir. Dövlətimizin başçısı yeni yolda avtomobili idarə etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub.
Son illərdə milli mədəniyyətimizin inkişafı dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında indi ölkəmizin bütün tarixi abidələri, sənət ocaqları əsaslı şəkildə yenidən qurulur. Buna uyğun olaraq Şəki Dövlət Dram Teatrının binası da əsaslı təmir edilir. Əvvəlcə dövlətimizin başçısı teatrın həyətində Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev bildirib ki, Şəki teatrının çox böyük ənənələri vardır: "Azərbaycanda tanınır və eyni zamanda, xatırlayıram ki, 1980-ci illərdə Moskvada oxuyarkən mən Şəki teatrının tamaşasında da olmuşdum. O da özlüyündə bir göstərici idi. Çünki mərkəzi şəhər olmayan şəhərin teatrının Sovet İttifaqının paytaxtında - Moskvada tamaşaları təqdim edilməsi əlbəttə ki, teatrın potensialından xəbər verirdi. Yəni, ənənələr var, siz bu ənənələri qoruyursunuz. Əlbəttə, teatrın binasının təmiri hesab edirəm ki, çox vacib məsələdir. Şəki teatrı üçün gözəl bina olmalıdır. Bu bina da indi, bundan sonra əlli il, bəlkə ondan da çox xidmət göstərəcəkdir. Bu teatrın təmiri, bərpası hesab edirəm ki, son illər Azərbaycanda bu sahədə görülən işlərin əlamətidir. Bildiyiniz kimi, Bakı şəhərində bütün teatrlar, bütün muzeylər əsaslı təmir edilibdir. Yeni muzeylər, teatrlar tikilib açılır, o cümlədən bölgələrdə. Yəni, Azərbaycanın mədəni həyatı bütün dövrlərdə çox zəngin idi və xalqımız üçün çox vacib idi. Bu gün də belədir, humanitar sahəyə, mədəniyyət sahəsinə çox böyük diqqət göstərilir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə görülən işlər beynəlxalq birlik tərəfindən də qiymətləndirilir. Azərbaycanda - Bakıda, başqa yerlərdə musiqi festivallarının, beynəlxalq muğam müsabiqəsinin, beynəlxalq mədəniyyətlərarası dialoq forumlarının keçirilməsi humanitar sahənin nə qədər vacib olduğunu göstərir. Əlbəttə, teatr sənətinin Azərbaycanda çox böyük tarixi vardır. Müsəlman aləmində ilk teatr, ilk opera məhz Azərbaycanda yaranmışdır. Bu, bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq və gələcək nəsillər üçün saxlamalıyıq. Çünki hər bir ölkənin inkişafı təkcə iqtisadi göstəricilərlə ölçülmür. Azərbaycanın mədəni həyatı kifayət qədər zəngindir."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Şəkiyə səfəri çərçivəsində "Şəki Xanlarının evi"nin açılışında da iştirak edib. Son illərdə ölkədə mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva regionlara səfərləri zamanı mədəniyyət obyektləri ilə də yaxından tanış olurlar. Dövlətimizin başçısı lazım gəldikdə onların yenidən qurulması ilə bağlı tapşırıqlarını verir. Xatırladaq ki, 2006-cı il aprel ayının 13-də Prezident İlham Əliyevin Şəkiyə səfəri zamanı uzun illər ərzində əsaslı təmir edilməyən və yararsız vəziyyətə düşmüş "Şəki Xanlarının evi"nin təmir edilməsi barədə dövlətimizin başçısının tapşırığına əsasən XVIII əsrə aid bu tikili yenidən qurulmuşdur. Dövlətimizin başçısı binanın, Heydər Əliyev və M.F.Axundzadə prospektlərinin bərpadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.
Bina ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, "Şəki Xanlarının evi"nin bərpası işlərinə 2012-ci ilin noyabrında başlanılmışdır. Altı otaqdan, dörd dəhlizdən və iki eyvandan ibarət bina çiy kərpicdən tikilmiş, pəncərələri şəbəkə üsulu ilə düzəldilmişdir. Ərazisi 700 kvadratmetr olan binanın yenidən qurulması Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında aparılmışdır. Otaqlardan biri xüsusi rəsmlərlə bəzədilib və qonaq otağı kimi nəzərdə tutulmuşdur.
Diqqətə çatdırıldı ki, XVIII əsrə aid tarixi abidə olan "Şəki Xanlarının evi" ilk dəfədir təmir edilir. Bərpa işləri həyata keçirilərkən binanın tarixi görkəmi saxlanılmışdır. İkimərtəbəli binanın əsas otağında milli ornamentlərə uyğun olaraq Azərbaycan tarixini əks etdirən şəkillər və tarixən bu ərazilərdə yaşayan xalqların nümayəndələrinin portretləri əks olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən "Şəki Xanlarının evi" abidə-muzey kimi fəaliyyət göstərəcəkdir. Sonra abidənin hər bir otağı öz təyinatına uyğun olaraq eksponatlarla təmin ediləcəkdir. Ümumilikdə, Şəkidə 84 dünya və yerli əhəmiyyətli memarlıq abidəsi vardır. "Şəki Xanlarının evi" isə Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibində fəaliyyət göstərir. Həmin qoruqda "Şəki Xanlarının evi" ilə yanaşı, qeydiyyatdan keçən 25 abidə vardır. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi. Sonda xatirə şəkli çəkdirildi.