Yeni Azərbaycan Partiyası bir daha güclü siyasi qüvvə olduğunu sübuta yetirdi
Ölkəmizin, eləcə də regionun ən güclü və qüdrətli siyasi təşkilatı kimi qiymətləndirilən Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkiləri kampaniyası çərçivəsində növbəti uğurlu fəaliyyəti ilə yadda qalıb. Xatırladaq ki, partiya Sədri, dövlət başçısı Cənab İlham Əliyevin prezidentliyə namizədliyi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiq edilib. Beləliklə, avqustun 13-dən başlayaraq namizədin qeydə alınması üçün seçki qanunvericiliyinə əsasən tələb olunan imza toplanılması prosesinə başlanıldı. Azərbaycanın bütün bölgə və şəhərlərində YAP fəalları imzatoplama kampaniyasını böyük ruh yüksəkliyi və müvəffəqiyyətlə başa çatdırıblar.
Təmraz Tağıyev: "Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu yolu əzmkarlıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ləyaqətlə xalqa xidmət göstərir"
Bununla bağlı qəzetimizə açıqlama verən YAP Nərimanov təşkilatının sədri Təmraz Nağıyev qeyd etdi ki, proses uğurla başa çatdırılıb. Belə ki, rayon sakinlərinin böyük əksəriyyəti öz təşəbbüsləri ilə imzalarını Cənab İlham Əliyevin xeyrinə veriblər. Artıq tələb olunan 850 imza toplanaraq, partiyanın Mərkəzi Aparatına təqdim olunmuşdur: "Ümumiyyətlə, YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla yanaşı, həm də öz xalqına ən yaxın olan siyasi təşkilatdır. Bu amil imzatoplama kampaniyasında bir daha öz təsdiqini tapdı. Məhz bu amilin reallaşması fonunda vurğulamaq istərdim ki, YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu siyasi güc mərkəzidir. Məhz güclü siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır. Bu mənada Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası hesab olunması təsadüfi deyil."
T.Tağıyev eyni zamanda qeyd etdi ki, Nərimanov rayon sakinlərinin imzatoplama kampaniyasındakı fəallığı seçkilər günündə də olacaq. Çünki Azərbaycan xalqı daha firavan və daha qüdrətli ölkədə yaşamaq üçün öz uğurlu seçimlərini edəcəklər: "Əslində, xalqımız bu seçimi 21 il öncə edib. Belə ki, 21 illik fəaliyyəti dövründə partiyamız Heydər Əliyev yolu ilə irəliləyərək, çox böyük və şərəfli yol keçib. Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu yolu əzmkarlıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ləyaqətlə xalqa xidmət göstərir."
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva: "Qələbələri şərtləndirən əsas amillərdən biri də YAP-ın seçki kampaniyalarına yüksək səviyyədə hazırlıqlı olmasıdır"
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva qəzetimizə açıqlamasında qeyd edib ki, partiya yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olmuşdur. Məhz bu baxımdan da YAP-ın imzatoplama lampaniyası ölkəmizin bütün rayon və şəhərlərində böyük müvəffəqiyyətlə başa çatdırılmışdır: "Bizim rayonumuzda da sakinlər imzatoplama kampaniyasına böyük coşqu hissi ilə qoşuldular. Artıq YAP Sabunçu rayon təşkilatı 1000 imzanı toplayaraq, partiyanın Mərkəzi Qərargahına təqdim edib."
YAP Sabunçu rayon təşkilatının sədri vurğuladı ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib: "Partiyanın V qurultayında da qəbul olunmuş qərarlar xalqımızın rəyini, arzu və istəklərini özündə ifadə edir. Bu mənada qarşıdan gələn prezident seçkilərinə hazırlıq işləri də YAP üçün böyük önəm kəsb edir. Xatırlatmaq yerinə düşərdi ki, yarandığı vaxtdan partiyamız bütün seçkilərdə qələbə qazanıb. Bu qələbələri şərtləndirən əsas amillərdən biri də YAP-ın seçki kampaniyalarına yüksək səviyyədə hazırlıqlı olmasıdır."
Rəfiqə KAMALQIZI