İlham Əliyev: "Dünyada türk aləmi güclənir, türk aləmi böyük coğrafiyanı əhatə edir"
Avqustun 16-da Qəbələdə, Heydər Əliyev Konqres Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III Zirvə toplantısında iştirak etmək üçün Qəbələdə səfərdə olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Türkiyə Prezidenti Abdullah Gülü, Qırğızıstan Prezidenti Almazbek Atambayevi və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyevi qarşıladı. Dövlət başçıları rəsmi foto çəkdirdilər. Ötən il sammitin keçirildiyi Qırğızıstanın Prezidenti Almazbek Atambayev Qəbələ zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. O, qarşıdakı fəaliyyət dövründə də təşkilatın bir çox uğurlara nail olacağına əminliyini ifadə etdi və növbəti il üçün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçdiyini dedi.
Sonra dövlətimizin başçısı İlham Əliyev çıxış etdi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qeyd etdi ki, Qırğızıstanın uğurlu rəhbərliyi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının fəaliyyətinə güclü təkan verib: "Əminəm ki, bundan sonrakı illərdə də əməkdaşlığımız dərinləşəcək, genişlənəcək və yeni pilləyə qalxacaqdır. Mən bütün qonaqları Azərbaycanın qədim şəhəri olan Qəbələdə səmimiyyətlə salamlayıram.
Xatırlayıram ki, ötən dəfə zirvə görüşü digər qədim Azərbaycan şəhərində - Naxçıvanda keçirilmişdir. Bu zirvə görüşlərinin müxtəlif şəhərlərdə keçirilməsi bir növ tanışlıq xarakteri daşıyır, eyni zamanda, xalqlarımız, ölkələrimiz arasındakı birliyi daha da möhkəmləndirir. Dünyada türk aləmi güclənir, türk aləmi böyük coğrafiyanı əhatə edir. Əlbəttə ki, bizim xalqlarımız bir-birini daha da yaxından tanımalı və əməkdaşlıq daha da sürətlə aparılmalıdır.
Böyük qürur hissi ilə deyə bilərəm ki, ötən dəfə zirvə görüşü Azərbaycanda - Naxçıvanda keçiriləndə türkdilli dövlətlərin əməkdaşlığı üçün yeni format yaradılmışdır. Bu formatın artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində təşkili əməkdaşlığımızın yeni mərhələsidir. Artıq üçüncü zirvə görüşü keçirilir. Əminəm ki, bu zirvə görüşləri bundan sonra da mütəmadi qaydada keçiriləcəkdir. Bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, müştərək dəyərlər birləşdirir. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşdur, əməkdaşlıq etmişik, bir yerdə yaşamışıq, bir-birimizə dayaq, arxa olmuşuq. Bu gün isə müstəqil dövlətlər kimi biz bütün məsələlərdə bir yerdəyik, bir yerdə olmalıyıq. Hesab edirəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının başlıca vəzifəsi xalqlar və ölkələr arasındakı birliyi daha da möhkəmləndirməkdir.
Biz ikitərəfli formatda çox uğurlu fəaliyyət göstəririk. İqtisadi sahədə gözəl əməkdaşlıq aparılır, beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda ölkələrimiz daim bir-birinə dəstək, arxa olur və bu da təbiidir. Çünki qardaş xalqlar bir-birinin yanında olmalıdırlar. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda biz bir çox hallarda vahid mövqedən çıxış edirik. Əlbəttə ki, bu, bizim gücümüzü daha da artırır, bizi gücləndirir.
Bu gün biz öz işimizi bir neçə əsas istiqamət üzrə aparacağıq. Bir neçə vacib məsələ müzakirə ediləcəkdir. Əlbəttə ki, ölkələrimizin uğurlu inkişafı üçün əsas məsələ regional təhlükəsizlik məsələləridir. Ölkələrimiz regional təhlükəsizlik məsələlərinə öz töhfəsini verirlər. Bu, çox vacib məsələdir. Çünki bizim xalqlarımız sülh, əmin-amanlıq, sabitlik şəraitində yaşayırlar. Biz elə etməliyik ki, yaşadığımız bölgədə sülh, əmin-amanlıq daim təmin edilsin."
Prezident İlham Əliyev qeyd edib ki, əfsuslar olsun ki, Azərbaycan uzun illərdir erməni işğalından əziyyət çəkir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz pozulub: "Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bütün beynəlxalq hüquq normaları kobudcasına pozulmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə, ədalətli beynəlxalq hüquq normaları əsasında həll edilməsi həm bu ədalətsizliyə son qoyacaq, eyni zamanda, regional təhlükəsizliyə də töhfə olacaqdır. Bu münaqişə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu gün qəbul olunacaq birgə bəyannamədə məhz bu prinsiplər öz əksini tapıbdır və buna görə öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm. Dünən biz mədəniyyətimizin bir hissəsini əks etdirən gözəl konsertdə də bərabər idik. Bu, əslində türk mədəniyyətinin birliyi, dostluğu konserti idi. Bizim mədəniyyətimiz bir-birinə çox bağlıdır. Bizim köklərimiz də, bayramlarımız da eynidir, dillərimiz də bir-birinə oxşayır. Yəni, humanitar sahə əməkdaşlığımız üçün əsasdır. Yəni, əgər bu olmasaydı yəqin ki, əməkdaşlıq bu dərəcədə inkişaf etməzdi. Ona görə əlbəttə ki, humanitar sahədə aparılan işlərə çox böyük diqqət göstərilməlidir. Mən TÜRKSOY-un fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. TÜRKSOY nəinki türkdilli dövlətlərdə, bütün türk diyarlarında fəal iş aparır və beləliklə, türk dünyasının birləşməsinə xidmət göstərir. Mən çox şadam ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs də artıq reallaşır. Türk Mədəniyyətinə dəstək və Türk İrsinin Qorunması Fondunun tezliklə yaradılması çox önəmli hadisə olacaqdır.
Eyni zamanda, ölkələrimizin iqtisadi sahədə potensialı ildən-ilə artır və bizim ölkələr bir-biri ilə sıx əməkdaşlıq edir. Müxtəlif iqtisadi layihələr icra edilir. Deyə bilərəm ki, iqtisadi və infrastruktur layihələrinin uğurlu inkişafı üçün Azərbaycan öz tərəfindən səylərini göstərməkdədir və bölgədə nəhəng infrastruktur layihələrinin yaradılması məhz Azərbaycandan başlanmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi artıq beynəlxalq enerji və ondan sonra nəqliyyat dəhlizinin açılmasına xidmət göstərmişdir. Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Aralıq dənizi ilə birləşdi və bu tarixi hadisə özlüyündə böyük bir nailiyyət idi. Ancaq, eyni zamanda, digər mühüm layihələrin icrasına gətirib çıxarmışdır və bu gün nəqliyyat və energetika sektorlarındakı işləri bir-birindən ayırmaq mümkün deyildir. Qədim İpək yolunun bərpası artıq reallıqdır. Biz bu İpək yolunu zənginləşdiririk, yeni infrastruktur layihələri ilə təkmilləşdiririk.
Neft-qaz sektorundakı əməkdaşlıq ölkələrimizi birləşdirir, bizim ölkələrdə həm təbii sərvətlər var, həm inkişaf etmiş infrastruktur və gözəl ixrac yolları da mövcuddur və bu səylərin birləşməsi, əlbəttə ki, türk dünyasının güclənməsinə gətirib çıxaracaqdır. Azərbaycan artıq bizim qardaşlarımız üçün, Xəzərin şərq sahilində yerləşən ölkələr üçün tranzit ölkə kimi öz rolunu oynayır. Bu da mühüm məsələdir. Yəni, bu layihələr xalqlarımızı, iqtisadiyyatlarımızı birləşdirir.
Neft-qaz sektorundakı əməkdaşlıq çoxşaxəli əməkdaşlıqdır. Burada bütün ölkələr uğurla fəaliyyət göstərir, uğurla əməkdaşlıq edir. Əlbəttə ki, bu gün gündəlikdə olan məsələlərdən biri də nəqliyyat infrastrukturunun təkmilləşməsidir. Bu istiqamətdə müştərək səylərlə böyük işlər görülmüşdür, həm ikitərəfli formatda, həm üçtərəfli formatda. Müxtəlif nəqliyyat layihələrinin icrası əlbəttə ki, böyük vəsait tələb edir. Ancaq bizim ölkələrimizdə iqtisadi inkişaf çox sürətlidir və ölkələrimizin maliyyə durumu da yaxşıdır. Belə olan halda biz gələcəkdə də böyük nəqliyyat layihələrinə mütləq vəsait ayırmalıyıq. Onların içində Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusilə qeyd etmək istəyirəm. Bu dəmir yolu vasitəsilə qitələr birləşəcək, ölkələrimiz tranzit ölkələrə çevriləcəkdir. Bu dəmir yolu bundan sonra 100 illiklər ərzində xalqlarımıza xidmət edəcək. Bu, böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir. Əminəm ki, biz yaxın zamanlarda, gələn il bu layihənin istifadəyə verilməsini qeyd edəcəyik və beləliklə, tarixi İpək yolunu bərpa etmiş olacağıq.
Digər layihələr. Bilirəm ki, Əməkdaşlıq Şurasına üzv ölkələrdə böyük nəqliyyat layihələri icra edilir və bu layihələr hər bir ölkə üçün çox böyük əhəmiyyət kəsb edir. Bu layihələr birlikdə bölgənin yeni nəqliyyat xəritəsini təşkil edir. Bu gün bizim ölkələrimiz uğurla və inamla inkişaf edir. Bu gün dünyanın müxtəlif yerlərində, o cümlədən əfsuslar olsun ki, İslam dünyasında proseslər müxtəlif istiqamətdə gedir, qarşıdurmalar, vətəndaş müharibələri, digər xoşagəlməz hallar baş verir. Bizim diyarlarımızda, türk diyarında isə sabitlik, inkişaf hökm sürür. Bu, böyük nailiyyətdir, böyük sərvətdir. Xüsusilə nəzərə alsaq ki, dünyada hələ də maliyyə və iqtisadi böhran davam edir, bizim ölkələrimizin uğurlu inkişafı, ölkələrdə mövcud olan sabitlik və tərəqqi hesab edirəm ki, xalqlarımızın böyük nailiyyətidir, dövlətlərimizin böyük sərvətidir. Biz bu sərvəti qorumalıyıq, birgə səylərlə qorumalıyıq, inkişaf etdirməliyik. XXI əsr türk dünyasının əsri olmalıdır. Bizim ölkələrimizin potensialı, birgə fəaliyyəti, Əməkdaşlıq Şurası kimi çox önəmli əməkdaşlıq formatı vardır. Biz bütün müsbət meylləri gücləndirməliyik. Hesab edirəm ki, bugünkü zirvə görüşü bu amallara xidmət edir, zirvə görüşünün çox gözəl nəticələri olacaqdır." Daha sonra Qazaxıstan Prezidenti Nursultan Nazarbayev çıxış edərək, təşkilatın fəaliyyəti ilə bağlı fikirlərini açıqlayıb. N.Nazarbayev bildirib ki, qardaş xalqlar və qonşu ölkələr arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı möhkəmlətmək lazımdır. O bildirib ki, Türk Şurasının üzvü olan dövlətlər arasında kommunikasiyaların inkişafına diqqət yetirmək lazımdır: "Nəqliyyat və kommunikasiyalar bizim iqtisadi qüdrətimizin inkişafının əsası olmalıdır. Təsadüfi deyildir ki, bizim bu görüşümüz həmin mövzuya həsr edilmişdir. 2020-ci ilə qədər Qazaxıstan ərazisindən tranzit daşımaların həcmini iki dəfə, 2050-ci ilə qədər 10 dəfə artırmağı planlaşdırırıq. Gələcəkdə ölkə ərazisi ilə yükdaşımaların həcmini ildə 50 milyon tona çatdırmaq planlaşdırılır. Bunun üçün zəruri işlər aparılır. 2011-ci ildə Rusiya, Çin və Almaniya ilə birlikdə Qazaxıstan ərazisindən keçməklə Çindən Almaniyaya gedən "Çuntsin-Duysburq" konteyner qatarı işə salınmışdır. Bu məsafə dəniz yolu ilə müqayisədə iki dəfə qısadır. Gələcəkdə bizim regiondan keçməklə Avropanı Sakit okeanla birləşdirən yeni hava yollarının açılması, dəniz, avtomobil və dəmir yolları tikintisi, boru kəmərləri çəkilməsi planlaşdırılır.
Elm və mədəniyyət sahələrində qardaş ölkələr arasında əməkdaşlığı bundan sonra da inkişaf etdirmək lazımdır. Türk dünyasına xas olan tolerantlıq, humanizm, mənəviyyat kimi keyfiyyətləri geniş təbliğ etmək vacibdir. TÜRKSOY qurumunun, Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun işində fəal iştirak etməliyik. Türk Akademiyası bilik və təcrübə mübadiləsinin təmin edilməsində, türkoloqların birgə hazırlanması, türk irsinin öyrənilməsi üçün böyük imkanlara malikdir. Türk Şurasının Almatıda keçirilmiş birinci zirvə görüşünün qərarına uyğun olaraq "Türk dünyası" adlı illik almanax buraxılır. Yəqin ki, siz onu almısınız. Akademiya tərəfindən hazırlanmış "Türk tərbiyə antologiyası" da böyük əhəmiyyətə malikdir. Bu il Türküstan şəhərində "Türk dünyası bu gün: real vəziyyət, inkişaf perspektivləri" adlı birinci beynəlxalq simpozium keçiriləcəkdir. Ümid edirik ki, bu mühüm tədbirdə bütün türkdilli dövlətlərin alimləri fəal iştirak edəcəklər. TÜRKSOY təşkilatı türk xalqlarının mədəniyyətinin və incəsənətinin təbliğində mühüm rol oynayır. Bu il həmin təşkilatın yaradılmasının 20 illiyini qeyd edəcəyik. Buna görə də, əziz dostlar, əziz qardaşlar, biz konkret iş görməliyik, iqtisadi əməkdaşlığı genişləndirməli, xalqlarımıza, bütün dünyaya göstərməliyik ki, biz faydalı iş aparırıq. Əziz həmkarlar, hörmətli qardaşlar, bugünkü görüşdə biz bu təşkilatda sədrliyi qırğız dostlarımızdan azərbaycanlı qardaşlarımıza verdik. Bununla əlaqədar, Qırğızıstan Prezidenti Almazbek Atambayevə təşəkkürümüzü bildirir, Azərbaycan Prezidenti İlham Əliyevə Şuranın fəaliyyətinin inkişafında uğurlar arzulayırıq. Uğurlar arzulayır və bu işi dəstəkləyirik. Qoy ölkələrimizin birliyi möhkəm, müstəqilliyimiz əbədi olsun. Hamınıza səadət və əmin-amanlıq arzulayıram. Qoy türkdilli dövlətlər əlbir olsunlar."
Daha sonra Qırğızıstan Prezidenti Almazbek Atambayev çıxış edib. O qeyd edib ki, bizim tariximiz ortaqdır və inşallah, gələcəyimiz də ortaq olacaq: "Nursultan Abişeviç Nazarbayev keçən il Bişkekdə dəstəklədiyi bir ideya - dəmir yol ideyası barədə bu gün də danışdı. Əgər biz həmin ideyanı həyata keçirsək yaxşı olar. Çünki bu dəmir yolu Mərkəzi Asiyanı, Azərbaycanı və Türkiyəni birləşdirər. Əks istiqamətdə götürsək, Türkiyədən başlanan bu yol Azərbaycan, Qazaxıstan, Qırğızıstan ərazisindən keçərək Çinin Kaşqar əyalətinə qədər davam edər. Orada da çoxlu qazax və qırğız yaşayır. Biz çox böyük iş görmüş olardıq. Onda xalqlarımız arasında əməkdaşlıq daha da güclənərdi. Bu, çox yaxşı ideyadır. Əgər biz bu cür ideyaları, belə layihələri həyata keçirsək, bu bizim birliyimizin güclənməsinə şərait yaradacaqdır. Əgər biz bu yolları çəksək xalqlarımız bir-birinə daha yaxın olacaq və gələcəyimiz ortaq olacaqdır. Mənim fikrimcə, çoxlu müxtəlif layihələr başlayıb onları axıra çatdırmamaqdansa, kiçik, lakin güclü, çox mühüm layihələrə başlamaq yaxşıdır. Əgər biz hamımız səy göstərsək və bütün bu layihələri sona çatdırsaq, bu, bizim gözəl ümumi gələcəyimizin rəhni olardı. Nursultan Abişeviç ağsaqqal kimi burada çox şeydən danışdı, mən onları təkrar etmək istəmirəm. Mən onun sözlərinə tamamilə şərikəm. Ümid edirik ki, bir gün gələcək, biz özümüz və ya uşaqlarımız bir-biri ilə tərcüməçilərsiz söhbət edəcəklər. Mənim fikrimcə, bizim indi yaratdığımız türk dövlətləri birliyi gələcəkdə çox yaxşı nəticə verəcəkdir. Bu gün biz, türk xalqları, bütün dünya üçün iqtisadi inkişaf nümunəsinə çevrilməkdə olan Türkiyə, Qazaxıstan, Azərbaycan ilə fəxr edirik. Sizin dövlətləriniz çox böyük uğurlara nail olmuşdur. Biz bununla fəxr edirik və sevinirik. Arzum budur ki, sizin başçılıq etdiyiniz dövlətlər çiçəklənsin, inkişaf etsin, gələcəkdə daha yüksək nəticələrə nail olsunlar. Ümid edirik ki, indi mənim dediyim dəmir yolu layihəsi kimi yaxşı layihələr gələcəkdə sona çatdırılacaqdır."
Türkiyə Prezidenti Abdullah Gül isə, öz çıxışında bəyan edib ki, Türk Şurasının zirvə toplantıları qardaş xalqlarımızın ortaq arzusu olan birlik və bərabərliyimizin ən güclü göstəricisidir: "Eyni çətir altında qəbul etdiyimiz qərarlar və verəcəyimiz mesajlar qardaş xalqlarımızın ortaq arzu və gözləntilərinə xidmət etməkdədir. Bu mənada 1992-ci ildə başlatdığımız zirvələr prosesinin təşkilati bir quruma qovuşmasında çox önəmli xidmətləri və töhfəsi olan dəyərli qardaşım cənab Nazarbayevə də çox təşəkkür edirəm. Onun həqiqətən çox səmimi səyləri təşkilatlanmanın təmin edilməsinə çox böyük töhfə verdi.
Eyni zamanda, keçən il keçirilən zirvə toplantısına ev sahibliyi edən dəyərli qardaşım Qırğızıstan Prezidenti cənab Atambayevə də Türk Şurası çərçivəsində oynamaqda olduğu qurucu rol səbəbi ilə də çox təşəkkür edirəm. Digər tərəfdən, özbək və türkmən qardaşlarımızın ən qısa zamanda layiq olduqları yeri almalarına ümid edirəm. Bu gün Türkmənistan Baş nazirinin müavini olan qardaşımızın da aramızda olmasından xüsusi bir məmnunluq duyuram.
2009-cu ildə Naxçıvan anlaşması ilə qurduğumuz Türk Şurası qısa zamanda təşkilati kimliyini gücləndirmişdir. Siz dəyərli qardaşlarımın yüksək siyasi iradəsi əsasında planlı və qətiyyətli fəaliyyət göstərən baş katib, səfir Akıncı və katiblik əməkdaşlarını da təqdir edirəm. Şübhəsiz ki, Türk Şurasının digər vahidlərinin, - bir az əvvəl dəyərli qardaşım cənab Nazarbayevin də söylədiyi kimi, TürkPA, Türk Akademiyası, TÜRKSOY, - bütün bunların da daim güclənərək inkişaf etməsi hamımızın ən böyük arzusudur.
Əziz qardaşlarım, "türk dünyası" tarixi və dərin mənaya malik bir termindir. Ortaq əcdadlarımızın bizlərə miras qoyduqları dəyərlər və mədəniyyətin formalaşdırdığı şüur sadəcə keçmişimizi, kimliyimizi, mənliyimizi müəyyənləşdirməmiş, gələcəyə istiqamətlənmiş təxəyyüllərimizi də yaratmaqdadır. Bu gün bizi eyni millətin mənsubu edən dəyərlər sadəcə ortaq dilimiz, ortaq dinimiz, ortaq tariximiz, ortaq mədəniyyətimiz və ya ata yurdumuz deyil, parlaq bir gələcəyi hamımızın birlikdə inşa etmək arzu və iradəmizdir. Xalqlarımız arasındakı könül bərabərliyi heç bir zaman etnik, separatçı, davakar bir təmələ söykənməməkdədir. Əsasən Türk dünyası böyük mədəniyyətin mühüm bir hissəsini təşkil etməkdədir. Türk dövlətləri olaraq öz aramızda sərgiləyəcəyimiz əməkdaşlıq və həmrəylik şübhəsiz Afro-Avrasiya bölgəsinin sülh, sabitlik və rifahına da töhfə verəcəkdir."
Çıxışlardan sonra sənədlərin imzalanması mərasimi olub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının bəyannaməsini və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçıları Şurasının baş katib səfir Xəlil Akıncının səlahiyyət müddəti haqqında qərarını Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Almazbek Atambayev imzalayıblar. Prezident İlham Əliyev toplantıya yekun vurub. Bununla da Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı başa çatıb.